525.Az

Aydın Mirzəzadə: "Bunun ağrısını Ermənistan özü çəkəcək"


 

Aydın Mirzəzadə: "Bunun ağrısını Ermənistan özü çəkəcək"<b style="color:red"></b>

"Azərbaycan işğalçı və təcavüzkar Ermənistanın nə dediyinə deyil, nə etdiyinə diqqət yetirir və qiymət verir. Azərbaycanın, rəsmi Bakının Ermənistan Azərbaycan münaqişəsinin həllində əsas tələb etdiyi məsələ Ermənistan silahlı birləşmələri, işğalçı qoşunlar tərəfindən işğal olunmuş əzarilərin boşaldılması məsələsidir. Eyni zamanda, Azərbaycan öz vətəndaşları olan Dağlıq Qarabağ erməniləri, Qarabağın erməni icması ilə də danışıqlara hazırdır. Ancaq bir şərtlə ki, onlar Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını qəbul etsinlər, bu prinsiplərə hörmətlə yanaşsınlar. Yəni Azərbaycanın ərazi bütövlüyü təmin edilməyənə, işğalçı qoşunlar işğal olunmuş ərazilərdən çıxarılmayana qədər Dağlıq Qarabağla, erməni icması ilə bağlı hansı bir statusdan, hansısa danışıqlardan söhbət gedə bilməz".

Bunu "525"ə açıqlamasında politoloq, millət vəkili Aydın Mirzəzadə Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan parlamentinə Qarabağ məsələsi ilə bağlı proqram təqdim etməsinə və həmin proqramda Dağlıq Qarabağın müstəqilliyi, müstəqil tərəf kimi danışıqlar prosesinə cəlb edilməsi ilə fikirlərin yer almasına münasibətini bildirərkən deyib.

Millət vəkili deyib ki, əgər işğal faktı aradan qaldırılarsa, işğal olunmuş ərazilər boşlaldılarsa, Azərbaycanın suverenliyinə hörmət, qanunlarına əməl edilərsə, Dağlıq Qarabağın erməni icmasının problemləri ilə də məşğul ola bilərik.

"Bu gün isə məhz məlum işğal faktına görə bu işlərlə məşğul ola bilmirik. Ancaq əgər Ermənistan danışıqlar prosesindən yenidən kənara çəkilərsə, uzun illər davam edən danışıqlar prosesini növbəti dəfə pozarsa, "öz müqəddəratını təyinetmə" məsələsini təzədən ortaya atarsa, danışıqlarda Dağlıq Qarabağın tərəf kimi müstəqil şəkildə iştirak etməsinə təkid edərsə, o zaman Azərbaycanın digər təsirli variantlardan istifadə etmək imkanları var və bu imkanlardan yararlana bilər. Bu imkanların ağrısını isə heç şübhəsiz ki, Ermənistan özü çəkəcək. Əgər 2016-ci ilin Aprel döyüşlərində Azərbaycan Ermənistanın növbəti dəfə qeyri-konstruktivliyi, pozuculuq fəaliyyəti və atəşkəsi pozması üzündən hərbi əməliyyatlara əl atmaq məcburiyyətində qaldısa və Ermənistana öz yerini göstərdisə, eyni zamanda, proseslərin məhz bu məcraya yönəlməsində "rolu" olan Sarksiyan və onun hərbi-xunta rejimi tarixin zibilliyinə atıldısa, o zaman növbəti Aprel əməliyyatlarında Paşinyanın hökumənin nə cür duruş gətirəcəyi özü maraqlıdır. Yaxşı olardı ki, bunu da bir az düşünəydilər. Odur ki, indiki halda Dağlıq Qarabağın hansısa statusundan və erməni icmasının hansısa statusla danışıqlar masası arxasında əyləşməsindən söhbət belə gedə bilməz".

Kamil HƏMZƏOĞLU

 





14.02.2019    çap et  çap et