525.Az

İlahi zərrənin işığı - söz...


 

İNSANLIĞIN HAFİZİ HAQQINDA DÜŞÜNCƏLƏR

İlahi zərrənin işığı - söz...<b style="color:red"></b>

Bəşər nəslinin ən böyük sərvəti elə sözdür. Sufilər sözü işıq bilirdi - ilahi zərrənin işığı. Kimin ki ruhuna söz hakim olur və elə onun özünü də söz idarə etməyə başlayır. Sözün göstərdiyi yolla gedən adamın mərtəbəsi də ucalır.

Söz adamlar var dünyada. Başdan-başa sözə dönmüş, sözün içində dünyaya gəlmiş, sözün özü ilə böyümüş və sözünü də böyütmüş adamlar var.

Dostum Hafiz Hüseynxanlının 75 yaşı tamam olur. Söz duyğulanmaları ilə Hafiz Hüseynxanlı haqqında danışmaq istəyim təsadüfi deyil. Dünyada qəribə yazıçılar var. Onlar çox vaxt yazmırlar və yaxud çox az yazırlar. Müasirləri onları sənətin özü kim, sözün özü kimi uca tutur, yüksək qiymətləndirirlər. Ən başlıcası ona görə ki, onların sözü sözün qiymətidir. Onlar sözün hansı qiymətdə olduğunu yaxşı bilirlər. Düşüncə tərzi, təfəkkürü, bədii sözün, ədəbi sözün bütün mizanlarına uyğun gəlsə də, Hafiz Hüseynxanlı kimi ziyalılar az yazdıqlarına görə heç vaxt peşman olmurlar. Çünki onların mənəvi mühiti həmişə təmin olunur.

İstedadı görmək və duymaq, onu düzgün istiqamətləndirmək, sözün siqlətini, gücünü, ağırlıq mərkəzini göstərə bilmək Hafiz Hüseynxanlını bir ziyalı kimi xarakterizə edən əsas keyfiyyətdir. Onu görəndən, tanıyandan bu günəcən - 30 illik bir dövr ərzində həmişə belə görmüşəm.

....İNSANLIĞIN HAFİZİ -  Onu dostları elə beləcə də tanıyırlar.

Ötən əsrin 70-80-ci illəri mənim mətbuatla ilk təmas, münasibət dövrümdür. İlk yazılarımın çap olunduğu və ilk qeydlərimin işıq üzü gördüyü həmin dövrlər yaddaşımda qəribə iz buraxıb. O ilk həyəcanlar, balaca, bir-iki sütunluq rayon qəzetində dərc olunan yazılar təkcə mənim qəlbimə işıq salmırdı, məni tanıyanlar, mənə yaxın olanlar, dostlarım, ailə üzvlərim də bu yazıları görüb sevinir, qürurlanırdılar. Əlbəttə, söz ola bilməz ki, ən çox sevinən də özüm olardım. İndi hərdən o illəri yada salıb düşünəndə rayon qəzetinin redaktorlarını yada salanda düşünürəm. Onların hansı birininsə sərt, kobud münasibəti məni qələmdən ayıra  bilər, sözdən uzaqlaşdırardı.

 Yaddaşımda həmin dövrün təbiətini əks etdirən, bəlkə də, elə həmin dövrün siması olan əfsanələşmiş, nağıla dönmüş redaktorlar var. İnqilab Əliyev, Feyruz Atakişiyev, Mahmud Ağalarov, Məmmədağa İsayev, Əvəz Rzayev, Sirac Rüstəmov, Adil Şərifov, Mürsəl Qocayev, Oqtay Cəfərov, Rafiq Əliyev, Ələddin İncəli, Habil Əsədov, Habil Əsədov, Sahib Əliyev, Məcnun Namazaliyev və nəhayət, mənim haqqımda daha geniş danışmaq istədiyim Hafiz Hüseynxanlı (Cəbrayıl).

Bu ziyalıların hər biri respublikanın mətbuat aləmində öz dəsti-xətti ilə tanınan, yaradıcılıq yolu olan, yeni nəsil - 80, 90-cı illərin mətbuatında demokratiya uğrunda. Azadlıq mücadiləsi uğrunda qələmi ilə döyüşən jurnalistlər nəslinin yetişməsində, formalaşmasında əvəzsiz xidməti olan mətbuat işçiləri, mətbuat təşkilatçıları idilər. Özlərindən sonra gələnlərə elə bir dövr qismət olmuşdu ki, onlar həm təkzib olunmayan, hər cür müqavimətdə davam gətirən yazı yaza bilirdilər və eyni zamanda, təmsil etdikləri qəzetlərin simasını qoruya bilirdilər. Əgər onlar özləri birici növbədə yazmasaydılar, yaza bilməsəydilər, o dövrdə deyildiyi kimi, rayon partiya komitələrinin qılıncının altında titrəyən, o dəhşətli siyasi divanlardan salamat çıxa bilməzdi. Partiya funksionerlərinin qılınc nə qədər iti olsa da, onlar sözün qabağında titrəyirdilər. Onların ən çox qorxduğu o idi ki, söz meşin qapıları qırıb oturduqları rahat kreslodan onları bayıra ata bilər. Ləğv olunan qəzet nömrələri, nömrədən çıxarılan materiallar, hətta o dövrün ittifaq miqyasında böyük ittihamlara çevrildi. Və həmişə partiya orqanlarının başının üstündəki domokl qılıncı kimi asılırdı.

Hafiz Hüseynxanlı belə bir dövrdə Cəbrayıla rayon qəzetinin redaktoru vəzifəsinə göndərilmişdi. Ondan əvvəlki redaktorların hər biri ilə görüşlərim olmuşdu və indi mən onları xoş xatirələrlə yada salıram. Ancaq Hafiz Hüseynxanlı öz gəlişi ilə qəzetə təzə söz gətirdi. Ən başlıcası, cəsarət gətirdi. O, 80-ci illərin bir dəmir qadağasını da sındırdı - "Mətbuatda ancaq jurnalistika fakültəsinin  məzunları işləyə bilər". Bu hökm heç yerdə yazılmamışdı. Bu hökmün arxasında heç bir qanun, sərəncam və göstəriş dayanmasa da, kabus bütün ölkə mətbuatının üstündə dolaşırdı və öz hökmünü diktə edirdi.

Ötən əsrin 80-ci illərinin əvvəllərində rayon qəzetində tez-tez yazılarım çap olunurdu. Rayon qəzetinin redaktoru, ağsaqqal, müdrik bir kişi idi - Adil Şərifov. Nəsli-tayfası 30-cu illərdə repressiya olunmuşdu. Sovet dövrünün hər üzünü demək olar ki, görmüşdü. Ancaq buna baxmayaraq, mənim  "Yabançı əxlaq və onunla mübarizə" adlı yazımı çap etmişdi. Yazı yeni Konstitusiya ilə bağlı idi. Konstitusiyada yabançı və ikiüzlülük, müftəxorluq, yaltaqlıq və yarınmaq kimi keyfiyyətlərin sovet adamına yaraşmaz olduğu göstərilir və sifətlərə qarşı mübarizə aparılması təlqin olunurdu. Həmin dövrün psixologiyası ilə yanaşaraq mən də təkliflər vermişdim.

Hətta bu cəhətlərə görə həmin yazıda cəza da tələb edirdim. Yazım redaksiyada mübahisəyə səbəb olmuşdu və redaktor məni də dəvət etmişdi. Xeyli ixtisardan sonra materialın dərcinə razı oldum və hələ Adil müəllimı minnətdarlığımı da bildirdim. Sonra "Dağların gözü yolda" adı publisistik qeydlərim də çap olundu və burada da tənqidi notlarım var idi. Və bir gün eşitdim ki, rayon qəzetinin redaktorunu dəyişiblər. Qəzetə yeni redaktor gəlib - Hafiz Hüseynxanlı və ilk büroda Hafiz Hüseynxanlı cəsarətlə qəzetin problemlərindən danışıb. Redaksiyaya yeni qüvvələr gətirəcəyini bəyan edib. Texniki avadanlıqların təcili dəyişdirilməsinin vacibliyini vurğulayıb. Hətta onun özünün rayon qəzetinə gəlməsinə etiraz etməyən rayon partiya komitəsinin birinci katibi də bu qədər ciddi təkliflərin qabağında münasibətini bildirməli olub. "Biz sənin gəlişinə etiraz etmədik, ona görə ki, bu işləri özün görəsən". O vaxt büroda belə münasibətin qabağında bircə söz deyilirdi: "Baş üstə!" Amma iclasdakılar tamam başqa söz eşitdilər: "Xeyr! Əgər sizin köməyiniz olmasa, əgər siz mənim təkliflərimə tərəfdar çıxmasanız, mən heç nə edə bilmərəm".

Hafiz Hüseynxanlı qəti şəkildə sözünü deyir və əyləşir. Büro üzvləri ona him-cimlə başa salmaq istəyirlər ki, belə olmaz. Birinci katibin qarşısına bu cür tələb qoymaq rayon partiya komitəsinin nüfuzuna xələl gətirər. Hətta iclasın axırında onu tənqid etmək istəyənlərə və bununla da birinci katibə yarınmaq istəyənlərə Hafiz Hüseynxanlı bir də cavab verməli olur. "Qəzet elə bir xüsusi sahədir ki, ora ancaq rəğbətli münasibətlə müdaxilə etmək olar". Bəlkə də, birinci katib o vaxt ürəyində belə bir cəsarətli redaktor üçün razılıq verdiyinə qürurlanır, ancaq həmin dövrün psixologiyasına, düşüncə tərzinə görə bunu bildirmirmiş. Büro üzvləri, yığıncaq iştirakçıları qaya kimi sərt, sözünün keşiyində dura bilən bir redaktorla qarşılaşdıqlarını başa düşür və öz paylarını götürürlər.

Beləcə redaksiyada Hafiz müəllimlə ilk görüşüm də xatirimdədir. Həmin görüşdə adımı dedim. Ancaq o, "tanışlığa ehtiyac yoxdur, mən sizi tanıyıram" dedi. Sonra da həmin yazılarımın sərlövhələrini xatırlatdı. Gördüm ki, Hafiz müəllim mənim yazımı oxuyub.   

Yaz vaxtı idi, 80-ci illərin əvvəlləri. Günorta fasiləsinə çıxmağa bir saat qalırdı. Və hələ cədvəldə də keçmədiyim bir dərsim. Xəbər gəldi ki, məni evdə gözləyirlər. Qonaq gəlib, məktəbin direktorundan icazə alıb tez evə gəldim. Həyətdə "UAZ" maşın dayanmışdı. Və bir neçə nəfər də bağda təzə açılmış qızılgül kollarının arasında dayanıb söhbət edirdi. Tanımadığım heç kim yox idi. Ən az tanıdığım, bir-iki dəfə redaksiyada gördüyüm Hafiz Hüseynxanlı da burada idi. Rayon partiya komitəsinin təsərrüfata baxan katibi, təşkilat şöbə müdiri, xalq nəzarəti komitəsinin sədri gözdən-könüldən iraq, az qala Allahın da yadından çıxmış bir kəndə və kənd müəlliminin həyətinə nə üçün gəlmişdilər. Dəqiq deyə bilməzdim. Elə bu fikir və düşüncələrlə bu gəlişin səbəbini axtara-axtara qonaqlarla görüşdüm. Elə onların özlərinin köməyi ilə həyətdə stol açdıq. Bağçada əkdiyim göy-göyərtidən topladıq, samovar qaynadı, həyətdə toyuq-cücə, bir-iki də quzu saxlayırdıq - elə belə məqsədlər üçün, qonaq-qara gələndə kəsmək üçün. Çay süfrəsi arxasında söhbət Qurbanidən düşdü. Hafiz Hüseynxanlı dedi ki, Qurbani dirili deyil, halbuki Diri dağın ətəyində, elə Qurbaninin kəndində yaşayırdıq. Və Qurbaninin qəbri də qonaqların keçib gəldiyi dağ aşırımında, yolun üstündə idi. Mən təəccüblə Hafiz Hüseynxanlının üzünə baxdım:

- Necə yəni Qurbani dirili deyil?

- Bəli, dirili deyil, Qurbani ermənistanlıdı, gürcüstanlıdı, türkiyəlidi, iranlıdı, amma dirili deyil.

- Əgər Qurbani dirili olsaydı, onda sən indiyədək elə Qurbaninin özündən mövzu götürüb dissertasiya mudafiə etməliydin. İndiyəcən Qurbaninin məzarı səliqəyə salınmalı idi, türbə ucaldılmalı idi... bunu kim edəcək? Əgər yazmasanız, deməsəniz, yada salmasanız onda necə başa düşək ki, Qurbani dirilidir.

Hafiz Hüeynxanlı düz deyirdi.

Qonaqlar necə gəlmişdilərsə, eləcə də getdilər.

Kənddə şayiə gəzirdi. Deyirdilər ki, məni məktəbə direktor qoymaq istəyirlər. Əlbəttə, belə bir təklif olsaydı, yəqin ki, mən razı olmazdım. Çünki məktəb direktoru da yaxın qohum idi. Hətta bu şayiələr münasibətlərimizə pis təsir göstərmişdi. Aradan bir neçə ay keçdi. Demək olar ki, Hafiz Hüseynxalının o gəlişi də, o şayiələr də qalmışdı.

Mənim həyatımda bir neçə işıqlı anlar olmuşdu, ümidli anlar olmuşdu. Doğrusu, özüm də taleyin qismətilə gedib düşdüyüm həmin kənddən çıxmaq istəyirdim. Baxmayaraq ki, özümə ev-eşik qurmuşdum. Yaxşı bağ-baxça salmışdım. Ağaclar təzə-təzə meyvəyə düşürdü. Və bir gün yenə bir  "UAZ" maşını evin yanına dayandı. Ancaq bu maşın idarə maşını deyildi. Taksi xidməti göstərilən maşın idi. Taksi sürücüsünü də yaxşı tanıyırdım. Telman adlı şirin söhbətcil, adama tez qaynayıb-qarışan oğlan idi.

- Məni rayon qəzetinin redaktoru Hafiz Hüseynxanlı göndərib. Dedi ki, təcili gəlsin. İki saatdan sonra katiblə göruş başlayır.

Bir hazır tərcümeyi-hal tapıb götürdüm və bir də diplomu. Sürücü çay içənə qədər üst-başımı səliqəyə salıb maşına oturdum. Düz redaksiyanın qabağına gəldik. Şənbə günü olduğundan, ya hansı səbəbdənsə, demək olar ki, heç kim yox idi. Hafiz Hüseynxanlı ilə redaksiyanın qapısının ağzında görüşdük.

- Sənədləri ver görüm.

Mən həmin tərcümeyi-hal vərəqini və diplomu çıxarıb Hafiz müəllimə verdim.

- Elə bu?

Mən təbii ki, elə bu sualın veriləcəyini gözləyirdim.

- Doğrusu, sənədləri hazırlamağa vaxt olmadı, - dedim.

Hafiz müəllim stolun siyirtməsindən bir qovluq çıxardı. Diplomu da, tərcümeyi-hal vərəqini də qovluğun içərisinə qoydu. Bir doldurulmamış kadrların uçotu vərəqini də tapıb diplomun altında qovluğun içinə qoydu. Elə tələsə-tələsə də maşına oturub rayon partiya komitəsinə getdik.

Gözləmə otağında çox dayanmadıq. Növbətçi telefonun dəstəyini götürüb  astaca nəsə pıçıldadı. Sonra da özü qapını açıb-buyurun, - dedi.

Hafiz Hüseynxanlı şəstlə, iri addımlarla düz katibin yanına getdi. Katib də stolundan qalxıb bir-iki addım qabağa çıxdı və onunla əl tutdu.

- Yoldaş Rzayev, bu, sizə haqqında danışdığım oğlandır, savadlı və istedadlıdır. İnstitutu fərqləmə diplomu ilə qurtarıb.

- Sənədləri də hazırdır, məsləhət bilsəniz, birinci gündən işə çıxar.

- Bəs maaşı necə? Kənddəki maaşı ilə buradakı uyğun gəlir?

- Xeyr, yoldaş Rzayev, burda maaşı az olacaq. Ancaq ailə vəziyyətinə görə özü rayon mərkəzində işləmək istəyir.

- Bax buna deyirlər humanizm.

Bu sözlərdən sonra katib mənə tərəf baxdı. Deyəsən, bununla demək istəyirdi ki, hamı sənin fikirləşdiyin kimi deyil, bax, belələri də var.

Beləcə, rayon qəzetində işləməyə başladım. Sonralar onu da öyrəndim ki, Hafiz Hüseynxanlı məni işə götürənəcən nə qədər adamlardan soruşub, maraqlanıb. Tarix müəllimim Bahadır Mehdiyev haqqında onunla saatlarla söhbət edib. Və bir gün Hafiz Hüseynxanlı raykomun işçilərini, büro üzvlərini də yığıb kəndə, mənim evimə gətirməklə məqsədini qətiləşdirib. Sanki ictimai rəyi, fikri mənim xeyrimə dəyişdirənəcən nə qədər mübarizə aparıb.

Sonralar hətta mənə görə onun "başı ağrıyanda" imzalı-imzasız məktublar Mərkəzi Komitəyə, müxtəlif ünvanlara yollananda da heç vaxt peşmançılığını büruzə vermədi. Daha sonralar qəzet rayon partiya komitəsinin bürosunda müzakirə olunanda da yazılarımdan misallar gətirdi. Və əslində, məni zərbə altına düşməyə qoymadı.

İndi o illəri yada salıb ömrümün yaradıcılıqda gedən anlarını, həyatımın o dönüşü ilə müqayisə edirəm və düşünürəm. Ədəbiyyatımız üçün, sözümüz üçün, mənəvi varlığımız üçün bir iş görə bilmişəmmi - özümə sual verirəm. Əgər həqiqətən bir iş görə bilmişəmsə və dərc olunan kitablarım təqdir olunursa, ürəkləri titrədən yazılar yazmışamsa, bu yaradıcılığın bir müəllifi də var. Bu, Hafiz Hüseynxanlıdır.

Onun söz üzərində əsdiyi, sözə həssas və duyğulu münasibətini yada salıb belə qənaətə gəlirəm: yaradıcılıq nə qədər istedaddan, Tanrı vergisindən asılı olsa da, müəllimin də böyük rolu var. Sözümüz zamanın cəngindən keçənəcən dəfələrlə ələnirdi və o dövrdə Hafiz Hüseynxanlı bir rayon qəzetinin mənəvi simasını qoruduğu kimi, mənim də yazılarımın təbiətini, istiliyini, hərarətini qoruyurdu. O, yazılarla həmişə elə əlavələr gətirirdi ki, bu əlavələr yazını daha da canlandırır, mətnə emosiya verirdi. Və özü də həmişə deyirdi ki, o yazıda ki, hiss və həyəcan yoxdur, onu oxumasan yaxşıdır.

Hafiz Hüseynxanlı gözəl poeziya bilicisidir. Məmməd Arazı, Musa Yaqubu əla bilir. Və çoxları da bilmir ki, rejimi sarsıdan total  siyası mühiti dağıdan poeziyanın sətiraltı mənaları Hafiz Hüseynxanlı kimi hissiyatlı, duyumlu, millətsevər ziyalıların imzası ilə işıqlığa çıxıb. Onun "Qlavit"də işlədiyi dövr-mətbuatda dövlət sirlərini mühafizə edən idarənin məmuru olanda da ədəbiyyata, poeziyaya özünün doğması kimi baxıb. Heç şübhəsiz, Hafiz Hüseynxanlının "Qlavit"də işlədiyi dövr onun həyatının ən maraqlı səhifələridir.

Azərbaycan ədəbiyyatının görkəmli simaları ilə tanışlıq, yaxınlıq, istedadları ədəbiyyata gətirən yolları görməsi və bu yollarda istedada mənəvi dayaq durması, istedadların bütüb varlıqları ilə sözə gətirdikləri mənanın cərrah bıçağı altına düşməməsi üçün mübarizləri ayrıca bir kitabdır.

Mən Hafiz Hüseynxanlı ilə birgə işlədiyim illərdə onun necə dostları üçün, sənət adamları, ədəbiyyatımız və dilimiz üçün sipərə çevrildiyinin, istedadı sıxan məngənənin arasına düşməkdən qorxmadığının da şahidi olmuşam. Bütün bunlar onu göstərir ki, biz bəzən sözə yaradanlardan ötrü zəhmətini, əməyini, enerjisini, dəyanətini, mərdliyini əsirgəməyən adamları arxa planda olduğu üçün daha qabarıq görə bilmirik.

Hafiz Hüseynxanlı səlist qələmi olan insan təbiətindəki incəlikləri yetərincə üzə çıxara bilən nasirdir. Onu akademik Mehdi Mehdizadə, şair Gülnaz Nəzirli, yazıçı Hüseynbala Mirələmov, böyük şairimiz Məmməd Araz, Musa Yaqub haqqındakı ədəbi hadisə səviyyəsində xatirə-hekayələrini təkrar-təkrar oxusam da, hər dəfə mən gözəllik və təravət hiss eləmişəm. Yazısında bir artıq söz və bir yersiz ifadə belə işlətmir. Özünün təbiətindəki rəvanlığı, xarakterindəki ahəngdarlığı yazılarında da qoruya bilir. Hərdən mənə elə gəlir ki, Hafiz özü də bir insanlığın hafizi rütbəsindədir və bunu mənəvi mərtəbə kimi düşünüb elə bu adla da qəbul etmək olar - İNSANLIĞIN HAFİZİ.

Hafizin ən böyük keyfiyyəti kinsiz və qərəzsiz olmağıdır. Elə ona görə də sözü qurtarmır. O, sözü sevdiyi kimi, söz də onu sevir.

Hafiz gözəl dost olduğu kimi, açıq fikirli bir ziyalı olduğu kimi, ləyaqətli qələm adamı, söz adamı olduğu kimi, həm də çox mehriban və qayğıkeş atadır.

Ön cəbhədə döyüşənlər haqqında danışmaq istəyirdim. Hafiz Hüsüynxanlı ön cəbhənin əsgəri olub. Zənnimcə, onun əyalətə gətirdiyi işığın zərrələri bu gün ədəbiyyatımızın ən müxtəlif sahələrində özünü göstərməkdədir. Təravətini, gənclik əzmini, mənəvi simasını, biz sözlə, Hafizliyini qoruya bilir.

Aydınların yolu belə aydın olar.

Əli Rza XƏLƏFLİ  

 





12.02.2019    çap et  çap et