525.Az

“Anamın kitabı”... kitabsızlıq dərdi... - Pərvin yazır


 

DAHİ MİRZƏ CƏLİL MƏMMƏDQULUZADƏNİN 150 İLLİK YUBİLEYİNƏ

“Anamın kitabı”... kitabsızlıq dərdi... - <b style="color:red">Pərvin yazır </b>

Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də təməldir. İnsanın, hisslərin, varlığın təməli, geniş mənada bütöv millətin təməli. Hər şeydən əvvəl söz olub, sözdən yaranıb dünya...
 
İnsan əvvəlcə əl-qolla, qəribə səslərlə, sonra işarələrlə “danışıb”, vaxt keçdikcə isə tarix (yəni zaman) coğrafiya ilə (yəni məkanla) “birləşib” insanlar xalqlara bölünüb, dilləri fərqləndirilib... Təsadüfi heç nə yoxdur dünyada. Bir millətin dilinin, dininin, hətta xarici görünüşünün də konkret səbəbləri var. İlkin olaraq bir az Tanrının lütfüdü, bir az da tarixin verdiyi fürsətdi, uğurlu taledi dil və dövlət. Allah insanları eyni yaratdı, amma fərqli dillər, mədəniyyətlər, adət-ənənələr sayəsində seçildi bu adamlar və bununla da dünya daha maraqlı oldu. Daraq dişləri kimi eynilikdən hansı zövqü almaq olardı axı?! Bütün fərqlər və eyniliklər haqqında folklor daha çox məlumat verir. Xalq yaradıcılığında hər şey var, millətin keçdiyi yol, adətlər, insan xarakterləri, münasibətlər sistemi... Həmçinin, dilin tarixi. Dil necə cilalanıb, necə dəyişib, hardan-hara gəlib, hansı sözləri silib, hansıları qazanıb, bütün sualların cavabı bayatılarda, nağıllarda, nəğmələrdə, dastanlarda var ... Həm də artıq söylədiyim kimi təməl var. Ona görə ordan uzaqlaşdıqca, o təməl qaçdıqca, divarımız da uçulur, sərhədlərimiz də pozulur... Bizi anlamaq, ya da özümüzü özümüzə anlatmaq üçün başqa millətlərdən olan, başqa dillərdə yazan filosoflara, şairlərə, yazıçılara, tarixçilərə müraciət də edirik. Yox e, deyəsən, yenə məqsəddən uzaqlaşdım, doğrudan müraciət eləsək, dərd yarıdı, sadəcə bir-iki ad, üç-beş aforizm əzbərləyirik və zorla özümüzə tətbiq etməyə də çalışırıq əzbərimizdə olanları. Amma özünüdərk hər şeydən əvvəl öz əlimizdədi, deyilmi?! Bir yandan genetik yaddaş, o biri tərəfdən gerçək həyatda gördüklərimiz sonradan oxuyub öyrənə biləcəklərimizə yardımçıdı. Misal üçün:

Fayton gələr toz eylər,
Qız oğlana göz eylər
Oğlanda günah olmaz,
Hər nə eylər, qız eylər...

Axı bu dörd misranın altında həm tarix var, həm məişət, həm də insan münasibətləri... Demək ki, bir vaxtlar faytondan istifadə edərlərmiş, başqa minik növü yoxmuş, yollar da tozlu-torpaqlı imiş, qızların da oğlanlarla görüşməsi yasaq imiş, toz qopanda fürsət tapıb şıltaq qızlar təbiətin tələbini yerinə yetirərlərmiş, oğlana bir naz, göz-qaş edərlərmiş, bunu heç kəs bilməzmiş, sonra hissləri alışmış oğlan qızı qaçıranda günahı onda görərlərmiş... Bütün bu keçmişi, dünəni, adətləri ifadə edən dildir, informasiyanı da çatdıran dildir. Və ayrı bir millətin nümayəndəsi gəlib bu sözlərin mənasını anlamağa çalışınca xeyli zaman keçər. Biz isə sadəcə bir az genlərin diktəsi, bir az fəhmlə duyuruq bu mənaları. Həm də insan münasibətlərinin, millətin xarakterinin sadəcə zahiri forması dəyişilirsə, bütün bu öyrəndiklərimiz bu günümüzdə, gələcəyimizdə yollarımıza işıq salır. Vay o gündən ki, o keçmişdən də, sözdən də, dildən də ayrı düşəsən... Zil-zülmət qaranlıq onda başlayır!

MİRZƏNİN DƏRDİ...

Köklərdən qopmağın heç bir yaxşı nəticəsi ola bilməz. Zaman-zaman ziyalılarımızı, millətin işıqlı insanlarını narahat edən bəlalardan biri də budur. Özündən uzaqlaşma, milli kimliyindən qopma, amma daha çox özünü dərk etməmə, öz dəyərlərini bilmədiyi üçün kəmlik kompleksi. Zaman-zaman başqa xalqlara aşağıdan yuxarı baxmanın da, ikinci növ olmaq düşüncəsinin də, özünü qeyrilərinə bənzətməklə gülünc şəkil almanın da səbəbi nadanlıq, savadsızlıqdır. Misal üçün folklorumuzu oxuyub, öyrənib dilimizin zənginliyini duyan, yaxud Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev şedevrlərini, muğamı dinləyib musiqimizin ilahiliyini anlayan, ya da Səttar Bəhlulzadənin, Tahir Salahovun, Toğrul Nərimanbəyovun rənglər dünyası içərisində nə qədər zəngin xalq olduğumuzu dərk edən adam başqa xalqlara həsəd çəkərmi?! Amma özgüvənin, özünə inamın əhəmiyyəti çoxdur axı... Hətta başqa xalqların mədəniyyətlərini öyrənmək, onlardan faydalanmaq üçün də bu təməl olmalıdır. Bu mənada nə qədər şablon səslənsə də, şəxsiyyətin yetişməsi üçün hər şeydən əvvəl özünüdərk yüksək səviyyədə olmalıdır.

Millətinin hər dərdini, hər ağrısını yanaraq qələmə alan, xalqını işığa çıxarmaqdan ötrü özünü, sözünü, ömrünü əsirgəməyən Mirzə Cəlil dönə-dönə yazdı, danışdı bu mövzuda. Hər fürsətdə yada saldı, imkan düşdükcə sual verdi: kimik biz? Həm özünə, həm oxucusuna, həm də gələcəyə ünvanladı bu sualı...

“Bəzi vaxt otururam və papağımı qarşıma qoyub fikrə gedirəm, ... özümdən soruşuram ki:

- Mənim anam kimdir?

Öz-özümə də cavab verirəm ki:

- Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.

- Dilim nə dilidir?

- Azərbaycan dilidir.

- Yəni Vətənim haradır?

- Azərbaycan vilayətidir.

- Haradır Azərbaycan?

- Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissəsi də Gilandan tutub, Qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir”.

“Azərbaycan” məqaləsindən gətirdiyim bu sadə sual-cavabda bir tərəfdən Mirzə Cəlilin ağrısı, digər tərəfdən də böyük maarifçi xarakteri duyulur... Mirzə millətin kimliyini oxucusuna az qala əlifba kimi öyrədir, hardan-hara gəlməyini deyir. Və bu ideya demək olar ki, bütün janrlarda əsərlərində qırmızı xətlə keçir. Həm də dahi mütəfəkkir bu ideyasını hər bir mümkün üsulla ifadə edir... Misal üçün “Molla Nəsrəddin”də yazır ki, “sözümü təmam etdim, ancaq bircə üzrüm var, məni gərək bağışlayasınız ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana diliylə danışıram. Mən bilirəm ki, türk dili danışmaq eyibdi və şəxsən elmin azlığına dəlalət edir”. Axı milləti ayıltmaq üçün, sözünü çatdırmaq üçün sarkazm da effekt verən üsuldur... Bir də faciəni göstərmək, xalq üçün kövrək məsələ olan ana-bala münasibətlərinə, xalqın zəif yeri olan qadın mövzusuna toxunmaq... “Anamın kitabı”nda olduğu kimi...

ZƏHRABƏYİM, GÜLBAHAR...

Mirzə Cəlil qadını güclü görmək istəyir, ya da belə görür... Onun baxdığı yerdən qadın gücsüz, zəif, məzlum görünmür. Ona görə Zeynəb bütün mütiliyinə baxmayaraq, “Xudayar, anqırsın tayını tapsın” - deyə bilir. Elə Kefli İskəndərin də bacısı Nazlının əlindən tutub gedək dünyanı gəzək deməsi yazıçının şəxsi arzusunun ifadəsidir. “Anamın kitabı”nda da müəllifin dini, məzhəbi, düşüncəsi, dili ayrı olan qardaşlara qarşı milli kimliyin qoruyucusu olaraq qadınları - Zəhrabəyimi və Gülbaharı çıxarması təsadüfi deyil. Osmanlı, rus, fars təhsili görmüş üç qardaş bir evin, hətta bir otağın içərisində üç ayrı dünyada yaşayırlar...

Akademik İsa Həbibbəyli “Anamın kitabı” pyesini dəqiq şərh edir: “Anamın kitabı” - Azərbaycanın milli istiqlal haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin mənəvi Anasıdır. Əgər ədəbiyyatımızda kiçik hekayə Mirzə Cəlilin “Poçt qutusu”ndan çıxmışdırsa, Azərbaycançılıq və milli istiqlal ideyaları da bütöv konsepsiya kimi “Anamın kitabı”ndan doğulmuşdur. Milli müstəqillik və birlik, soykökə dərin bağlılıq, milli məfkurə və istiqlal uğrunda mübarizə kimi aktual məsələlər “Anamın kitabı”nın əsas mövzu və qayəsini təşkil edir. Nəticə etibarilə “Anamın kitabı” - əsərdəki üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramıdır!”

Bu dəqiq şərhin ardınca onu da söyləmək olar ki, Mirzə Cəlil təkcə bu əsərində yox, bir sıra felyetonlarında da “yalançı ziyalılığı” tənqid edir. Ona görə də burdakı üç qardaşın etdiyi gülüş obyektinə çevirir onları, İsa müəllimin söylədiyi kimi komediya personajı kimi göstərir. Axı sadəcə lüğət yazmaqdan və yalnız lüğət kitabları oxumaqdan savayı işi-gücü olmayan Rüstəm bəyə, xüsuf və küsuf haqqında kitablar oxuyub elə özü də bu haqda - ayın, günün tutulması haqda yazan Mirzə Məhəmmədəliyə, osmanlıca şeirlər oxuyub qafiyəbazlıq edən Səməd Vahidə gülməyib neyləyəsən. Xarakter ustası bu yalançı savadlıların əsl mahiyyətini göstərmək üçün müxtəlif priyomlardan istifadə edir və mənə görə bunlardan ən təsirlisi odur ki, senzor onların kitabxanaların yoxlayanda bircə dənə də olsun ayrı mövzuda kitab tapmır. Həmçinin, bu “ziyalıların” xeyriyyə cəmiyyəti aclıq məsələsini sonradan-sonraya atmaqla necə ziyalı olduqlarını göstərirlər. Daha doğrusu, bunu Mirzə Cəlil göstərir. Və bunlar dahi ədibin “Ölülər” komediyasında göstərdiyi “oxumuşların” - teleqrafçı Heydər ağanın, dilmanc Əliqulu bəyin, müəllim Mirzə Hüseynin “qohum-əqrəbaları”dır...

Qəribə bir simvolika var burda... Zəhrabəyim ana vətənin, Gülbahar isə gələcəyin simvoludur. Və müəllif Gülbaharın taleyi məsələsini öncə çıxaranda bir ailənin timsalında millətin faciəsini, problemini göstərir. Vecsiz qardaşlardan ötrü bütün bunların əhəmiyyəti yoxdur. Mirzə Ələkbər Sabirin “Ürəfa marşı”ndakı intelligentlər millər dərdi çəkə bilməzlər axı:

İnteligentik bu ki böhtan deyil,
Türki danışmaq bizə şayan deyil,
Türk dili qalibi irfan deyil,
Biz buna qail olan insanlarıq...
Ay bərəkallah, nə gözəl canlarıq! 

Türk qəzeti versə də əqlə ziya,
Mən onu almam əlimə mütləqa,
Çünki müsəlmanca qonuşmaq mana,
Eybdir! Öz eybimizi anlarıq!
Ay bərəkallah, nə gözəl canlarıq!

Bəli, Mirzə Cəlilin nəsrdə, dramaturgiyada dediyini Sabir poeziyası vasitəsiylə çatdırırdı... Hələ Əzim Əzimzadə rəsmlər, illüstrasiyalar çəkib hərf bilməyənlərə də izah edirdi hər şeyi. Gülbahar bütün kitabları yandırıb Anasının kitabını saxlayır və Zəhra bəyimin bioloji ölümü ilə qazandığı mənəvi qələbə elə budur... Gülbahar həmin o kitabdan atasının vəsiyyətini oxuyur:

“Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə yenə əvvəl-axır günün başına dolanırlar. Çünki bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanırlar. Çünki ay və ulduz şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə. Onun insafı və vicdanı ona müdamül həyat əziyyət edəcək, nə qədər canında nəfəs var peşiman olacaq”.

MİRZƏNİN VƏSİYYƏTİ...

Yuxarıda gətirdiyim misralar Mirzə Cəlilin gələcək nəsillərə vəsiyyəti, ismarışı kimi qavranır. Bəli, Zəhra - Azərbaycandı, biz də onun canından qopmuş parçalar, hara getsək, nə öyrənsək də yenə ona dönməli, ona yapışmalı, onun ətrafında dövrə vurmalıyıq... Biz isə hələ də vurnuxuruq, hələ başqa dildə məktəblər axtarırıq, hələ mürəbbiyyələri ayrı millətlər içərisindən seçirik, hələ ətək-ətək pul xərcləməyə hazırıq ki, övladımız unutsun hansı millətdən olduğunu... Nə zamana kimi?!

 





09.02.2019    çap et  çap et