525.Az

Almaniya Trans-Adriatik qaz kəmərinin tikintisini alqışlayır


 

Almaniya Trans-Adriatik qaz kəmərinin  tikintisini alqışlayır<b style="color:red"></b>

Almaniya federal hökuməti Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisini alqışlayır.

Bu barədə Trend-ə Federal İqtisadiyyat və Energetika Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan TAP boru kəməri vasitəsilə təbii qazın nəqli haqqında müqavilənin imzalanması ilə Avropa İttifaqının üzv ölkələri üçün "Cənub Qaz Dəhlizi"ni açdı: "Lakin qaz alışı tamamilə şirkətlərdən asılıdır".

Nazirlik Almaniya şirkətlərinin Azərbaycanın neft-qaz sahəsində daha fəal iştirak perspektivlərinə də toxunub:

"Biz bilirik ki, Azərbaycan dövlət şirkəti SOCAR ölkənin neft-qaz sektorunda əsas oyunçudur və qarşıdakı bir neçə il ərzində Azərbaycan bu sahədə nüfuzlu investisiya proqramı reallaşdıracaq. Almaniya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna investisiyalarına gəlincə, bu, tamamilə onların qərarlarından asılıdır. Federal hökumət Almaniya şirkətlərinin investisiya qərarlarına təsir göstərmir".

Federal qurumdan bildiriblər ki, Azərbaycan 2018-ci ildə Almaniyaya xam neft tədarükü həcminə görə 9-cu olub: "Almaniya 2018-ci ildə Azərbaycandan 2,7 milyon ton neft idxal edib. 2017-ci ildə bu göstərici 2,45 milyon ton olub".

Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim baş tutub.

"Cənub Qaz Dəhlizi"nə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.

 





11.02.2019    çap et  çap et