525.Az

Rüstəm Behrudi yaradıcılığında demonizm motivləri


 

Rüstəm Behrudi yaradıcılığında demonizm motivləri<b style="color:red"></b>

Əsrlər boyu bəşəriyyətdə baş verən ictimai-siyasi, tarixi hadisələr ədəbiyyatda bədii lövhələrlə təqdim olunaraq oxucunu düşündürmək, neqotiv və pozitiv əməllər arasında gedən mübarizəyə aydınlıq gətirmək məqsədi daşımışdır. Bu məqsədlə söz sənətkarları zaman-zaman antik Yunan fəlsəfəsinə Yaxın və Orta Şərqdə yaradılmış fəlsəfi görüşlərə, çoxallahlıqdan təkallahlığa doğru bəşəriyyətin keçdiyi böyük fəlsəfi təfəkkür məhsullarından bəhrələnmişlər. Bu məsləkə qulluq edən yazarlar ideyalarının həlli yollarını müxtəlif mifik, mücərrəd və onlara xas olan xüsusiyyətləri özlərində daşıyan həyati obrazların köməkliyi ilə tapmağa çalışmış, müxtəlif xalqlar arasında yayılmış əsatir və əfsanələrdən, mifoloji görüşlərdən istifadə etmişlər. Bədii sözün qüdrəti ilə sənət inciləri yaradan sənətkarlar əsərlərinin fəlsəfi tutumunu artırmaq üçün müraciət etdikləri fəlsəfi görüşlərdən biri də Demonizmdir. İndiyə qədər qələmə alınmış demonizm motivləri üzərində köklənən əsərlərdə Allah, İnsan və İblis obrazları daima və mübahisə obyektinə çevrilib.

Sual olunur: Demonizm nədir və o, ilkin cövhərini haradan götürmüşdür?

Dəqiq mənbələrdən aldığımız məlumata görə Demonizm – insan qəlbinin çırpıntı və çılğınlığını, onun sahilsiz ehtirasını obrazlaşdıran mifik – fəlsəfi rəmzlərlə bağlı fikri-estetik anlayış sayılır. Demonizim bədii materiala çevrilərkən romantizmlə eynikökə- insanın parlaq idealla dolu, sirli, mürəkkəb, ziddiyyətli, təlatümlü mənəvi aləminə bağlı olduğunu göstərir. Bu “Avesta”da allahlar Allahı sayılan Zərvan obrazı ilə bağlıdır.

Demonizm hansı dövrü əhatə edib, hansı fəlsəfi qanunauyğunluqlara əsasən dəstəklənibsə, bütün hallarda bu motivə müraciət edən müəlliflər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Qədim zamanlardan başlayaraq müasir dövrümüzə qədər mərhələlərlə izlədiyimiz ədəbiyyat nümunələrinin yaradıcıları tənqidçilər tərəfindən çox zaman Demonu təsəvvürlərində yaradıb, əsərlərində təqdim etdiklərinə görə demonik şəxsiyyətlər adlandırılmışlar.

Məsələn, Hegel Sokratın “Deomon-Allahımın səsi” deyərək səcdəyə enməsini antik dünya üçün “qəhrəmanlıq cəsarəti; heyrətamiz insan üsyankarı” kimi qələmə verib. Hətta Platon müəlliminin təsiri ilə “müdrik və xeyirxah adam nə isə demonik keyfiyyətə malik olur” nəticəsinə gəlmişdir.

Sokratdan fərqli olaraq Göte insan daxilində hayqıran Demonda həm gözəllik görür, həm də əcaiblik, şər görür. Göte “Sokratın ruhu” kimi qiymətləndirdiyi Demonu “hərəkətdə olan sirli qüvvə” adlandırıb.

Belinski Amerika romantizminin görkəmli simalarından olan Kuperi “div təbiətli, yenilməz nəhəng sənətkar”, Lermontovu “dərin qüdrətli ruh”, A.S.Puşkin C.Bayronu “atəşli Demon” Sertel Nazim Hikməti “mavi gözlü div”,  adlandırmışdı, Tomas Mann Nitsşe və Dostoyevskini “inkarçı dahi”, “cəhənnəm övladları”, “nəhəng günahkarlar” adlandırmışdır.

Bütün səmavi dinlərdə şər qüvvənin rəmzi kimi qəbul olunan İblis dünya ədəbiyyatında rəngarəng personajlar, müxtəlif mübarizə yolunu seçmiş varlıqlar kimi göstərilib. Dünya ədəbiyyatında XVIII – XXI əsrləri daxil etməklə demonizm ideyasının evolüsiyasının şahidi oluruq. Demonik başlanğıc istər mifologiyada, istər fəlsəfədə, istərsə də poeziyada; hər zaman “cəmiyyət və şəxsiyyət azadlığı” ideyası ilə əlaqədar meydana çıxır.

Tarixi kökləri, minillikləri adlayan Azərbaycan ədəbiyyatında da demonizm motivləri sənətkar qələmi ilə müxtəlif aspektlərdə gizli və aşkar şəkildə təqdim olunmuşdur. Bu, poeziyada İ.Nəsimi, M.Füzuli, M.Hadi, A.Səhhət, H.Cavid və s. kimi söz bahadırlarının əsərlərində özünü qabarıq şəkildə büruzə verir.

Ədəbiyyatımızda bu mövzuya yanaşmada yuxarıda adları çəkilən sənətkarlar içərisində H.Cavid yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Onun “Şeyx Sənan” və “İblis” əsərləri, xüsusən, “İblis” faciəsi əvəzolunmaz sənət nümunəsidir. Bu əsər şərə qarşı qüvvətli etirazın bədii ifadəsidir.

Müasirlərimiz sırasında demonizm motivlərinə ən çox müraciət edən şairlərdən biri də R.Behrudidir. Sadə şeir çərçivəsindən kənara çıxan, öz dövrünün əldə etdiyi mədəni nailiyyətləri, ideoloji cərəyanları, fəlsəfəsi ilə, o cümlədən mifoloji görüşlərlə təmasda inkişaf etmiş, özünəməxsus tərzdə ictimai fikrin ifadəçisinə çevrilmiş R.Behrudi poeziyasında xeyirlə şərin, işıqla zülmətin toqquşmasına əsaslanan dünyagörüşü cəlbediciliyi ilə fərqlənir. Onun yaradıcılığında demonizm motivləri əks etdirən nurla zülmətin mübarizəsi, İblislə insanların münasibəti və Allahın mövqeyi haqqında təsəvvürləri araşdırarkən maraqlı və ziddiyyətli məqamlarla üzləşirik. Apardığımız ilkin araşdırmalar zamanı müəyyən etmək olur ki, Şərqin bədii-fəlsəfi fikrinə bağlılıqla, türkün ilkin yaradılış dünyagörüşündən, ulularımızın mənəvi dünyasında yaranmış fəlsəfi təfəkkürün əksi R.Behrudi yaradıcılığında islamiyyətdən çox-çox öncə mövcud olan Şaman inancından qaynaqlanması ilə əlaqədardır. Qədim türk əsatirlərində Tanrının və tayfa başçılarının nurla, işıqla bağlılığı şairin poeziyasında bütov bir fəlsəfi sistemə çevrilir. Bu baxımdan onun işığa, nura müraciəti ilkin inanc mənbəyinin olmasının sübutudur.

Şamanlar işığın, odun köməyi ilə müqəddəs ruhlarla əlaqəyə girərək, oxuduqları dualardakı sözlərin köməkliyi ilə qara qüvvələri dəf edirlər. Behrudinin də şərə qarşı mübarizəsinin ilk silahı işıqdır.

Canım işıq, gözüm işıq,
Nur içində sözüm işıq.
Anamın üzünün nuru,
Gözlərimin qarası işıq.
Gündoğandan günbatana,
Bacılarımın sevgilisi,
Qardaşlarımın yarası işıq.

Şairin fikrincə “işıq türk xalqlarının ilkin körpəlik dövrünün mifik düşüncə tərzinin əsas ünsürlərindən biridir. İşığın müqəddəsliyi xalqımızın yaradılış haqqında inamın ilkin mənbəyidir. Hətta bizim İslama inam gətirməyimiz bu inanca olan sevgimizi ruhumuzdan silə bilməmişdir”.

Mifik dünyagörüşündən, türklərin göy adamları olmalarından bəhs etmək onun poeziyasında özünəməxsus mifik obrazların müasir cəmiyyətlə sintezinə gətirib çıxarır. Türklərin göy adamları olduğuna əsaslanan şair “Sən göy adamısan” şeirində dünyanın ilkin yaradılmışından dünyanın sonunu soruşur:

Sən göydən gəlmisən, göy adamısan,
Tanrının işindən bir xəbər denən.
Nə qalır sonuncu Tanrı dərsinə,
Qiyamət gününə nə qalır, de nə?
 
Şair  “Nə qalır sonuncu Tanrı dərsinə” deyəndə Tanrının qiyamət gününə qədər İblisə verdiyi “aman”dan söz açır. Onun fikrincə, İblislə gizli sazişi olan Tanrı İblisə verdiyi aman fövqindən o, İblisin iradəsinə və şər qüvvənin əməllərinə uymuş bəndələrini araşdırıb qiymətləndirmək istəyir. Şairin düşüncəsinə görə, İblisə uymuş insanlar qiyamət günündə də Allaha qarşı çıxdıqlarına görə günahkar olacaqlar.

Onun yaradıcılığında dünya filosoflarının və söz sənətkarlarının düşüncələri ilə üst-üstə düşən fikirlərlə rastlaşırıq. Alman filosofu İ.Kantın dediyi “xeyir qüvvə bir rənglə – nurla ifadə olunub. Şər qüvvə isə rəngarəngdir – cəlbedicidir” fikrini

Hamının tək Allahı,
Hər kəsin öz şeytanı var. –
 
misralarında görürük. Şairin gəldiyi bu qənaət əsl poetik tapıntıdır. Deməli xeyir tək Allahdır, şeytan isə şər əməlləri rənarəng olduğundan hər kəs özünəuyğun şəri seçib yaşayır, yəni o şər onu seçən bəndələrin sayı qədər çoxdur.

Çox zaman R.Behrudi dövrün ictimai-əxlaqi məsələlərini mifoloji təfəkkür axarında təqdim edir. Belə ki, o cənnətin yaşayış qayda-qanununu pozan, Alllahın hökmünə müxalif çıxan Adəmlə Həvvanın cinayət addımından söz açarkən, H.Caviddən fərqli olaraq ilk əcdadların psixoloji vəziyyətindən deyil onları bu addıma vadar edən əsil günahkarı araşdırmağa cəhd edir. O, nə üçünsə günahı Adəmdən çox Həvvada görür və düşünür ki, törətdiyi cinayətlərə görə Allah sonda İblisi mükafatlandıraraq öz əslinə qaytaracaq, yəni oda-atəşə atacaq. Şair Həvvanı da “Şeytanın doğum günü” şeirində belə təsvir edir:

Bu ziyafətdə ilk qonaq,
Adəmdi, sən Həvvaya bax.
Cəhənnəmə od vuracaq,
Atəşdən nam-nişanı var. –
 
deyən şair  “mən bilirəm ki, hər kəsin şeytanla ortaq bir anı var” fikrini söyləsə də şeytanla ancaq Həvvanın ortaq xüsusiyyətlərini vurğulayır. Bunu bədii fənd kimi də qəbul edə bilərik. Lakin dünya demonizm poeziyasının əksər səhifələrində müəlliflər qəhrəmanı ətalətdən qurtuluş yolunu Prometey əzəmətinə çıxan meydana aparır. Götenin “Faust” əsərində Faustu Marqaritanın, H.Cavidin “Şeyx Sənan” faciəsində Xumarın xəyalı öz ləzzətli vüsal vədləri ilə arxasınca salır. Cavid bu əsərində eşqin dini etiqad üzərində təntənəsini, bütün buxovları dağıtmaq qüdrətini nümayiş etdirir. Götenin də, Cavidin də qəhrəmanları öz keçmişlərinə qadına olan münasibətləri ilə, sevgi ilə son qoyurlar. Behrudinin lirik qəhrəmanının “sevgisi ölümə, ölümü isə sevgiyə oxşayır”.

 

Sevdim, sevib canı atdım

Başımdan sevdanı atdım.

Öldüm, ölümdən qayıtdım

Ölüm məni tanımadı. –

 

deyərək “ölüm mələyi əzab çəkim deyə məni qəbul eləmədi” –  söyləyir.

Şairin yaradıcılığında diqqəti çəkən məsələlərdən biri budur ki, onun demonizm motivli əsərlərində İblisin silsilə bədii şəxsiyyət modelləri ilə rastlaşmırıq. Eyni zamanda burada mifik şərtiliklərlə yalnız lirik qəhrəman üz-üzə dayanır.

“Dünya xalqlarının mifləri”ndə oxuyuruq: “Hərdən Demon xeyirxah hərəkət edir və “xoşbəxtlik Demonu” adı alır... xeyir və şər Demonu var. Hər bir adamın xarakteri onun Demonudur.” Bu xasiyyət R.Behrudinin demonizm poeziyasının əsas siqlətini müəyyənləşdir. R, Behrudi yazır: “İçindəki İblisi qovmaqdansa onu içindəcə mələyə çevirməkdən gözəl şey yoxdur”.

Bildiyimiz kimi İblisin özü mələk sayılır. Bunu R. Behrudi dəfələrlə poeziyasında və publisistik əsərlərində təsdiqləyir. Lakin bu halda “mələk sözü” yuxarıda qeyd olunan “xoşbəxtlik Demonu” sözünün adekvat variantı kimi qəbul olunur.O, bəzən bu əks qüvvələrin hər ikisini içində daşıyaraq qəlbinə qarşı ağlını, cisminə qarşı ruhunu üz-üzə qoyub mühakimə edir. Onun təbii aləmində mövcud olan bu ikilik bədii materiala çevrilir. “İblisə ağı” şeirində şair:

 

Od, atəş – Cəhənnəmdir  bu,

Həm  qürbət,  həm  yuvam  burda.

Bitib,  tükənən  hər  şeyə,

Həm  sahib,  həm  evəm  burda –

 

deyərək “hamıya don biçən nəfsini, ləçər” adlandırır. Bunu özünün “saptək iynədən keçən dərdnən yüklü dəvə”si hesab edir. Şair içində yuva salmış müxalif qüvvələrin: dua-lənət, töbvə- küfr, savab-günahı, dilə gətirərək Tanrıdan layiq olduğu cəzanı istəyir:

 

Tanrım, məni tez-tez oda at,

At, atəş olana atəşi anlat.

İncil, Quran, nə də Tövrət,

Məni anlatmaz, qəm burda –

 

söyləyir.

Ədəbi təcrübə bəlli edir ki, heç bir demonik poeziya yaradıcıları siyasi mübarizə ideyalarına düz xətt istiqamətində gəlib çıxmamışlar. Bu səbəbdən də R.Behrudi yaradıcılığında müxtəlif və ziddiyyətli məqamlarla rastlaşırıq. Bəzən onun cismi şərə, ruhu isə xeyirə qulluq edir. Ona görə də cisminə yaraşmayan ruhunu cəhənnəm adlandırdığı bədəndən azad görmək istəyir:

 

Sən bədənə sığmırsan neyləyim

ruhum səni?

Bəlkə azad eyləyim bu

cəhənnəm bədəndən.

 

Tanınmış Ukrayna tənqidçisi M. Rılski Lermontov haqqında yazırdı: “Lermontovun daxili dünyasında həm Demon, həm də Rahib yatır”. R.Behrudinin də bir sıra şeirlərini oxuyarkən onu bu halda Lermontov ruhlu şair adlandırsaq səhv etmərik. Onun daxilində yaşayan Rahib Demonla açıq mübarizə mövqeyini tutaraq, hətta onu aşkar lənətləyə bilir. Bu fikrin təsdiqi olan “Sevgiyə bürüdüyüm lənət” şeiri örnək misralar sayıla bilər:

 

Lənət olsun sənə, lənət!

Sən ey ruhumdakı əzab,

Sən ey içimdəki inilti,

Sən ey kölgələrin kölgəsi,

Sən ey olmayan şey, –

Sən ey görüntü,

Lənət olsun sənə!

 

Şair içində yuva qurmuş “rənglərin qarası”, “sevdaların kini”, “olmayan şeyin kölgəsi”, “nurun özü yox odu”, “İblis parıltısı, mələk səsi” adlandırdığı şəri nifrətlə lənətləyib qovur:

 

 

Get! Get! Sürüdən ayrılmış canavar,

Yox ol, ey görüntü,

Çəkil ey kölgə!

Get! Get! Ey sevgiyə bürüdüyüm lənət! –

 

deyərək hayqırtı ilə onu rədd edir.

Bəs şairin daxilində vulkan kimi kükrəyən bu hiddətin səbəbi nədir? Düşünürəm ki, Şərqin işıqlı fəlsəfəsindən qaynaqlanmış Behrudi şeiriyyatında bu üsyan xarakterli hüzn onun cəmiyyət hadisələrinə olan fəal müdaxiləsi ilə bağlıdır. O, cəmiyyətdə insanların üzləşdiyi şər əməllərə qarşı mübarizə aparmaqla sağlam mənəviyyatlı insan dünyasının axtarışındadır. O, Cavid kimi millətinə fəlakət gətirən “dumanlanmış böyük başları” şəxsi ambisiyası naminə “çox ucada oturub aşağıda olanları görməyən” məmurların hər birini Allah adlandırıb millətinin, xalqının halına yanaraq,

 

Tanrısı, Allahı yox,

Millətə bax, xalqa bax.

Taxtı viran olacaq,

Gör nə qədər Allah var.-

 

söyləyərkən məhz qeyd etdiyi “Allahların” biganəliyi üzündən xalqımızın dəhşətli faciəsi olan Qarabağ münaqişəsinin törətdiyi fəsadlar onun yaradıcılığında qara xətt kimi izlənir. İblisin əməyinin bəhrəsi olan qanlı meydanlar, köçkün, qaçqın şəhərcikləri, ürəyi dağlı ana-bacılar, qeyrəti tapdalanmış millət onun ürək ağrılarına dönür. Bayram günü süfrəsinə bir şey qoya bilməyən cəbrayıllı qaçqının göz yaşlarında Allahı görür. Şərin törətdiyi əməllərdən dəhşətə gələn şair Allahı yer üzündə, cəmiyyətdə olan çirkab içində yox, “cəhənnəmdən qalxan tüstünün dumanına bürünmüş göy üzündə yox, saflıq, müqəddəslik rəmzi saydığı təmiz göz yaşlarında görür. O bu göz yaşlarında “bəndələrin bir-birinə olan sevgisinin öldüyü məmləkətdə” Allahın hərəkətsiz etirazını və səbrini seyr edir.

Bəzən hadisələrin dəqiq ünvanını göstərməsə də, dünya müharibələrinin ən qızğın çağlarında baş vermiş cəmiyyət ziddiyyətləri onun lirik qəhrəmanının psixoloji gərginliyində təcəssüm edir. Şeytanın fitvasına uyub günahsız körpələri, ahıl qocaları qan içində boğan bəşər övladlarının törətdiklərindən İblisin özü də heyrətə gəlir.


Allahım, kimdi günahkar;
Bəndən günahdan doymadı?!
Cəhənnəmdən qalxan duman
Səni görməyə qoymadı. –
 
deyir.

Şair qəlbində Allah xofu olmayan nankor insanların törətdiyi vəhşilikləri qələmə alarkən mifik obrazlarının simasında olduqca orijinal bir fikir yürüdür:

Daha fələkləri yandıra bilmir
Ən ilahi bir ah da,
Daha andsız, günahsız bəndələrdən
İblis də bezib, Allah da. –

söyləyərkən dəhşətli şöhrətin, ehtirasın qurbanına çevrilmiş iblisləşmiş insanlara qarşı etiraz səsini ucaldır: “Əzb çəkdiyi anda İblis belə İblis olmaq istəmir. Bəndələr İblis olmağa İblisdən daha çox can atırlar. Mən əzabkeş insanın nə çəkdiyini bilirəm. “Olar”,”Olmaz”ın arasında əzab çəkən bəndələr “olar” adlı ölçüdə artıq İblisin yardımçısına çevrilir. İblisə xidmət edən adam İblisdən daha çox qorxuludu” – fikrini söyləyir.Bu məqamlarda mifik şərtiliklər özünü itirmiş insanları axıra qədər məhv etmək deyil, əksinə onu özünəqaytarmaq vasitəsi kimi istifadə olunur. Aşağıda təqdim etdiyimiz misralarda da simasını itirmiş insanların tənqidi bu məqsədə qulluq edir.

 

Mən də bir vaxt adam idim,

Danışırdım haqdan, baxtdan.

Bir gün gördüm adamları

Gördüm, çıxdım adamlıqdan.

 

Ümumiyyətlə onun beynində poeziyasını əhatə edən qorxmaz, kədərli bir fikir yatır. Bu heç də poeziyanı çiçəklərlə bəzəmək istəyən mücərrəd fikir deyil. R.Behrudinin düşüncələri onun fəlsəfəsi, onun bu fikri ifadə etmək üçün çəkdiyi əzab və cəsarətlə sərf etdiyi gücdür.

 

Heç nə sürməz sonsuzadək,

Barışdır xeyri şər ilə

Tanrım, özün də dön barış,

Yaratdığın bəşər ilə. –

 

misraları heç də mübarizəsiz həyata, ətalətə çağırış deyil. Bu yer üzünü bürümüş hədsiz vəhşiliklərə qarşı etiraz səsi, dünyanın sonunun vaxtsız çatacağına işarədir. Bu barışıqla şair iblisin öhdəsinə götürdüyü pisliklərin ona uymuş bəndələr tərəfindən artıqlaması ilə yerinə yetirilmiş missiyalara son qoymaq istəyidir.

R.Behrudi yaradıcılığında demonizm motivlərini başqa yazarların əsərləri ilə müqayisə etdikdə hər bir fərdi üslubun özündən gələn kəskin fərqlənmələrə qeyri-bənzəyişlərə rast gəldiyimiz kimi, bir-birinə uyğun eyni bənzər bədii-idrakı fikir çalarları ilə də üzləşdik.

H.Cavidə görə, zahirən mələk kimi görsənməyə çalışan bu yırtıcı məxluq, R.Behrudiyə görə, “mələkdən gözəldi. Çünki ona haqq nə gərək?” – deyir Behrudi. Törədilən əməllərdən affekt halını yaşayan şair hesab edir ki, haqdan yaranıb, haqqı itirənlərdənsə, haqqın nə olduğunu bilməyən İblis yaxşıdır.

R.Behrudinin yaratdığı İblis V.Şekspirin, Bayronun İblisi kimi “qəlbinə şübhələr əkir”, M.Lermantovun Demonu kimi insanın ekvivalentinə çevrilməyə cəhd edir. Götenin Mefistofeli kimi onun lirik qəhrəmanının insanlıq və səadətli an axtarışı zamanı alçaldır və yaxud da, əksinə olaraq, törətdiyi cəmiyyət fəlakətlərində cahillik və nadanlıq görüb insanların yırtıcılığı qarşısında heyrətlənib, insanda heyvani başlanğıcı ittiham edir, hətta onlardan bezir. Bəzi hallarda isə şair o şər qüvvəni içindən qovub zahirdə onunla “qol-boyun” olur.

 

Haqq özü bir yoldu, bir oyun

Kim desə haqqa yol qoyun.

Mən də İblislə qol-boyun

Bədəndə candan danışım. –

 

söyləyir.

Nəhayət ki, böyük xalqın və cəmiyyətin mənəvi baxımdan oyanması, bəşər övladlarını işıqlı gələcəyə aparan insan hüququ naminə, habelə bəşəri simasını, adi insani ləyaqətini itirmiş, yırtıcıdan seçilməyən və dünya ağalığının hərisliyi ilə yaşayan bu günki bəlli qəddarları nişan verərək böyük və qüdrətli saydığı Allahından şeytanın insanlarla apardığı müharibəyə son qoymasını istəyir. Şair –

 

Barışdır mənnən şeytanı

Bax gör kim kimdən böyükdür?

Barışdır qoy görüm sevgin,

Nifrətdən, kindən böyükdü. –

 

deyəndə zamanın, dövrün faciəsini,müsibət və fəlakətləri öz mənəvi dünyasında vuruşduraraq Allahından nifrətdən, kindən, hər şeydən böyük olan sevgisini bəndələr qarşısında göstərməklə insanı özünə qaytarmasını və bu barışığı qiyamətdən öncə həyata keçirməsini  arzu edir.

Apardığımız araşdırmalardan belə qənaətə gəlmək olur ki, R.Behrudi yaradıcılığında demonik düşüncələr həm də vətənimizdə baş vermiş keçid dövrü ilə əlaqəli olmuşdur. Bütün xalqların tarixində baş vermiş keçid dövründə milli mədəniyyətlərdə meydana çıxan böhran və ziddiyyətləri zamanın nəhəng yükü mənasında, çiyinlərində daşıyan R.Behrudi kimi sənət nəhənglərinin ədəbi irsində öz izini qoymuş olur. Bu yerdə ictimai-siyasi həyat da, milli tarix də sənətkarın şəxsiyyətinə çevrilib, onun milli ləyaqətilə üzvləşir.

R.Behrudinin fəlsəfi-estetik irsi mütəfəkkiranə baxışlarla əsrin dərinliklərinə nüfuz edərək insan və dünya haqqında olan düşüncələrini özünəməxsus inqilabiliklə, xeyirin şərlə apardığı mübarizə ilə, dünyada şərə qarşı dayanan mənəvi oyanışla, həyatda üz-üzə gəldiyimiz ciddi ictimai-siyasi hadisələri, bu hadisələrin insan psixologiyasında yaratdığı partlayışları şair məni və lirik qəhrəmanının simasında ümumiləşdirərək bədii parlaq rəng və boyalarla təqdim edir. Şair əsərlərində bizi inandırır ki, qəbahət törədib günahı uydurma iblislərdə axtarmaq bəşəriyyət üçün heç vaxt çıxış yolu ola bilməz. İnsanın vicdanı, bütün daxili aləmi ümumbəşəri sevinclə, kədərlə həmahəng olmalıdır. R.Behrudi yaradıcılığı bizə öz daxili aləmimizi göstərib vicdanımızın səsinə qulaq asmağa çağırır.

Qəlbində böyük bəşəri duyğuları yaşadan turançılığın və türkçülüyün misilsiz nəğməkarı, fitri istedadı ilə seçilən və heç kəsə bənzəməyən R.Behrudinin yaradıcılığında İblisə olan müxtəlif yanaşma tərzləri ilə rastlaşsaq da, onunla mübarizə mövqeyinin möhtəşəm silahını Allah yoluna qulluq etməkdə gördük:

R.Behrudinin son gəldiyi qənaətlərdən biri aşağıdakı fikirdir: “Bu yer kürəsində çoxluğun hay küyü ilə deyil, sakitcə Tanrıya dua oxuyan adamların pıçıltısı ilə fırlanır. Tanrı günaha batmış yer üzünü də sevib seçdiyi üç- beş adamın sevgisinə bağışlayır”.

Müsəlmanların müqədəs kitabı Qurani-Kərimin 90-cı (Əl-Bələd) surəsinin  4-cü və 10-cu ayələrində qeyd edilmiş: “ Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır,həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu ilahi bir hikmətdir, həyatın qanunudur)”. (4-cü ayə)” biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) görtərmədikmi?” (10-cu ayə) kəlamlarını öz düşüncələrində araşdırıb “Ürəyimdə minarəsi kədərdən olan bir Allah evi var. Bundan sonra o Allah evinin divarlarına təzə-təzə daşlar qoymaqdan başqa bir işim yoxdur mənim” –  deyərkən şair insanları saflığa və Allahın buyurduğu qayda-qanunu düzgün dərk edib, onu əməllərindən tətbiq etməyə səsləyir.

Xanım SULTAN
filologiya üzrə fəlsəfə doktoru

 





12.09.2013    çap et  çap et