525.Az

Mədəniyyət işçiləri üçün nəzərdə tutulan kursların istiqaməti müəyyənləşdi


 

Mədəniyyət işçiləri üçün nəzərdə tutulan kursların istiqaməti müəyyənləşdi <b style="color:red"></b>

Aparılmış təhlillərin nəticələrini və ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji hədəfləri nəzərə alaraq Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən regionlarda təşkil olunacaq və mədəniyyət işçilərinin tətbiqi biliklərinin təkmilləşdirilməsi, habelə, onların kreativ peşə səriştələrinin formalaşmasına xidmət edəcək kursların əsas istiqamətləri müəyyən olunub.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, təşkil olunacaq kursların mövzuları mədəniyyət işçilərinin bütün kateqoriyalarını əhatə edəcək. Kurslarda “Mədəniyyətdə marketinq”, “Tədbirlər siyasəti”, “Nitq mədəniyyəti”, “Müasir mədəniyyət işçisinin peşə fəlsəfəsi”, “Müasir mədəni menecment”, “Kreativ peşə səriştələri”, “Mədəniyyət siyasəti”, “Mədəniyyətdə PR strategiyası”, “Kreativ sənaye”, “Dövlət idarəetmə sistemi və qanunvericilik”, “Muzey işi”, “Klub işi”, “İncəsənət müəssisələrinin idarə olunması” və bu kimi mövzulardan danışılacaq.

Kursların təşkilində mədəniyyət sahəsində ilk dəfə olaraq sosial tərəfdaşlıq təcrübəsindən geniş istifadə edilməklə mədəniyyətin digər sahələr ilə səmərəli və işgüzar inteqrasiyası təmin olunacaq. Belə ki, kreativ və sənaye vərdişlərinin formalaşdırılması məqsədilədigər sahələrdə istifadə olunan metodların tətbiqi ilə yanaşı, fərqli sferalarda çalışan mütəxəssislərin də cəlb olunması nəzərdə tutulur.

Kurslar mədəniyyət müəssisləri və regionlarda fəaliyyət göstərən ali təhsil ocaqları və digər ixtisaslaşmış müəssisələrdə də təşkil olunacaq. Ali məqsədi kreativ vərdiş və səriştələrin formalaşdırılması olan kurslar zamanı yoldaşlıq və yaradıcılıq mühitinin dəstəklənməsi məqsədilə mərkəz tərəfindən müxtəlif layihələrin icrası da planlaşdırılır.

Qeyd edək ki, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunacaq. Müasir dünyada tükənməz resurs mənbəyi kimi qəbul olunan kreativ bacarıqlar, eyni zamanda, rasionallıq göstəricisidir. Bu səbəbdən mədəniyyət müəssisələrinin əməkdaşları arasında formalaşacaq kreativ keyfiyyətlər ilk növbədə səmərəli fəaliyyətin təminatı kimi çıxış edəcək və mədəniyyət müəssisələrinin sosial aktuallığının da dəstəklənməsinə yardımçı olacaq.

 





12.02.2019    çap et  çap et