525.Az

Xəzər Universiteti Şahmat Akademiyası fəaliyyətə başladı


 

Xəzər Universiteti Şahmat Akademiyası fəaliyyətə başladı<b style="color:red"></b> Fevralın 10-da Xəzər Universiteti nəzdində yaradılan Şahmat Akademiyasının rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə şahmat ictimaiyyəti, Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyasının nümayəndələri, şahmatçılar, media işçiləri, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı müasir tələblərə cavab verən, yeni tədris proqramları üzrə fəaliyyət göstərəcək bir şahmat akademiyası yaratmaqda məqsədin Azərbaycanda şahmatın inkişafına töhvə vermək olduğunu bildirib, Azərbaycan şahmatının tarixi, inkişaf yolları haqqında danışıb.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi, beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmov, Azərbaycan İdman Jurnalistləri Asossiasiyasının prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov, uzun illər ölkə şahmatının inkişafına xidmət etmiş Beynəlxalq Qrossmeyster, Əməkdar məşqçi Sərxan Quliyev və başqaları çıxış edərək Akademiyanın ölkə şahmatı üçün xeyirli işlər görəcəyinə inamlarını ifadə ediblər.

Daha sonra iştirakçılar arasında Azərbaycan şahmatının inkişafı yönündə maraqlı müzakirələr aparılıb.

Akademiyada dərslər beynəlxalq qrossmeyster Nicat Məmmədovun 25 illik şahmat təcrübəsi və FİDE ustası Elşad Rzayevin pedoqoji fəaliyyətinə əsaslanan, hər səviyyəyə uyğun hazırlanmış illik tədris proqramları əsasında keçiriləcək. Gələcəkdə bu təcrübələrin serial kitablar şəklində ictimaiyyətə çatdırılması gözlənilir. Bundan əlavə, akademiyada istedadlı və şahmata böyük həvəs göstərən uşaqlar üçün mütəmadi seans, seminar və master klassların keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Xəzər Universiteti Şahmat Akademiyası ölkədə bu işlə məşğul olan yeganə təhsil məkanıdır ki, burada dərslər Beynəlxalq Qrossmeyster və FİDE master tərəfindən aparılır. Akademiyada dərslər 4 dildə (Azərbaycan, türk, rus və ingilis dili) dillərində tədris edilir. Eyni zamanda, akademiyada azyaşlı uşaqlar üçün dərslər xüsusi hazırlanmış rəngarəng, əyləncəli proqramlarla tədris olunur.
 





11.02.2019    çap et  çap et