525.Az

İqtisadi inkişafdan sosial rifaha: görülən işlər və qarşıda duran vəzifələr


 

"AZƏRBAYCAN VƏTƏNDAŞLARININ RİFAHI, ONLARIN DOLANIŞIĞININ TƏMİN OLUNMASI DÖVLƏTİN QARŞISINDA DURAN BAŞLICA VƏZİFƏDİR"

İqtisadi inkişafdan sosial rifaha: <b style="color:red">görülən işlər və qarşıda duran vəzifələr</b>

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Son dövrlər xüsusi diqqət və qayğıya ehtiyac olan vətəndaşların, o cümlədən, qaçqın və məcburi köçkünlər, şəhid ailələri, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli, məşğulluğun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq bu kateqoriyadan olan vətəndaşlara mənzil və yaşayış evlərinin, avtomobillərin verilməsi, onların özünəməşğulluq proqramlarına cəlb olunması, eyni zamanda, 1997-ci ilin avqustun 2-dək şəhid olmuş hərbi qulluqçuların, o cümlədən, daxili işlər orqanları işçilərinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi prosesinə başlanılması, həmin ailələrin aldığı aylıq müavinətlərin artırılaraq 300 manata çatdırılması dövlətin diqqət və qayğısını əks etdirən mühüm tədbirlər kimi qiymətləndirilir.

Son olaraq Prezident İlham Əliyevin fevralın 8-də imzaladığı sərəncamla minimum aylıq əməkhaqqının artırılması da əhalinin rifah halının yüksəlməsinə, xüsusilə aztəminatlı və imtiyazlı təbəqələrin sosial durumunun yaxşılaşdırılmasına imkan verməklə bərabər bu istiqamətdə tədbirlərin ardıcıl şəkildə həyata keçirildiyini deməyə əsas verir. Sənədə əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat (38,4 faiz) artırılaraq 130 manatdan 180 manata çatdırılır. Bununla ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilir.

Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılmasına müsbət təsir göstərəcək.

Prezident: "Bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik" 

Təsadüfi deyil ki, yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşündə dövlət başçısı çıxış edərək bildirib ki, Azərbaycan vətəndaşlarının rifahı, onların dolanışığınin təmin olunması dövlətin qarşısında duran başlıca vəzifədir: "Vətəndaşların sosial məsələləri daim diqqət mərkəzində olacaq. Şəhid ailələri üçün bundan sonra da evlər tikilib istifadəyə veriləcək. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilib. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcək. Növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəklər. Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin".

Və yaxud yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda çıxış edən prezident qeyd edib ki, "biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun". Dövlət başçısı diqqətə çatdırıb ki, son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılıb, əhalinin sayı isə 1,6 milyon artıb: "Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər... Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi... Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür... Bir sözlə, bizim bütün iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız bizə şərait yaradıb ki, sosial məsələlərə də çox böyük diqqət yetirək. Bir neçə rəqəmi səsləndirmək istərdim. Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik".

Həmçinin, prezident bildirib ki, məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzindədir: "Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, köçkünlərə təqdim edilib. Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilib və bu proses davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşlar evlərlə təmin olunacaqlar. Yəni Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən ölkədir. Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir".

Bu mənada, dövlət başçısının imzaladığı yeni sərəncamla minimum əməkhaqqının yaşayış minimumu ilə bərabərləşdirilməsi artan iqtisadi inkişaf fonunda sosial sahəyə diqqətin daha da artırılmasından xəbər verir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: "Minimum əməkhaqqını 180 manat səviyyəsinə çatdırmayanlara qarşı aidiyyəti məsuliyyət tədbirləri görüləcək" 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Əmək qanunvericiliyinə əsasən, əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən, hazırda özəl sektorda 150 minədək işçi 180 manatdan az əməkhaqqı alanlardır.

Prezident İlham Əliyevin sözügedən sərəncamına əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda əsas iş yeri və tam iş günü üzrə işləyənlərin də əməkhaqqının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz.

Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Nazirlik qeyd olunan elektron sistemi vasitəsilə buna ciddi nəzarət edəcək. Minimum əməkhaqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək.

Prezidentin yeni sərəncamı ilə hansı sahələr üzrə işçilərin əməkhaqqı artacaq? 

Dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əmək haqları vahid tarif cədvəli (VTC) üzrə ödənilən elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçiləri əhatə edəcək. Həmçinin, dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları VTC üzrə ödənilən mülki işçilər, dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əməkhaqqından aşağı maaş alan dövlət qulluqçuları, dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) də bu kateqoriyaya aiddir. Bundan əlavə, dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli qərarı ilə əmək haqları tənzimlənən təşkilatlar: Azərbaycan Milli Elmlər Akademiyası, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar, dövlət arxivləri, elmi mərkəzlər, Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi) aşağı əməkhaqqı alan xidmətedici heyət işçilərinin maaşları artacaq.

Eyni zamanda, minimum əməkhaqqı artımı özəl sektorda çalışan və əməkhaqqı 180 manatdan az olan işçilərin əməkhaqqının artmasına səbəb olacaq.

Dövlət başçısının yeni sərəncamı ilə minimum əməkhaqqının artırılması muzdla çalışanların azı 40 faizinin əmək haqlarının artmasına imkan verəcək. 

Sahil Babayev: "Sərəncam 180 manatdan çox maaş alanların da əməkhaqqına müsbət təsir göstərəcək" 

Prezidentin sözügedən sərəncamını şərh edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, minimum əməkhaqının artırılması təkcə 180 manata qədər olan əmək haqlarında yox, VTC üzrə müəyyən olunmuş və bundan da çox olan maaşlarda da artıma imkan verəcək.

Nazir bildirib ki, hazırda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda 450 mindən çox işçini əhatə edən 19 pilləli VTC üzrə əməyin ödənişi sistemi mövcuddur: "Əgər bu 19 pillədən ilk pillədə əməkhaqqı 180 manata qalxırsa, digər pillələr üzrə bundan yuxarı olan əmək haqlarında da müəyyən faizlərdə də artım baş verir. Nəticədə həmin 450 min şəxsin əmək haqlarında orta olaraq 30 faiz artım olacaq".

S.Babayev qeyd edib ki, özəl sektorda işləyənlərin də minimum əməkhaqqı 180 manat müəyyən olunduğuna görə həmin sektor üzrə əmək haqları üzrə zəncirvari müsbət effekt özünü göstərəcək: "Bu səbəbdən həmin sektor üzrə maaş artımının əhatə edəcəyi şəxslərin sayı üzrə ilkin rəqəm 150 min olsa da, bu göstəricinin daha yüksək olacağı gözlənilir".

S.Babayev minimum əməkhaqqı artımının işçilərin təkcə bu gün üçün maaş formasında gəlirlərinin çoxalmasına yox, həmçinin, gələcək sosial təminatlarına müsbət təsir edəcəyini vurğulayıb. O deyib ki, artan əmək haqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır: "Belə olan halda işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artır ki, bu da onun gələcək sosial təminatı, habelə gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımından faydalıdır". 

Musa Qasımlı: "Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində bundan sonra da atılan ciddi addımların şahidi olacağıq" 

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı isə bildirib ki, Prezident İlham Əliyevin mimimum əməkhaqqının artırılmasına dair imzaladığı sərəncam böyük sosial əhəmiyyət kəsb edir: "Minimum əməkhaqqının artırılması ilk növbədə aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına kömək edəcək. Bu addım bir daha göstərir ki, Azərbaycan dövləti sosial baxımdan imkanları məhdud olan insanların daim yanındadır. Ona görə də, prezidentin sözügedən qərarı müsbət qiymətləndirilməlidir".

M.Qasımlı hesab edir ki, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində bundan sonra da atılan ciddi addımların şahidi olacağıq.

Ceyhun ABASOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

 





12.02.2019    çap et  çap et