525.Az

Aprel şəhidlərinin xatirəsi anıldı


 

Aprel şəhidlərinin xatirəsi anıldı<b style="color:red"></b>

Dünən Bakı Ali Neft Məktəbində (BANM) Bakı Ali Neft Məktəbi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Aprel şəhidlərinin xatirəsinə həsr olunan tədbirdə millət vəkilləri, ziyalılar,  şəhid ailələri, məktəbin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən BANM-nın rektoru Elmar Qasımov xalqımıza qələbə sevincini yaşadan qəhrəman oğullarımızın - Aprel şəhidlərinin xatirəsinin daim qəlbimizdə yaşadığını vurğulayıb: “Aprel şəhidləri bizim qürur mənbəyimiz, and yerimizdir. Qoy gənclərimiz bu qəhrəmanlardan örnək götürsünlər, onlara bənzəməyə çalışsınlar. Aprel döyüşləri xalqımızın hərb tarixinin ən parlaq səhifələrindən biridir. Dörd gün davam edən həmin döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əsgər və zabitlərin döyüş bacarığını, ordunun peşəkarlığını ortaya qoydu. 2016-cı ilin aprelində baş verən döyüşlər xalqın orduya olan inamını daha da artırdı. Xalq və ordu arasındakı münasibət yeni mərhələyə qədəm qoydu. Aprel döyüşləri Milli Ordu hissələrində döyüş ruhunun, Vətən sevgisinin, mübarizə əzminin nə qədər yüksək olduğunu, onların qəhrəmanlığının nümayişinə çevrildi. Həmin döyüşlərdə şəhid olan igid Vətən oğullarının xatirəsi həmişə əziz tutulur, ehtiramla yad edilir”.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə tədbirin keçirilməsində göstərilən dəstəyə görə BANM-nın rəhbərliyinə təşəkkür edib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ölkəmizin bir çox təhsil müəssisələrində bu cür tədbirlər keçirdiklərini deyən Sevinc Alızadə gənclərin vətənpərvər ruhda yetişməsində belə aksiyaların önəmini xüsusi qeyd edib.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, aprel qələbəsi xalqımız üçün çox böyük uğur və zəfər idi. Onun sözlərinə görə, aprel döyüşləri əslində, dosta-düşmənə mesaj idi: “Aprel döyüşləri dünyaya Azərbaycan dövlətinin ordusunun gücünü, hərbçisinin gücünü göstərdi. Azərbaycan müstəqilliyini yeni qazandığı illərdə ordumuz, silahımız zəif idi, dövlətimiz güclənməmişdi. Ermənistana isə silah və siyasi dəstək verirdilər, ona görə də torpaqlarımızı işğal etdi. O vaxtdan Ermənistan bir qələbə eyforiyası yaşayırdı. Lakin aprel döyüşləri zamanı onların qələbə eyforiyası darmadağın oldu. Aprel döyüşlərindən sonra Ermənistanda böyük bir təlaş var ki, Azərbaycan artıq torpaqlarını işğaldan azad edəcək. Bu gücü Azərbaycan apreldə bir daha bütün dünyaya və Ermənistana göstərib. Eyni zamanda, aprel döyüşləri Azərbaycan xalqının uzun illər ərzində səbrinin qalmadığını da göstərib. Həmçinin, Azərbaycanın bütün bölgələrindən olan gənclərini harda doğulmağından aslı olmayaraq, işğal altındakı yurdumuzu görməmələrinə baxmayaraq, o torpaqlarda doğulmuş kimi hiss edirik. Onlar canlarını da verməyə hazırdılar”.

Millət vəkili Adil Əliyev qeyd edib ki, aprel zəfəri xalqımızın qələbəsidir. Xalqımız əmin ola bilər ki, dövlətimizin diqqət və qayğısına, xalqımızın sevgi və etibarına cavab olaraq Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da göstərilən etimadı doğruldacaq və daha böyük qələbələr əldə etmək üçün döyüş, mənəvi-psixoloji hazırlığını günbəgün artıracaq. Ordumuzun şəxsi heyəti Ali Baş Komandanın hər bir əmrinə hazır olaraq torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs vəzifəni şərəf və ləyaqətlə yerinə yetirərək, xalqımızı daim qələbələrlə sevindirməyə hazırdır və qadirdir: “Aprel döyüşləri kimi şanlı tarixi günlərimiz, böyük qələbələrimiz yaxın vaxtlarda daim olacaqdır. Ordumuz uğur qazanacağına heç bir şübhə olmadığını hamıya bir daha göstərdi və bu əməliyyatlarda inam, etibar sahibi, sözündə və əməlində vəhdətin olduğunu sübut etdi, döyüş təcrübəsi qazandı, öz qüdrətinə əsaslanaraq irəli atıldı. Cəbhəyanı kəndlərdə yaşayan əhali bir daha tam əmin oldu ki, onları qoruyan, onların təhlükəsizliyini təmin etməyə qadir bir güclü qüvvə var - Azərbaycan Ordusu”.

Aprel döyüşləri qazisi, polkovnik-leytenant Elşən Qarayev isə vurğulayıb ki, bu döyüşlər ermənilərə və havadarlarına bir daha göstərdi ki, Ermənistanla döyüş meydanında tək qalarıqsa, onları məhv edərik: “Düzdür, şəhidsiz qələbə olmayacaq. Amma biz buna hazırıq. Aprel döyüşləri sübut etdi ki, bizim xalqımız və ordumuz lazım olan vaxt, çətinə düşdüyümüz zaman bir olmağı, Vətən uğrunda döyüşməyi, dost yolunda canından keçməyi bacarır”.

Tədbirdə hərbi diktor Şəmistan Əlizamanlı vətənpərvərlik ruhunda musiqi nömrələri ifa edib.

S.QARAYEVA

 





10.02.2019    çap et  çap et