525.Az

"Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasının 2 ili tamam olur


 

"Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasının 2 ili tamam olur<b style="color:red"></b>

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə “Azərpoçt” MMC-nin tərkibində yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasının 2 ili tamam olur.

Trend-in məlumatına görə, bu münasibətlə “Şəbəkə”nin rəsmi facebook səhifəsində maraqlı müsabiqə keçirilib və qaliblər bu gün mükafatlandırılıb.

Eyni zamanda, "Şəbəkə"nin fəaliyyətində xüsusi fərqlənən əməkdaşlara da təşəkkürnamələr təqdim olunub.

Hazırda respublika üzrə 9 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 3-ü isə Cəlilabad, Zaqatala və Sumqayıt şəhərlərində yerləşir.

“Şəbəkə” xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8 qurumu tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. "Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır. Qeyd edək ki, ilin yanvar ayı da daxil olmaqla mövcud “Şəbəkə” xidmət mərkəzlərinə 2 milyona yaxın vətəndaş müraciət edərək göstərilən müxtəlif xidmətlərdən faydalanıb.

"Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərilir. Eyni zamanda “Şəbəkə” xidmət mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka və açıqcaların satışı, pul köçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların İMEİ qeydiyyatı həyata keçirilir.

Müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. Şəbəkələrdə “SmartPay” ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür.

Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstərilir. “Şəbəkə” və “Azərpoçt” MMC-yə məxsus 169 Çağrı mərkəzi isə həftənin bütün günləri 24 saat ərzində daxil olan bütün sorğuları qəbul edir, cavablandırır. Eyni zamanda “Azərpoçt” MMC-nin rəsmi saytındakı onlayn konsultasiya vasitəsilə müraciətlərinizi ünvanlaya bilərsiniz. “Azərpoçt” MMC və “Şəbəkə”-yə məxsus facebook səhifələrindən də operativ olaraq bizimlə əlaqə saxlamaq mümkündür.

“Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Yaxın zamanlarda xidmət mərkəzlərinin respublikanın bütün iri şəhər və rayonlarında da fəaliyyət göstərməsi nəzərdə tutulub.

 





10.02.2019    çap et  çap et