525.Az

"Prezidentin zəlzələ ərazisinə səfəri vətəndaşlarda böyük ruh yüksəkliyi yaradıb"


 

TƏRANƏ MƏMMƏDOVA: "ÖLKƏ BAŞÇISI SAKİNLƏRLƏ GÖRÜŞÜNDƏ QAYĞI, DƏSTƏK XARAKTERLİ SÖZLƏRİ İLƏ ZƏLZƏLƏNİN PSİXOLOJİ SARSINTISINI ARADAN QALDIRIB"

"Prezidentin zəlzələ ərazisinə səfəri vətəndaşlarda böyük ruh yüksəkliyi yaradıb"<b style="color:red"></b>

"Prezident İlham Əliyevin zəlzələdən bir gün sonra Şamaxıya səfəri vətəndaşlarda böyük ruh yükəsəkliyi yaradıb".

Bu sözləri "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq Təranə Məmmədova deyib. Ölkə başçısının Şamaxıda sakinlərlə görüşünü psixoloji aspektdən qiymətləndirən T.Məmmədova qeyd edib ki, təbii fəlakətlərin insanlarda depressiya və posttravmatik stress pozuntusu yaratma təhlükəsi böyükdür: "Belə duruma düşən şəxs uzun müddət özü istəmədən həmin dəhşətləri xatırlamalı olur, sanki hadisələri yenidən yaşayır. Təbii fəlakət baş verəndən sonra uzağı bir gün ərzində zərər çəkənlərə, yaxud şahid olanlara psixoloji yardım göstərilməsə, stress nəticəsində gərginlik şüuraltına keçə bilər. Hər hası qəfil səs onları diksindirər, zəlzələnin yenidən baş verdiyi təəssüratını yaradar. Şiddətli qorxu ən ağır xəstəliklərə yol açar".

T.Məmmədova bildirib ki, Şamaxıda baş verən zəlzələdən dərhal sonra prezidentin təbii fəlakətdən əziyyət çəkənlərlə ünsiyyətə girməsi onların əhvalına ciddi şəkildə müsbət təsir edib, bununla da depressiya və postravmatik stress pozuntusu hallarının yaşanması təhlükəsi aradan qalxıb. Ölkə başçısı sakinlərlə görüşündə qayğı, diqqət, dəstək xarakterli sözləri ilə zəlzələnin psixoloji sarsıntısını aradan qaldırıb. Bunu sakinlərin münsibətindən aydın görmək mümkündür. Onlar razılıqlarını belə ifadə ediblər: "Allah Sizə uzun ömür, cansağlığı versin", "Ailənizlə xoşbəxt olasınız", "Nə yaxşı ki varsınız", "Biz Sizinlə qürur duyuruq", "Allah işinizi avand eləsin", "Dar gündə dadımıza çatdınız", "Biz Sizin gələcəyinizə inanırdıq", "Azərbaycanın gələcəyinin etibarlı əldə olduğuna inanırıq və biz bunu görürük". Prezident isə cavabında deyib: "Mən də sizinlə qürur duyuram ki, hətta belə ağır günlərdə nikbinliklə yaşayırsınız və inanırsınız ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır. Bütün dövrlərdə belə olub, bundan sonra da belə olacaq. Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Komissiya işləyir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən buradadır, yerli icra hakimiyyəti də işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məşğuldurlar. Eyni zamanda, tezliklə bu evlərin bərpası, yenidən tikilməsi nəzərdə tutulur. Müvafiq sərəncam imzalanacaq, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. İndi yüzlərlə müraciət var. Mənə verilən məlumata görə, hələ ki, 70-dən çox müraciətə baxılıb və müvafiq aktlar tərtib edilib. Bu aktlar əsasında bütün təmir-bərpa işləri aparılacaq. Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır".

Psixoloqun sözlərinə görə, təbii fəlakətlərin ətrafa vurduğu ziyan daha çox maddi, insanın psixikasına vurduğu ziyan isə mənəvi aspektdən izah olunduğu üçün birinci problemi həll etmək ikincidən daha asan başa gəlir: "Ancaq ölkə başçısı həmişə olduğu kimi, bu dəfə də humanist iradəsi ilə hər iki problemin kompleks şəkildə həllinə nail olub. Zərərçəkənlərin ruh düşgünlüyü yaşamasının qarşısı alınıb. Zəlzələnin fəsadları aradan qaldırılır".

C.ABASOV

 





12.02.2019    çap et  çap et