525.Az

Cümhuriyyət tələbələri Fransada


 

Cümhuriyyət tələbələri Fransada<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Hacıyev Xaspolad bəy İsmayıl bəy oğlu (1900, Şuşa şəhəri). 1917-ci ildə İrəvan kişi gimnaziyasını bitirmiş, Petroqrad dağ-mədən institutuna daxil olmuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmağa məcbur olmuşdu.

Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Fransaya göndərilmişdir. X.Hacıyev öncə Parisdə oxuyub. Fransa, İtaliya, Almaniya və Türkiyədəki dövlət təqaüdçüsü olan Azərbaycan tələbələrin 10 avqust 1920-ci il tarixli siyahısında onun adı Parisdə oxuyan tələbələr içərisində keçir. Onun Parisdə nə qədər və hansı ixtisas üzrə oxuduğu dəqiq bilinmir. Ancaq 4 il sonra onun Almaniyada toxuculuq ixtisası üzrə oxuduğu barədə də məlumat var. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.

Hüseynov Zeynalabdin Adil oğlu (1900, Salyan). 1918-ci ildə Lənkəran gimnaziyasını əla qiymətlərlə bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə Fransaya ali təhsil almağa göndərilmişdir. Paris Universitetinin tibb fakültəsinin uşaq xəstəlikləri şöbəsinə qəbul olunmuşdur. Cümhuriyyət tələbələrinin təqaüdü kəsiləndə Zeynalabdin bəy axşamlar dəmir yolunda fəhləlik etməklə təhsil haqqını ödəmişdir. Elə bu zaman iyirmi yaşlı gənc universitetin iqtisadiyyat fakültəsinin tələbəsi, fransız qızı Tereza ilə ailə qurmuşdur. 1925-ci ildə gənc ər-arvad Azərbaycana gəlmişdir. Ancaq onlara Fransada verilmiş diplomlar Azərbaycanda qəbul edilməmişdir.

Zeynalabdin bəy ikinci dəfə ali təhsil diplomu almaq üçün Kiyevə getmiş, imtahan verərək, 1927-ci ildə yeni diplomla Azərbaycana qayıtmışdır. Bundan sonra, Z.Hüseynbəyov Bakıda uşaq klinikasında işləmiş, 1935-ci ildə isə Azərbaycan Tibb İnstitutunun dosenti olmuşdur. Z.Hüseynbəyov xaricdə təhsil almış, fransız, ingilis, alman və rus dillərini mükəmməl bilən Azərbaycanın ilk pediatr professoru idi.

Fəqət sovet rejimi 1940-cı ildə Hüseynbəyovu sürgünə göndərmişdir. Həyat yoldaşını Qazaxıstana yola salan qırx bir yaşlı Terezanın kədərli günləri başlanır. Repressiyanın dəhşətli maddələrinə görə, o, ya ərindən imtina etməli, ya da sürgün olunmalı idi. Tereza ərinin yanına getməyı üstün tutur. Ancaq onu Qazaxıstana deyil, Sibirə sürgün edirlər və orada dünyasını dəyişir...

1948-ci ildə cəza müddətini başa vuran Z.Hüseynbəyov vətənə qayıdır. Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Vəli Axundovun köməkliyi ilə Yevlax rayonuna baş həkim vəzifəsinə göndərilir. Sonra Tibb institutunun rektoru Bahadur Eyvazov onu uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsinə təyin edir. Fransada ali təhsil almış məşhur həkim Azərbaycan SSR-də Uşaq Həkimləri Cəmiyyəti İdarə Heyətinin sədri seçilir. 1969-cu ildə vəfat etmişdir. Hazırda Salyan rayon uşaq xəstəxanası onun adını daşıyır.

Xudaverdiyev Əlibala Hacı Mürtəzaqulu oğlu (1901, Navahi kəndi). Ə.Xudaverdiyev ilk təhsilini Bakıda alıb. 7 dekabr 1919-cu ildə Maarif Nazirliyinə yazdığı ərizədə onu xaricə göndərilən tələbələr sırasına salmağı xahiş edərək, Parisdə, yaxud İsveçrədə Politexnik İnstitutuna girmək istədiyini bildirmişdir. Bir müddət Parisdə oxuyub, sonra təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Almaniyanın Bonn Universitetinə daxil olmuşdur. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Quluyev Mirzəhüseyn Kərbəlayı oğlu (1900, Bakı şəhəri). Bülbülə kəndinin sakini Mirzəhüseyn Quluyev 1 sentyabr 1911-ci ildə Bakı 2-ci kişi gimnaziyasına girərək 24 may 1919-cu ilədək orada oxumuşdur. 5 noyabr 1919-cu ildə Maarif Nazirliyinə yazdığı ərizədə Fransaya, Paris Universitetinin təbiyyat fakültəsinə göndərilməsini xahiş etmişdir. Parisdə ali təhsil alan M.Quluyev sovet hakimiyyətinə qarşı barışmaz mövqedə durduğuna görə 1923-cü ildən sonra təqaüddən məhrum edilmişdi. Bundan sonra onun başına nələrin gəldiyindən xəbər yoxdur.

Mirqasımov Zeynəlabdin Mirələsgər oğlu (1887, Bakı şəhəri). Z.Mirqasımov İstanbulda Osmanlı İmperator liseyini bitirmiş, sonra Fransanın Nansi Universitetinin elektronika şöbəsində təhsilini davam etdirmişdir. 1919-cu il iyul ayının 31-də Zeynalabdin bəyin Azərbaycan Respublikası Xalq Maarifi Komissarlığına yazdığı ərizədən məlum olur ki, həmin vaxt o, Daxili İşlər Nazirliyində kargüzar vəzifəsində işləmişdir.

Z.Mirqasımov Azərbaycan hökumətinin vəsaiti ilə 1919-cu ildə Paris Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmək arzusunda olmuşdur. Fransada vətən həsrəti ilə alışıb-yanan hüquqşünas otuz iki yaşında kəskin sarsıntılar keçirərək 1929-cu ildə intihar etmişdir.

Zeynalabdin bəy Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mir Əsədulla Mirqasımovun qardaşıdır.

Muradov Abbas Həmid oğlu (1897, Şuşa). 1912-ci ildə Ağdam rus-Azərbaycan məktəbini və 1918-ci ildə Peterburq realnı məktəbini bitirdikdən sonra bir müddət Ümumrusiya Müsəlmanlar ittifaqının icraiyyə komitəsində işləmiş, Azərbaycan Xalq Cümhuriyyəti Himayədarlıq nazirliyinin qaçqınlarla iş şöbəsində çalışmışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921-22-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında onun təhsilini uğurla davam etdirdiyi, Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında isə onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi.

Abbas bəy Muradov Paris universitetinin tibb fakültəsini bitirdikdən sonra cərrah işləmişdir. A.Muradov 1978-ci ildə Fransada vəfat edib.

Muradov Məhəmməd bəy Fəxrəddin oğlu (1900, Şuşa) Parisdə tibb təhsili alsa da, SSRİ-yə qayıtmağı barədə heç bir məlumat yoxdur, arxivlərdə də onun haqqında cinayət işinə rast gəlinmir. Təəssüf ki, onun sonrakı fəaliyyəti və ölüm tarixi barədə hələlik heç bir bilgi əldə etmək mümkün olmamışdır.

Rəhimov Cəbrayıl Məmmədrza oğlu (1892, Bakı). 1912-ci ildə Şamaxı realnı məktəbini bitirmiş, Moskva Kommersiya İnstitutuna daxil olmuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Fransaya göndərilmişdir. Rəhimov ali təhsilini Parisdə alıb. O, burada fəal tələbələrdən olub. Fransadakı Azərbaycan Tələbələri Birliyinin sədri olub. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Rzayev Tağı Əsgər oğlu (1895, İrəvan). İrəvan kişi gimnaziyasını bitirmişdir (1916). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qəranna əsasən Parisdə təhsilə başlamışdır. Sonrakı taleyi haqqında dəqiq məlumat əldə olunmamışdır.

 Topçubaşov Rəşid bəy (1900, Tiflis şəhəri). 1918-ci ildə Bakı realnı məktəbini bitirmişdir.Yeniyetmə yaşlarından ölkəsinin müstəqillik davasına qatılmışdır. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən, təhsilini hüquq sahəsində davam etdirmək üçün Fransaya - Paris Universitetinə göndərilmişdir. O, bir neçə xarici dil bilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin Paris sülh konfransına yollanan nümayəndə heyətinin sədri  Əlimərdan bəy Topçubaşovun - atasının şəxsi katibi olmuşdur.

Cümhuriyyətin süqutundan sonra R.Topçubaşov Sovet Azərbaycanın verdiyi təqaüddən imtina etmişdir. Ailəsinin üzləşdiyi maddi və mənəvi sıxıntıların nəticəsi kimi meydana çıxan vərəm xəstəliyi səbəbindən o, 1924-cü ildə Parisdə vəfat etmişdir.

Seyidəliyev Mirməhəmmədrza Mirabutalıb oğlu (1898, Şamaxı). M.Seyidəliyev 4 sentyabr 1909-cu ildən 24 may 1919-cu ilədək Bakı 2-ci kişi gimnaziyasında oxuyub. Seyidəliyev 8 noyabr 1919-cu ildə maarif nazirinə yeni ərizə yazaraq Berlin şəhərində tibb fakültəsinə göndərilməsini xahiş edib. Lakin Seyidəliyev Fransaya göndərilmiş tələbələr içərisində olub. O, 10 avqust 1920-ci il siyahısında da Fransada, Parisdə göstərilib. Azərbaycan Tələbələri Birliyinin siyahısında (1922-25-ci illər) isə onun adı yoxdur. Ali təhsilini bitirdikdən sonra SSRİ-yə qayıtmayıb.

Şeyxzaman İsaq bəy Musa bəy oğlu (1897, Sarov/Goranboy). İ.Şıxzamanov Paris Universitetinin hüquq fakültəsinin tələbəsi olmuşdur. Sovet hakimiyyəti dönəmində diplomatiya və pedaqogika kimi iki ən müxtəlif sahədə fəaliyyət göstərmişdir. 1941-si ildə İsaq bəy  Şıxzamanov 8 illiyə məhkum edilərək islah əmək düşərgələrinə göndərilib. Sonrakı taleyi haqqında dəqiq məlumat əldə olunmamışdır.

Vəkilov Mustafa ağa (1899, Qazax qəzası). M.Vəkilov görkəmli ictimai xadim Məhəmməd ağa Vəkilovun ailəsində anadan olmuşdur. 1917-ci ildə Tiflis kişi gimnaziyasını bitirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdəki daimi nümayəndəliyində tərcüməçi işləmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini hüquq sahəsində davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir.

Mustafa ağa Vəkilov təhsilini başa vurduqdan sonra Bakıya qayıdıb. O, 1924-1927-ci illərdə Azərbaycanın ədliyyə orqanlarında çalışmışdır. 1927-ci ildən Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində pedoqoji və elmi fəaliyyətlə məşğul olub. 1930-31-ci tədris ilində aspiranturanı bitirərək (aspiranturasının ilk buraxılışı) hüquq elmi üzrə dosent, 1935-ci ildə isə professor dərəcəsi alan ilk hüquqşünas alim olub. 1941-ci ilin yanvarın 25-də M.Vəkilov "antisovet-millətçi təşkilatda iştirakına görə" cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib, 1943-cü ildə sürgündə vəfat edib.

Vəzirov Aslan bəy Zeynalabdin bəy oğlu (1898, Bakı şəhəri). 1915-ci ildə Bakı realnı məktəbini qızıl medalla bitirib və həmin ildə Sankt-Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1917-ci ildə orada baş verən hadisələrlə bağlı təhsilini yarımçıq qoyub. 1919-cu ildə Cümhuriyyətin göndərişi ilə Fransaya ali təhsil almağa gedib. 1925-ci ildə Paris Universitetinin fizika-kimya və Nansi Geologiya İnstitutunun geologiya fakültələrini bitirib Bakıya döndü.

Əmək fəaliyyətinə Azərneftin geoloji-kəşfiyyat idarəsində başladı. Eyni vaxtda da Azərbaycan Politexnik İnstitutunda dərs deyirdi. 1930-cu ildə professor elmi adı alaraq institutun kristalloqrafiya, mineralogiya və petroqrafiya kafedrasına rəhbərlik etdi. İnstitut iki müstəqil ali məktəbə bölünəndə Azərbaycan Sənaye İnstitutunda pedaqoji fəaliyyətini davam etdirdi. A.Vəzirov keçmiş SSRİ-nin yüksək mükafatlarına layiq görülmüşdür.1984-cü ildə vəfat edib.

Bu məqalənin müəllifi keçən əsrin 70-ci illərində Azərbaycan neft və kimya İnstitutunda oxuyarkən professor A.Vəzirovun mühazirələrini dinləmişdir. Mühazirə və praktiki məşğələlər zamanı bəzi hallarda o, Paris Universitetində təhsil illəri haqqında maraqla danışar, həmin ali təhsil müəssisəsinin tələbə biletini qürurla tələbələrə göstərərdi. Bu gün 50 il keçəndən sonra görkəmli professor, layiqli elm xadimi A.Vəzirovun tələbəsi olduğumu qürur hissi ilə deyirəm.

Rövşən AĞAYEV

(Ardı var)

 





14.02.2019    çap et  çap et