525.Az

Ömrün müdrik çağı - Cahangir Məmmədlinin yazısı


 

Ömrün müdrik çağı - <b style="color:red">Cahangir Məmmədlinin yazısı </b>

Hər kəsin, o cümlədən, elmi-pedaqoji sahənin adamlarının uğurlu fəaliyyəti onun həmin sahədəki praktik işi ilə çox bağlıdır.

Praktik təcrübəsi olmayan elm, təhsil mütəxəssisi anlayışındakı "mütəxəssis" sözü istər-istəməz özünə dırnaq işarəsi tələb edir. Jurnalistika təhsili sahəsində müəllimin praktikadan gəlməyi onun uğurunun əsas faktorudur. Çünki bu, elə bir sahədir ki, peşənin praktik tərəflərinə bələd olmadan, bu sahədə müəyyən iş stajına malik olmadan tələbəni əsl media peşəkarı kimi hazırlamaq mümkün deyil. Təkcə nəzəriyyə ilə bağlı dəstə-dəstə kitab yazasan, amma illərin praktik fəaliyyəti yoxdursa - qəzet redaksiyasında, televiziyada, radioda, onlayn sistemində işləməmisənsə, heç vaxt əsl jurnalist hazırlaya bilməyəcəksən. Professor Şirməmməd Hüseynov, professor Nəsir Əhmədli, professor Allahverdi Məmmədli, professor Qulu Məhərrəmli... kimi şəxsiyyətlər ona görə ustad müəllim hesab olunurlar ki, onlar jurnalistikanın praktik sahəsinə illər həsr etmişlər. Bu fikirlər bizim ağlımızda həmişə var, amma bir ustad müəllim kimi tanıdığım Ayaz Musayev haqqında bu yazını qələmə alanda həmin məqamı ictimai düşüncəyə gətirmək istədim. Çünki Ayaz müəllim jurnalistika təhsili sahəsində müəllim olmaqdan çox-çox əvvəl onun praktikasında formalaşmışdır. O, jurnalistika təhsilindən o qədər uzaq olmayan Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq ixtisasını bitirib. Jurnalistikaya hədsiz marağı sonra onu Moskva Poliqrafiya İnstitutunda redaktor ixtisası üzrə ikinci ali təhsil almağa gətirib çıxarıb. Bu ixtisaslar, xüsusilə Moskva təhsili ona çox şey verib. Bizim vaxtilə çox sevdiyimiz "Müxbir", "Kitablar aləmində" jurnallarında bir jurnalist kimi püxtələşib, Azərbaycanda yeni formatlı kitablar ortaya qoymuş "İşıq" nəşriyyatında redaksiya müdiri vəzifəsində çalışıb. Bədii ədəbiyyatdakı uğurlarına görə Yazıçılar Birliyinin üzvü seçilib və nəhayət, bütün bu praktik uğurları onu Bakı Dövlət Universiteti Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim işləməyə sövq edib.

...Və bu andan biz onun bioqrafiyasının ən yeni səhifəsinin canlı şahidləriyik. Ayaz müəllim Azərbaycan və rus dillərini eyni səviyyədə və həm də ən yüksək səviyyədə bilən və tədris prosesində həm Azərbaycan, həm də rus bölməsində yüksək peşəkarlıqla dərs deyən bir ustad müəllimdir.

Başqalarını bilmirəm, şəxsən mən rus dilinin ən çətin terminlərini yalnız onun izahında yaxşı başa düşürəm. İndi, əlbəttə, ingilis, fransız, alman dillərini bilmək də bir dəb halındadır. Ancaq etiraf edək ki, jurnalistikanın müəllimləri hələlik daha çox rus dili vasitəsilə öz ixtisaslarını artırırlar. Rus dilini bilməyənlərinsə bu sahədə diletantlığı göz qabağındadır.

Ayaz müəllim kafedranın media nəzəriyyəsi sahəsində ən yeni fənləri tədris edir. Çünki indi onlayn, virtual aləm kimi sahələrin tədrisi dünya dillərindən ən işlək olanını bilməyi tələb edir ki, Ayaz müəllim onlardan birini bəlkə elə ən güclü rus alimi qədər bilir. Onun tədris etdiyi KİV-də menecment və reklam, Nəşriyyatda praktik iş, Çap məhsullarının ədəbi redaktəsinin əsas prinsipləri, Müasir nəşriyyat işinin aktual problemləri və s. fənlər müəllimdən son dərəcə informasiyalılıq tələb edir. Biz yenə də ən müasir kitab nəşri, poliqrafiya terminlərini bu sahədəki izahlı lüğətlərdən daha çox ondan soruşub öyrənirik. Onun tədris etdiyi fənlərə dair proqram və metodik vəsaitləri, çoxsaylı məqalələri tələbələrin çox köməyinə çatır.

Bu yerdə belə bir cəhəti də qeyd edim ki, bu gün jurnalistika təhsil sistemində hərtərəfli bilgilərə malik mütəxəssis-pedaqoqlara çox ehtiyac var. Bizim kafedrada Alxan Məmmədov, Zaur Babayev, Sevinc Əliyeva, Könül Niftəliyeva, Mirakif Babayev, Osman Gündüz kimi son dərəcə müasir təfəkkürlü, tələbə auditoriyasında informasiya texnologiyasının tətbiqi, xüsusi təlim proqramları ilə seçilən müəllimlər var. Ayaz Musayev bu sahədə özünü çoxdan təsdiq etmiş bir alim-pedaqoq kimi bizim və tələbələrimizin güvənc yeridir.

Ayaz müəllim həm də üslubu ilə, yazı manerası ilə seçilən jurnalistdir. Onun Kanadaya səfərindən yazdığı "51 gün ağcaqayın yarpağı ölkəsində" səyahət oçerki bədii publisistikanın mükəmməl nümunəsi kimi qiymətlidir. Oçerkin bir çox məqamlarındakı dəqiq və ustalıqla yaradılmış epizodlarda oxucu özünü bir anlığa müəlliflə birlikdə Kanadada - "ağcaqayın yarpağı ölkəsində" hiss edir, bu ölkənin Toronto kimi yüksək mənəviyyatlı şəhəri ilə tanış olur. Bir neçə səhifəlik (kitabda) bu oçerkdə Kanadanın şəhər dünyası, ölkənin geosiyasi vəziyyəti, məşhur Niaqara şəlaləsi, Toronto universitetinin təhsil sistemi, ölkənin yol mədəniyyəti və s. onlarca məqamların peşəkarlıqla ifadəsindən səyahət oçerkinin mükəmməl bir nümunəsi yaranmışdır ki, tədris prosesində ondan istifadə etmək olar. Onun "Dialoq" adlı kitabında toplanmış məqalə və oçerklərin, resenziyaların, araşdırmaların, xatirələrin hər birini beləcə janr sistemi ilə bağlı dərslərdə maraqlı nümunələr kimi tələbə jurnalistlərə təqdim etmək olar.

Ayaz müəllimi tələbələri - həm Azərbaycan, həm də rus bölməsindəki tələbələri çox sevirlər. Çünki Ayaz müəllim geniş biliyi, pedaqoji səriştəsi ilə bərabər, çox xarizmatik və iddiasız insandır. O, keçmiş dövrə nisbətən bu gün fakültədə çox zəifləmiş rus dilinin nadir bilicilərindən biri kimi digər əməkdaşlara öz məqalələrini bu dilə tərcümə edib, beynəlxalq arenaya çıxarmasında təmənnasız köməyi ilə də çoxlarının hörmətini qazanmışdır. Onun çoxsaylı məqlələri klassik və ən müasir jurnalistikamızın problemlərinə həsr olunur və beynəlxalq konfranslarda əks-səda verir. Ayaz müəllimi klassik jurnalistikaya yönləndirən bir faktı da qeyd edərdim. Bu, onun ailəsindən, Azərbaycan bədii ədəbiyyatının və publisistikanın ustadı kimi tanınan Qılman Musayevin - Qılman İlkinin övladı olmasından irəli gəlir. Belə bir ailə mühitində böyümüş övlad üçün Azərbaycan, Vətən sevgisi hər şeydən öndədir. Ayaz müəllim öz dərslərində dünya praktikasına  söykənməklə yanaşı, milli publisistika ənənələrimizi klassikaya sədaqət prinsipi ilə hər an dilə gətirən bir azərbaycançıdır.

Ayaz müəllim tez-tez səyahətə çıxmağı çox xoşlayır. Amerika Birləşmiş Ştatları, Türkiyə, Kanada, Rusiya onun səyahət nöqtələridir. Əziz balalarından biri Kanadada oxuyub, orada yaşamaqda, çalışmaqdadır. Bizim də az-çox tanıdığımız bu övlad - Orxan xaricdə vətənimizi ləyaqətlə təmsil edən bir oğuldur. Əlbəttə, böyük azərbaycançı, əsərlərində milli dəyərlərimizin daşıyıcısı, ustad yazıçımız Qılman İlkinin nəvəsi kimi bu oğul başqa cür ola bilməzdi. Amma bütün bunlarla belə atanın - Ayaz müəllimin tez-tez onun yanına səfəri və Orxanın tez-tez Bakıya gəlməsi, həm də onda Azərbaycan sevgisini daha da gücləndirmək məqsədi güdür. Bəzən bir Kanada səfərindən qayıdan Ayaz müəllimin söhbətlərində oğluna verdiyi nəsihətlərin də hansı yöndə olduğunu duyuruq. Bu nəsihətlərin zirvəsində Vətən sevgisi, Azərbaycan ləyaqəti ilə yaşamaq, Kanadadakı azərbaycanlı tələbələrlə birlikdə yeri düşən anda Qarabağ problemini gündəmə gətirmək kimi fundamental məsələlər dayanır.

Kanada mükəmməl ölkələrdən biridir. Ayaz müəllim hər dəfə yay tətilində Kanadaya gedir və qayıdanda bu səfərdən ürək dolusu danışır. Amma hər dəfə də bu söhbətlərinin sonunda müqəddəs bir cümləsi olur: "Hara gedirsən get, harda yaşayırsan yaşa, unutma ki, sənə şəraiti müstəqil Azərbaycan yaradıb. Ögey yerlər nə qədər cazibədar olsa da, bu dünyada Azərbaycandan, Vətəndən gözəl, əziz və müqəddəs yer yoxdur". Mənim Ayaz müəllimə hörmətimin əsas məğzində onun bu son sözləri dayanır.

Ayaz müəllim şəxsiyyətdir. O, təmiz bir müəllim - alim ömrü yaşamaqdadır. Heç nədə gözü olmayan, paxıllıqdan uzaq, iddiası ilə müddəası üst-üstə düşən, zamanın yeni çağırışlarına cavab verən maraqlı bir İNSAN-dır. İndi Ayaz müəllimin 72 yaşı tamam olur. Bu yaş tələbələrinin sevimlisi, fakültə əməkdaşlarının dərin hörmətini qazanmış bir insanın müdrik çağıdır. Mən ona elə indiyə qədər yaşadığı təmiz ömür dünyasını bu gündən sonra da beləcə davam etdirməsini arzulayıram.

 





12.02.2019    çap et  çap et