525.Az

Azərbaycan və Türkiyə Avrasiya regionunda strateji dəhlizlərin müəllifidir


 

XXII AVRASİYA İQTİSADİ ZİRVƏSİ İKİ QARDAŞ ÖLKƏNİN SİYASİ VƏ İQTİSADİ NÜFUZUNU NÖVBƏTİ DƏFƏ BÜTÜN DÜNYAYA NÜMAYİŞ ETDİRDİ

Azərbaycan və Türkiyə Avrasiya regionunda strateji dəhlizlərin müəllifidir <b style="color:red"></b>

Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXII Avrasiya İqtisadi Zirvəsi region ölkələri və Azərbaycan üçün olduqca zəngin iqtisadi və siyasi hadisələrlə yadda qaldı.

Texnologiyaların inkişafı, insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni trendləri, su və enerji ilə bağlı mövzuların müzakirə olunduğu tədbirdə respublikamızı Azərbaycanı Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil ediblər.

Tədbir çərçivəsində nümayiş etdirilən film Azərbaycanın regiondakı strateji mövqeyi, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti, onların qətiyyəti və əməyi sayəsində yaradılan enerji-nəqliyyat dəhlizlərinin regiondakı sülh və enerji əməkdaşlığının möhkəmlənməsinə verdiyi töhfə xüsusilə diqqət çəkirdi.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunda da enerji amilinin dostluq və əməkdaşlığa xidmət etməli olduğu xüsusi vurğulanırdı. Həmin məktubda qeyd olunurdu ki, bu cür toplantılar Avrasiya regionunun dayanıqlı inkişafına, dövlətlər və xalqlar arasında dostluq və etimad mühitinin möhkəmləndirilməsinə xidmət edir: "Azərbaycan Respublikası Avrasiyada qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, hər bir ölkənin təbii və iqtisadi potensialının, kommunikasiya imkanlarının xalqlarımızın mənafeyi naminə məqsədyönlü şəkildə istifadə olunması siyasətinə sadiqdir".

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Zirvə toplantısının Avrasiya regionu daxil olmaqla, bütün dünyada sülhə, təhlükəsizliyə, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlığa töhfə verdiyini söyləyib. O, sülhün, rifahın, təhlükəsizliyin bölgəmizin və bütövlükdə dünyamızın xoşbəxt gələcəyi üçün önəmli şərtlər olduğunu bildirib. Terrorun, müharibənin, ədalətsizliyin olmadığı bir dünyada yaşamaq üçün əməkdaşlığın vacibliyinə toxunan B.Yıldırım Azərbaycanın, Türkiyənin və Gürcüstanın birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, Azərbaycan təhlükəsizlik, humanitar inkişaf, terrorizm və transmilli cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə bölgə dövlətləri ilə ikitərəfli və çoxtərəfli formatlarda yaxından əməkdaşlıq edir. Bununla belə, Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları və işğalçılıq siyasətinə görə indiyədək həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun rifahı və əmin-amanlığına yönəlmiş səylərə çox ciddi təhdidlər törədir. Bu münaqişə beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilmədən bölgənin davamlı inkişafı və təhlükəsizliyinin təmini mümkün deyil.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver çıxışında Azərbaycanın regional strateji əhəmiyyətini xüsusi olaraq bəyan edib. Bildirib ki, Avrasiyada sülhü, təhlükəsizliyi, əməkdaşlığı, xüsusilə də enerji, nəqliyyat sahələrində əlaqələri Azərbaycan qədər dəstəkləyən ikinci dövlət, Azərbaycan Prezidenti qədər dəstəkləyən ikinci Prezident yoxdur.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qardaş ölkələrin müəllifi olduğu strateji layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Trans-Anadolu Qaz Kəməri (TANAP), "STAR" kimi enerji və nəqliyyat tranzitlərinin əhəmiyyətinə diqqət çəkərək bildirdi ki, bölgədə enerji flaqmanları olan və uğur salnamələri yazan Azərbaycan və Türkiyənin dünya enerji-kommunikasiya xəritəsində yeni səhifə açmaqdadır. Əli Həsənov qeyd edib ki, Avrasiya qitəsi Azərbaycanın siyasi, iqtisadi, sosial, geosiyasi, enerji, nəqliyyat, kommunikasiya maraqlarının kifayət qədər təmsil olunduğu bir qitədir. Azərbaycan da bu maraqların həyata keçirilməsi üçün fəal siyasət yürüdür. Qardaş ölkələrin Avrasiyada sülh və təhlükəziliyin möhkəmlənməsinə fayda verən təşəbbüslərindən də bəhs edərək vurğulayıb ki, hər iki ölkə Avropa ilə Asiyanı birləşdirən Böyük İpək Yolunun qurucu dövlətlərindəndir.

Tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun çıxışı zamanı verdiyi mesajlar da maraq doğurub. Nazir bildirib ki, Avrasiya məkanında təhlükəsizliyin, siyasi sabitliyin, inkişaf və tərəqqinin təmin olunması, mədəniyyətlərarası, dinlərarası dialoqun davamlılığı üçün məsuliyyət və əməkdaşlıq tələb edir. Azərbaycanın hər zaman enerji sektorunun inkişafı üçün mütərəqqi ideyaları və innovativ təşəbbüsləri dəstəkləyən siyasət həyata keçirir, ən yeni texnologiyaların neft-qaz yataqlarının işlənilməsinə cəlb edir.

Avrasiya Zirvəsi aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər, regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir. Bu mötəbər tədbirdə Türkiyənin və Azərbaycanın əsas güc mərkəzi kimi təşəbbüskarlığı və liderliyi özünü növbəti dəfə təsdiqləyir. Zirvə iştirakçılarının da bəyan etdiyi kimi, bu iki qardaş ölkənin strateji hədəfləri olduqca böyük və əhatəlidir. Hazırda dünyanın yeni formalaşan enerji xəritəsində mühüm strateji mövqe və nüfuz sahibi olmaq uğrunda rəqabət dərinləşir və bu coğrafiyada təşəbbüskarlığı, liderliyi ələ almağı bacaran Türkiyə və Azərbaycan davamlı olaraq regionda yeniliyin çarçıları kimi enerji-kommunikasiya dəhlizlərində yerlərini daha da möhkəmləndirir. Bu gün iki qardaş ölkə “iki dövlət, bir millət” olaraq regionda sabitləşdirici faktor olmaqla yanaşı, digər bütün xalqların təhlükəsizliyi, sabitliyi, rifahı və zənginliyi üçün qollarını çırmayıb tər tökür, dərin və işıqlı zəka ilə gələcəyə nikbin həyat və tərəqqini təmin etməyə çalışırlar.

XXII Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində imzalanan əməkdaşlıq memorandumları da mühüm geoiqtisadi əhəmiyyət kəsb edir. Azərbaycan Diasporuna Dəstək Fondu, İtaliyanın Avrasiya Dialoqu üçün Avropa İnstitutu və Rumıniyanın Levanten İncəsənət və Mədəniyyət İşləri İnstitutu ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondu arasında imzalanan həmin sənədlər regionda açıq və faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi, humanitar-mədəni inteqrasiyanın gücləndirilməsi və müasir innovasiyaların qarşılıqlı mübadiləsi baxımından möhkəm zəmin yaradır.

 





11.02.2019    çap et  çap et