525.Az

83 nömrəli marşrut - İlqar Kamil yazır


 

83 nömrəli marşrut - <b style="color:red">İlqar Kamil yazır </b>

İllər əvvəldi, yolun qırağında fikirli-fikirli dayanmışam, bir də görürəm, kimsə qarşıdan siqnallayır: qardaş, bilməzsən, Nizamiyə çıxmaqçün burdan sağa girməliyəm, yoxsa sola?

Dik atıldım. Orta yaşlı, saqqallı bir kişiydi. Mən “hən-hün” eləyincə maşının arxa pəncərəsi də açıldı, gözəl bir xanım elə danışdı ki, elə bildim, mərsiyə oxuyur: “Bağışlayın siz Allah, bir saatdır buralarda girinc-avara qalmışıq e”. İçəridə iki dənə də Cerriyə oxşayan uşaq vardı, sanki ac quş balaları ağızlarını açıb məndən yem gözləyirdilər. Neynəyim mən, ilahi? Bu qədər sualı cavabsız qoymaq olar? Mənə elə gəldi ki, “bilmirəm” desəm, pərtlik olacaq. Camaat ümidini mənə dikib, mən də arsız-arsız deyim bilmirəm? Olmaz! Çöndüm bir sağa baxdım, bir sola baxdım... budur, fətvam hazırdır: “Sola gedin!” A zalımoğlu, get dedim çıx get də, ta işi niyə qəlizləşdirirsən ki?! Yox, tərpənmədi yerindən, qayıtdı ki, “canuvu yiyərəm, ay brat, əminsən də?” Əmin deyildim əlbəttə, amma artıq ox yaydan çıxmışdı, özümü o yerə qoymadım: hə, əşşi, arxayın olun, yüz faiz!

Hardasa bir 10 dəqiqə sonra mən telefonumda qurdalanıram, bir də baxdım ki, həmin qara maşın yenə qarşımdadır, fəqət bu dəfə çox çəkmədi söhbətimiz, qardaş başını pəncərədən çıxardı, bütün təəssüfünü üzünə yığıb, sanki bütün deyəcəklərini bircə kəlməyə preslədi: “Ayıb olsun!”

Söysəydi bu qədər incitməzdi, hələ o ac quş balalarının açıq pəncərədən gileyli baxışları... təpəmdən dırnağıma kimi qızardım, - olsun, - dedim, - hə, mənə min dəfə ayıb olsun!

Odur-budur, özümə söz vermişəm: əmin olmadığım şeylər haqda nə danışaram, nə yazaram. Bünyəm yeni bir “ayıb olsun”a tab gətirə bilməz. Gərçi o faciə (bəli, mən onu faciə kimi dəyərləndirirəm) hər yadıma düşəndə yenidən həyəcan basır bədənimi, yenidən utanıram. Axı, heç olmasa sürücü qayıdıb “canıvı yiyərəm” deyəndə, əmin olub-olmadığımı soruşanda “yüz faiz!” deməyə bilərdim axı... Nə yaxşıdır, “məncə” sözü, nə yaxşıdır, demək ki, məncə, filan şey belədir. Nəsə, Allah məni bağışlasın!

Əslində, bizi çaşdıran başqa bir şey də var - ünvanla tərəfi qarışdırmağımız! Məsələn, indi qarşımdan keçən bu tabuta bənzər marşrut mən yaşadığım TƏRƏFƏ gedir, amma mən yaşadığım ÜNVANA getmir - iki dayanacaq sonra sağa burulacaq. Məsələn, qarşımdan keçən bu marşrutların hamısı, hamısı mən yaşadığım tərəfə gedir, amma onlardan yalnız biri - 83 dəqiq mən yaşadığım ünvana gedir. Bizi çaşdıran budur və biz, bəlkə də indi haqqa tərəf gedən hansısa yanlış marşrutda, yanlış ünvana doğru irəliləməkdəyik...

Yaxşı, bəs çarə nədir? Çarə - dərhal marşrutdan enmək və axtarıb doğru marşrutu tapmaqdır. Bəs tapa biləcəyikmi? Bilmirəm. Bəzən mənə elə gəlir ki, biz bu dünyaya ünvanı tapmaqçün deyil, axtarmaqçün gəlmişik...

Bəzən də qayğılanıram: görəsən, o quş balaları necə, əvvəl-axır, doğru ünvanı tapa bildilərmi?...

İlqar KAMİL

 





09.02.2019    çap et  çap et