525.Az

Əbülfəz Ülvinin şeirləri


 

Əbülfəz Ülvinin <b style="color:red">şeirləri</b>

GƏL SİLƏK BU SONU

 

Bu gün birgəliyin son günüdür, son,

Nə sən köçəcəksən, nə mən dünyadan.

Kimə gərək idi, kimə bu cür son,

Gəl elə soruşaq həmən dünyadan.

 

Görən hardan aldı belə lil bu eşq,

Axı o dünyaya baxdı könüldən.

Duza qoyulmuşdu elə bil bu eşq,

Qıcqırdı, qaynadı, axdı könüldən.

 

Bir az döz, düşünək bu nə meyildi,

Bu hiss halva deyil yeyək qurtarsın.

Bir də ki, gedərgi qonaq deyildi,

Sadəcə əlvida deyək qurtarsın.

 

Sönür sevdamızın sonuncu şamı,

Buna necə dözür dini insanın.

Sən hələ işə bax bütövü, tamı,

Sındırıb məhv edir kini insanın.

 

Uçmağa yön alıb bütün təməllər,

Bilərək bu eşqə qıymaq deyilmi?

Şeytana gülürük, bəs bu əməllər,

Şeytanın toruna uymaq deyilmi?

 

Qeysi Məcnun edən, dağ çapan eşqi,

Yoxsa biz imzaya, qola vermədik.

Qaytar, hər kəs ilə dil tapan eşqi,

Deyərlər biz sərtik, yola vermədik.

 

Başımız üstünü alan çəndisə,

Bəlkə birgələşək ona son qoyaq.

Gəl silək bu sonu, sevgidəndisə,

Sevgiyə can atan sona son qoyaq.

 

TORPAĞI ÖPDÜM

 

Əyilib torpağı öpdüm bir anda,

Gördüm beçə balı hopmuş şan dadır.

Sən demə bu ləzzət ondandır onda,

Bütün sevdiklərim axı ondadır.

 

Hərə bir yozuyla yozdu bu işi,

Nə yozum, yozunu yozmaq çətindir.

Birisi söylədi əyilməz kişi,

Birisi söylədi əsl mətindir.

 

Torpağı sevməsən sevgi əksilər,

Boş sözlər dildən yox, yeldən gəlibdir.

Torpağa əyilmə deyən “kişilər”,

Bilinməz nə sayaq beldən gəlibdir.

 

Torpaq məhəbbətdir, hər an şirindir,

Düz yolu əkməkdən, biçməkdən keçib.

Bəlkə də öpüşdə olan şirinlik,

Öpüşə torpağı öpməkdən keçib.

 

Torpağa əyilən bel ən şaxdı-şax,

O öz şaxlığını eldən alıbdır.

Bəlkə düzlüyünü taraz da bir vaxt,

Torpağa əyilən beldən alıbdır.

 

Əyilib torpağı öpdüm bir anda,

Gördüm beçə balı hopmuş bal dadır.

Sən demə bu ləzzət ondandır onda,

Bütün sevdiklərim axı ondadır.

 

BÖLƏYİN MƏNİ

Sədaqət göstərən sədaqət tapar,

Əqlimlə qoruyub biləyim məni.

Axtarsa məhəbbət mələyim tapar,

Tapması müşküldür fələyin məni.

 

Unudaq bahardan qış düzəltməyi,

Neynirəm göz oyub, qaş düzəltməyi,

Bacarsaz ətimdən daş düzəltməyi,

Düzəldin, düşmənə ələyin məni.

 

Alaqla işim yox, gülə bağlıyam,

Xalq adlı ən güclü selə bağlıyam,

Mən elə kökümlə elə bağlıyam,

Yıxanmaz zorbası küləyin məni.

 

Hövkəni məhv edib, gəlin sülh tapaq,

Mən də zalım olsam etməyin tabaq,

Əməlim haqq versə kəfəndən qabaq,

Üçrəngli parçaya bələyin məni.

 

Mütləq yazı yaşar, qışı çıxanlar,

Qeybətdə yer tapar naşı çıxanlar,

Siz, ey toplamadan başı çıxanlar,

Gəlin, sevgi üstə gələyin məni.

 

Ülvi, ümid ölər iman itərsə,

Qovaram el üstdə duman bitərsə,

Ömrümdən hər kəsə bir an yetərsə,

Razıyam hamıya böləyin məni.

 

BİLMİR

 

Nankor yola getmir solu, sağıyla,

Nakəsin buz dağı əriyə bilmir.

Anmaz öyünsə də həssaslığıyla,

Bizi batırasan dəriyə bilmir.

 

Həyatda hər kəsə hər cür bölüm var,

Xoşa gəlməyən var, xoşagəlim var,

Bilsə də qarşıda dərd var, ölüm var,

Mətinlik yol nədir geriyə bilmir.

 

Kordur qəcələyə tərlan söyləyən,

Şərdir, şərə uyub filan söyləyən,

Özü də anlayır yalan söyləyən,

Yalan ayaq açır, yürüyə bilmir.

 

Qəlbsiz sinəsinə döysə də namərd,

Özüdür, şeytana söysə də namərd,

Mərdin başmağını geysə də namərd,

Mərdin yerişini yeriyə bilmir.

 

Əməyim harama tutmadı saqqal,

Şükür haqq süfrəmdə o qədər haqq var,

Nə qədər it olsa, nə qədər çaqqal,

Heç biri Ülviyə hürüyə bilmir.

 

YETİM QALARMIŞ

 

Adi bəhanəni eyləyib tabaq,

Bülbülün tərəfin qazamı verdin?

Hakim elan edir cəzadan qabaq,

Sən suçu deməmiş cəzamı verdin.

Eşq sənin dənizin, çayın deyildi,

Kiçik balıqları irisi udsun.

Məhəbbət pak hissdir, oyun deyildir,

İki oyunçunun birisi udsun.

 

Soldurdun bağçamda sağ çiçəkləri,

Yenə də bağrımı üzürsən mənim.

Bir vaxt bəxş etdiyim ağ çiçəkləri,

Bir-bir saçlarıma düzürsən mənim.

 

O zaman özünü sən əldən salıb,

Səpirdin yoluma su ehtiyatla.

Yaxşı ki, xəyallar ehtiyat qalıb,

Hələ ötüşürəm bu ehtiyatla.

 

İndi ağlayırsan, gözün yaş dolu,

Yaş üzdən gör necə biçimnən keçir.

Zəmzəm çeşməsinin bəlkə bir qolu,

Sənin gözlərinin içindən keçir.

 

Xeyir dönüb oldu sonda şər, babam,

Vüsalı taxtından həsrət salarmış.

Gör necə yazıqdır sevənlər, babam,

Sevən sevgidən də yetim qalarmış.

 

GƏLSİN

 

Qoyma doğmalığın yadlıq yaratsın,

Aşına sevgi qat qarşına gəlsin.

Qıtlıq istəyirsə, qıtlıq yaratsın,

Buyursun gözlərin yaşına gəlsin.

 

Elə ək meyvəsin dərək əməlin,

Ömür ver, ömrünü sürək əməlin,

Xoşa gəlmən üçün gərək əməlin,

Əvvəlcə Rəbbinin xoşuna gəlsin.

 

Niyə günahından el çəksin cəfa?

Elə sev, sevginə tac olsun vəfa,

Kim nəyi özünə bilmirsə rəva,

Qoymasın daşın da tuşuna gəlsin.

 

Səxavət süfrəni saxla əlində,

Toxunma xətrinə adi gilin də,

Axı bir məsəl var elin dilində:

–Kim kimə nə dilər, başına gəlsin.

 

Ülvi, sev beyinə batan sevdasa,

Qov getsin tək üzdə “matan” sevdasa,

Qoy gəlsin ürəyə yatan sevdasa,

Yol vermə mindiyin maşına gəlsin.

 

DADIR

 

Səni tək yaradıb elə bil Allah,

Əlini vurduğun su da bal dadır.

Belə görünür ki, özünə vallah,

Ya şəkər qatmısan, ya da bal dadır.

 

Sənsiz qərar tutmur dizlərimdə tab

Bilmirəm nə sayaq eyləyim hesab,

Şit dadır özgədən pay gələn doşab,

Sən mənə verdiyin qada bal dadır.

 

Candan nə şirindir, ay mənim danım,

Bir iynə sancılsa qaralar qanım,

Amma nə sirr varsa canına, canım,

Canımı edəndə fəda bal dadır.

 

Üzsən dəniz boyda sevda bolunda,

Verməzsən heç kəsə bircə qolun da,

İşə bax, məhəbbət, sevgi yolunda,

Ömrünü versən də bada bal dadır.

 

Ülviyəm son vaxtlar gəlmişəm dilə,

Bu dadın sirrini tapmışam, lələ,

Zəhərə sevgini hopdursan belə,

Demə bala dönür, o da bal dadır.

 





12.09.2013    çap et  çap et