525.Az

İki sənətkar üçün bir yubiley tədbiri


 

İki sənətkar üçün bir yubiley tədbiri<b style="color:red"></b>

Fevralın 8-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış şair Ramiz Qusarçaylının 60, Əməkdar artist Ağalar Bayramovun 65 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib.

Mərasimdə Milli Məclisin deputatları, ziyalılar, şair və yazıçılar, tanınmış incəsənət nümayəndələri, sənətsevərlər və jurnalistlər iştirak ediblər.

Ramiz Qusarçaylının yaradıcılığında Vətəni tərənnüm edən, xalqımızın dünənini və bu gününü əks etdirən şeirlərin xüsusi yer tutduğunu vurğulayan millət vəkili, akademik Nizami Cəfərov bildirib ki, görkəmli söz ustalarımız onun yaradıcılığına yüksək dəyər veriblər: "Bu gün isə o, özü bir ustaddır. Elə götürək onun dillər əzbəri olan "Azərbaycan bayrağı" şeirini... Mənim fikrimcə, bu şeir Səməd Vurğunun "Azərbaycan" şeiri ilə polemikaya girmək qüdrətindədir. Bu mənada bu şeir çağdaş ədəbiyyatımızın ən gözəl siyasi lirika nümunəsidir".

Ağalar Bayramov haqqında danışan millət vəkili bildirib ki, o, ürəyəyatımlı səsi ilə şeirlərə sanki yeni nəfəs verir. Neçə-neçə ədəbi dühanın, görkəmli şair və yazıçıların əsərləri onun səsi ilə sevilib, ölməzlik qazanıb və insanların yaddaşında dərin iz buraxıb. Onun repertuarında məslək ortağı Ramiz Qusarçaylının şeirləri isə ayrıca yer tutur.

Milli Məclisin deputatı, şair Musa Urud bu tədbiri sözün bayramı kimi xarakterizə edib və bildirib ki, Ramiz Qusarçaylı ilə Ağalar Bayramov fikir, əqidə qohumlarıdırlar.

Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova Ramiz Qusarçaylının "Azərbaycan bayrağı"nın Ağalar Bayramovun ifasında daha möhtəşəm dalğalandığını qeyd edib: "Mən də istəyirəm ki, "Azərbaycan bayrağı"na bir mahnı həsr edim. Güman edirəm ki, bu yaxınlarda istəyim reallaşacaq".

Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışında vurğulayıb ki, Ağalar Bayramov Qarabağ dərdimizi, Xocalı yaramızı əks etdirən bədii nümunələri böyük yanğı ilə təqdim edir. Q.Paşayeva R.Qusarçaylının 17 yaşında ikən Xalq şairi Osman Sarıvəlli tərəfindən ona verilmiş "Qusarçaylı" təxəllüsünü, daha doğrusu, ustadının etimadını doğrultduğunu da xusüsi vurğulayıb.

Daha sonra Prezident Aparatının məsul işçisi İsrafil Qurbanov, "Azərmətbuatyayımı" ASC-nin sədr müavini İlham Ələsgərov, şair Əjdər Ol, Ucar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd Bayramov, professor Buludxan Xəlilov, Xalq artisti Alim Qasımov və başqaları hər iki yubilyarla bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin bədii hissəsində aşıq Ədalət Dəlidağlı, Əməkdar artist Elnur Zeynalov, Muğam Müsabiqəsinin qalibi Pərviz Qasımov çıxış ediblər.

Əməkdar mədəniyyət işçisi Lətifə Məmmədova Ramiz Qusarçaylıya uğurlu yaradıcılığa görə YUNESKO-nun Fəxri Fərmanını ilə təqdim edib.

Sonda üçrəngli bayrağın dalğaları altında Ağalar Bayramovun ifasında Ramiz Qusarçaylının "Azərbaycan bayrağı" şeiri səslənib.

Şahanə MÜŞFİQ

 





12.02.2019    çap et  çap et