525.Az

Prezidentin yeni sərəncamı cəmiyyətdə yüksək qiymətləndirilir


 

MİNİMUM ƏMƏKHAQQININ ARTIRILMASI DÖVLƏTİN VƏTƏNDAŞLARA DİQQƏT VƏ QAYĞISININ NÖVBƏTİ ƏYANİ TƏZAHÜRÜDÜR

Prezidentin yeni sərəncamı cəmiyyətdə yüksək qiymətləndirilir<b style="color:red"></b>

2019-cu ilin Azərbaycanın tarixində xüsusi uğurlu bir il kimi qalacağını indidən demək mümkündür. Yeni ilin cəmi bir ayını geridə qoysaq da, ölkə rəhbəri tərəfindən verilmiş fərman və sərəncamlar, qəbul edilmiş müvafiq qərarlar, həyata keçirilən tədbirlər bir ilə bərabərdir.

Xüsusi diqqət çəkən məqam isə sosial sahə üzrə atılmış addımlardır. Ölkəmizdə həm Ümummili lider Heydər Əliyevin hakimiyyəti illərində, həm də indi İlham Əliyevin rəhbərliyi dövründə sosial sahə xüsusi önəm kəsb edib və dövlətin prioritet istiqamətləri sırasında olub. Azərbaycanın dövlət büdcəsi də hər zaman sosialyönümlü olması ilə fərqlənib. Ölkəmiz inkişaf etdikcə, onun imkanları artdıqca sosial sahəyə ayrılan vəsaitlərin həcmi artır, bu isə Azərbaycan vətəndaşının daha yaxşı yaşaması, sosial rifahının artması deməkdir. Digər tərəfdən, sosial cəhətdən möhkəm olan dövlətin beynəlxalq aləmdə də mövqeləri güclü olur. Bu gün Azərbaycanın dünyada nüfuzunun yüksək olması, regional gücə çevrilməsi həm də onun gördüyü sosial tədbirlərlə, apardığı islahatlarla bağlıdır.

Təbii ki, ölkənin hər bir vətəndaşı dövlət qayğısı ilə əhatə olunub, hər bir vətəndaş arxasında güclü dövlətin, güclü liderinin olduğunu hiss edir. Lakin həssas kateqoriyalara, o cümlədən, şəhid ailələri, qaçqın və məcburi köçkünlər, Qarabağ müharibəsi əlilləri, veteranlarına dövlət tərəfindən xüsusi yanaşma var və bu da bütün vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır.

Yuxarıda qeyd etdiyimiz kimi, bu il ərzində sosial sfera ilə bağlı mühüm işlərə imza atılıb. Bu sırada Azərbaycan prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşləri xüsusi qeyd edilməlidir. Bu görüş cəmiyyətdə hələ də müzakirə olunur və insanlarımızda çox xoş təssüratlar yaradıb. Dövlət başçısının həmin görüşdən sonra imzaladığı yeni fərmanla şəhid ailələri üçün nəzərdə tutulan birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişləndi. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən, 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

Nəzərə çatdıraq ki, ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə artıq həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir.

2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbə qazanaraq yenidən prezident seçilən İlham Əliyevin imzaladığı ilk fərmanın şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması isə onun bu təbəqədən olan insanlara diqqət və qayğısını bir daha göstərmiş oldu. Sözügedən fərman şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq etməklə yanaşı, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılandı.

Ötən dövrdə şəhid ailələrinin və müharibə əlillərinə 6654 mənzil təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Həmçinin, bu vaxta qədər müharibə əlillərinə 6144 avtomobil verilib.

Dövlət başçısı bunun ardınca 12 mindən çox şəhid ailəsinə verilən təqaüdlərin 58 manat artırılması barədə sərəncam imzaladı. Belə ki, şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq fevralın 1-dən 300 manat müəyyən edilib.

Bunun ardınca prezident fevralın 7-də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzaladı.

Dövlət başçısı elə həmin gün zəlzələnin baş verdiyi Şamaxıya səfərinə səfər edib, təbii fəlakətin fəsadları ilə yerindəcə tanış olub, tapşırıqlar verməsi, insanlarla söhbət etməsi göstərdi ki, prezident bütün məqamlarda Azərbaycan vətəndaşları ilə bir yerdədir, heç zaman vətəndaşlarımızı tək qoymur. 

Nəhayət, daha bir mühüm addım minimum əməkhaqlarının artırılmasına dair prezidentin fevralın 8-də imzaladığı sərəncam oldu. Minimum əməkhaqqının 38,5 faiz (50 manat) artımını nəzərdə tutan bu sərəncam heç şübhəsiz ki, əhalinin maddi durumuna müsbət təsir göstərib, onun rifah halının yaxşılaşmasına xidmət edir.

Xatırladaq ki, minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılır və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, özəl sektorda çalışan azı 600 min işçinin əməkhaqqının artmasına imkan verəcək.

Minimum əməkhaqqının artırılması ilə əlaqədar dövlət büdcəsindən 400 milyon manat, 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait sərf olunacaq. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyinin həyata keçirdiyi sosial yönümlü siyasət nəticəsində son 15 il ərzində Azərbaycanda əməkhaqqı 7 dəfə, minimum əməkhaqqı isə 6,5 dəfə artıb.

Bu, Azərbaycan dövlətinin sosial dövlət olmasının, ölkə prezidentinin daim vətəndaşı düşünüb, onun rifahı, yaxşı yaşaması üçün çalışmasının daha bir nümunəsidir.

Millət vəkili Elman Məmmədov "525"ə açıqlamasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birinin əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması olduğunu deyib. Əlavə edib ki, Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması haqqında imzaladığı sərəncam bunun daha bir nümunəsidir.

Millət vəkili bildirib ki, bu sərəncam Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə öz töhfəsini verəcək: "Bu gün Azərbaycan dövlətinin apardığı siyasətin kökündə təkcə qayğıya ehtiyacı olan insanlarımızın deyil, ümumiyyətlə, bütün vətəndaşlarımızın maddi rifah halının, güzəranının yaxşılaşdırılması, sosial məişət problemlərinin həlli, sosial vəziyyətlərinin yüksəldilməs dayanır.

Biz 2003-cü ildən, İlham Əliyevin prezident seçilməsindən bəri bu istiqamətdə gördüyü işləri, verdiyi sərəncamları, qərarları nəzərdən keçirsək, çox aydın və dediklərimizi sübut edən bir mənzərə  yaranır.

Təbii ki, ilk növbədə xüsusi qayğıya, köməyə ehtiyacı olan təbəqə hər zaman nəzərdə saxlanılır. Bu təbəqə məcburi köçkünlərimiz, əlil vətəndaşlarımız, müharibə veteranları, şəhid ailələridir. Bu insanlarımızla bağlı vaxtaşırı sərəncamlar olur, dövlət başçısı onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təminatları, təhsil, səhiyyə məsələləri ilə bağlı xüsusi tapşırıqlar verir, sənədlər imzalayır.

Ötən müddət ərzində çoxsaylı məcburi köçkün, şəhid ailələri, hərbçilərimiz, Qarabağ veteranları, əlilləri mənzillərlə, avtomobillərlə təmin olunub. Bunlar hamısı təbii ki, sosial siyasətin tərkibinə daxildir".

Deputat əlavə edib ki, bir neçə gün əvvəl dövlət başçısının minium əməkhaqqının kifayət qədər, yəni 40 faizə yaxın artırılması haqqında imzaladığı sərəncam ölkə vətəndaşları tərəfindən böyük razılıqla qarşılanıb:

"Harda çalışmalarından asılı olmayaraq, bu məbləğdən aşağı əməkhaqqı alan olmayacaq. Bunun müqabilində pensiyalar da artacaq, gələcək təminatlar gücləndiriləcək.

Yəni bu sərəncam son deyil, bunların hamısı Azərbaycan dövlətinin inkişafına, dövlətimizin iqtisadi cəhətdən daha da güclənməsinə bağlıdır.

Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, imkanları artdıqca, insanlarımızın sosial vəziyyəti daha da güclənəcək. Təbii ki, biz çalışmalıyıq ki, dövlətimiz bütün istiqamətlərdə inkişaf etsin. 

Minimum əməkhaqqının artırılması bir Azərbaycan vətəndaşı kimi məni də sevindirir. Cənab Prezidentin bu qərarını alqışlayıram və əminəm ki, insanlarımızın maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşması günü-gündən artacaq".

İqtisadçı deputat Aydın Hüseynov isə hesab edir ki, Prezident İlham Əliyevin sərəncamı ilə minimum əməkhaqqının artırılması ölkə rəhbəri tərəfindən vətəndaşlarımıza verilən dəyər və qiymətdir.

O deyib ki, cənab prezidentin bu sərəncamı 600 min nəfərə şamil olunacaq ki, bunun da 450 min nəfəri dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, 150 min nəfəri isə özəl sektorda çalışan işçilərdir:

"Sərəncamın ən böyük mahiyyəti bundan ibarətdir ki, birincisi, bu, vətəndaşlarımıza olan mənəvi dayaqdır, maddi dəstəkdir. İkincisi, vətəndaşlarımıza verilən dəyər və qiymətdir.

Digər tərəfdən isə dövlət sektor ilə yanaşı, özəl sektorda da 180 manatdan aşağı maaş olmayacaq. Hətta sonrakı mərhələlərdə belə hər hansı bir müəssisə kiminsə maaşını 180 manatdan aşağı sala bilməz".

İqtisadçı millət vəkili xatırladıb ki, dövlət büdcəsindən bu məqsədlə 400 milyon vəsait ayrılacaq ki, bu vəsaitin orta hesabla hər aya 35 milyondan yuxarı götürsək, ümumi dövriyyəyə əlavə vəsait gəlir ki, bu da xidmət sektorunda, bank sektorunda, ümumilikdə iqtisadiyyatın bu və ya digər sahəsində öz müsbət təsirini göstərəcək.

A.Hüseynov əlavə edib ki, sonrakı dövrlərdə də əməkhaqqının formalaşmasında bu, bir maliyyə vahidi olaraq öz müsbət təsirini göstərəcək:

"Biz artıq görürük ki, bu kimi tədbirlər ardıcıl, sistemli şəkildə davam edir və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin həyata keçirdiyi siyasətin ən başlıca istiqaməti Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, onların maraqlarının yüksək səviyyədə ifadə olunmasıdır.

Biz görürük ki, həqiqətən də dövlətin maliyyə potensialı artdıqca, birbaşa vətəndaşlarımızın sosial rifahı da yüksəlir. Təkcə yanvar ayında həm şəhid ailələri üçün 11 min manat birdəfəlik ödəniş üçün 35 milyon manatın ayrılması, pensiyaların sığorta hssəsinin artırılması, indi minimum əməkhaqqının birdən-birə 38 faiz artırılması, eləcə də şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərinə, məcburi köçkünlərə, qaçqın ailələrinə mənzillərin verilməsi, problemlərinin həlli istiqamətində mühüm addımların atılması onu təsdiq edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqları, onların sosial rifah halının yüksəldilməsidir", - deyə millət vəkili əlavə edib".

PƏRVANƏ

 





12.02.2019    çap et  çap et