525.Az

“Tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər olub” (davamı)


 

“Tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər olub” <b style="color:red">(davamı)</b>

“AZƏRBAYCAN ƏRAZİSİ ƏSRLƏRDƏN BƏRİ MÜXTƏLİF DİNLƏRİN VƏ İNANCLARIN YANAŞI MÖVCUD OLDUĞU NADİR YERLƏRDƏNDİR”

Müsahibimiz fəlsəfə elmləri namizədi, ilahiyyatçı-filosof Elsevər Səmədovdur. Bu yaxınlarda ABŞ-dan bir aylıq səfərdən qayıdan gənc alimlə söhbətimizin məğzini qonaq olduğu ölkənin milli və dini münasibətlər baxımından Azərbaycanla müqayisəli təhlili, bu aspektdən oxşar və fərqli cəhətlərin, eləcə də ümumilikdə tolerantlıq anlayışının fəlsəfi dəyərləndirilməsi, həmçinin Azərbaycanda qədim dövrlərdən başlayaraq bugünümüzədək təşəkkül tapıb yayılan müxtəlif dinlər, məzhəblər haqqında mülahizələr təşkil edir. Həmçinin dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərə, milli təhsil sistemində dini biliklərin tədrisinin vacibliyinə, bununla bağlı təkliflərə və başqa məsələlərə də toxunmuşuq. 

Elsevər Səmədov Azərbaycanda həm tarix boyunca, həm də müstəqillik əldə etdiyimiz 20 il ərzində dərin tolerantlıq ənənələrinin mövcud olduğunu bildirib: “Hətta qonşu ölkələrlə müqayisədə bu sahədə bizim üstün mövqeyimiz təşəkkül tapıb. Bizim örnək olacaq dərəcədə yüksək tolerantlıq modelimiz var. Azərbaycan üçün öyünüləcək bir məqam da bu qədər millətin, xalqın, etnik qrupun bir arada yaşamasına baxmayaraq, burada heç bir zaman dini və milli zəmində separatçılığın baş verməməsidir. Azərbaycan dövlətçiliyi, azərbaycanlı təfəkkürü heç bir zaman azlıqları aşağılamayıb, tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər olub. Bu yöndə həmişə böyük işlər həyata keçirilib. Həmişə digər xalqların nümayəndələri hətta dövlət qulluqlarında, məsul vəzifələrdə də bu ölkənin bərabərhüquqlu vətəndaşları olaraq təmsil olunublar.

Düzdür, ola bilər tariximizin müəyyən mərhələsində, məsələn, müstəqilliyimizin ilk illərində etnik separatçılıq meylləri təzahür etmişdi. Amma bu tamamilə siyasi bir məsələ idi, bunun ümumilikdə Azərbaycanda yaşayan hər hansı bir xalqla əlaqəsi yox idi. Bu hər hansı bir talışın, yaxud ləzginin fərdi istəyi deyildi, bu Azərbaycanı bölmək arzusunda olan siyasi güclərin istəyi idi. Əlbəttə ki, insanlar da buna uymadı, bunun total güclərin məqsədi olduğunu anladılar. Bu qətiyyən etnik məsələ deyildi. Çünki heç bir talış, yaxud ləzgi, yaxud avar, yaxud ingiloy, yaxud da başqa millətin nümayəndəsi özünü Azərbaycandan ayrı düşünə bilməz. Dövlət qurmaq asan məsələ deyil. Hər yerindən qalxan da dövlət qura bilməz ki. Bunun üçün bir ənənə mövcud olmalıdır”.

E.Səmədov Azərbaycanda məhz erməni separatizminin baş qaldırmasını da total güclərin siyasətinin nəticəsi kimi dəyərləndirib: “Erməni separatizmi də məqsədli siyasətin nəticəsidir. Azərbaycan elə bir geosiyasi mövqedə yerləşir ki, hər zaman qonşu ölkələrin maraq dairəsində olub. Mənim fikrimcə, bir çox ölkələr də zamanla Türkiyə ilə Azərbaycanı hər baxımdan, o cümlədən də ərazicə bir-birindən ayırmağa çalışıb. O siyasətin bir parçası olaraq Rusiya tərəfindən Ermənistan dövləti yaradıldı, erməni ailələri Qarabağa yerləşdirildi. Yəni erməni separatizmi də, bu separtizmin nəticələri də onların özünün xidməti deyil, arxalarında dayanan böyük güclərin verdiyi dəstəyin nəticəsidir”.

İlahiyyatçı filosof Azərbaycanda tarixən müxtəlif dinlərin yayılıb təşəkkül tapması barəsində də ətraflı məlumat verib: “Azərbaycan torpaqları əsrlərdən bəri bir çox dinlərin və inancların yanaşı mövcud olduğu nadir yerlərdəndir. Heç bir cəmiyyət dinsiz yaşaya bilməz, insanın var olduğu hər yerdə mütləq bir inanc sistemi, din duyğusu mövcuddur. Çünki din insanla doğulub və insanlığın həyat rəhbəri olub. Uca Tanrı heç zaman insanlığı rəhbərsiz qoymayıb. Onların həyatlarını ilahi çərçivə içərisində müəyyən edib, dünya və axirət səadətini onlar üçün təmin edib. Məhz bu ilahi duyğu dindir. İslamdan əvvəl Azərbaycan ərazisində yaşayan toplumlar arasında sosial, mədəni sahədə olduğu kimi dini həyat da öz müxtəlifliyi ilə seçilib. Tarixi mənbələrdən, yazılı daş kitabələrdən, şifahi xalq ədəbiyyatından, dastanlardan və folklordan da açıqca görünür ki, İslamdan əvvəl bütün türk xalqlarında olduğu kimi bu bölgələrdə də yaşayan insanlar çox zəngin və dərin sosial, mədəni həyat səviyyəsinə malik olublar. Tarixi tədqiqatlar nəticəsində qayalar, daşlar, dəri və digər maddi mədəniyyət nümunələri üzərində yazılar, rəsmlər aşkar olunub. İslamdan əvvəl Azərbaycan ərazisində yaşayan toplumların dini yaşayışları və inancları bir-birindən olduqca fərqli idi. Bu torpaqlarda məskunlaşan insanlar bütpərəstlik, zərdüştilik, manilik və xristianlıq kimi dini inanclara sahib olublar. Bununla bərabər Xəzərlərin musəviliyi qəbul etdikləri də bilinir. Xəzərlərin bu yöndə Cənubi Qafqaza, xüsusilə də Azərbaycana da  təsirləri olub. Bu torpaqlarda qədim yunan mədəniyyətinin çox böyük təsiri olub. Çünki tarixi əsərlərdə, tədqiqatlarda göründüyü kimi geyimdə. Yaşayış tərzində çox oxşarlıqlar görülməkdədir. Hətta mənbələrdə ilk olaraq Albaniya adı da yunan qaynaqlarında yer alıb. Strabon Albaniyanın qərbində “Müqəddəs vilayətin varlığı” haqqındakı əsərində bu yerlərin əhalisinin “Günəş Tanrısı” Zevs və “Ay tanrısı” Selenaya inandıqlarını qeyd edir. Ancaq Strabon bu tanrıların yunanca qarşılıqlarını verib. Bu tanrılarla insanlar arasında vasitəçilik edənlər isə kahinlər olub. Bu vilayətdə hökmdarlardan sonra ən böyük nüfuza sahib şəxsin kahin olduğu da qeyd edilir. Hun türkləri də Zevsin prototipi olan və eyni mənanı ifadə edən “Kuar” tanrısına inanırdılar. Xüsusən Azərbaycanın cənub bölgəsində atəşpərəstlik daha çox yayılıb. Atəş müqəddəs dəyər olaraq bilinirdi. Atəşə xidmət edən xüsusi xidmətçilər olurdu. Onlara “maq” deyilirdi. İslamdan əvvəl bu torpaqlarda xüsusilə zərdüştiliyin və xristianlığın daha geniş yayıldığı bilinməkdədir. Xristianlıq bütün Qafqazda və Albaniyada (indiki Azərbaycan bölgəsi) böyük təsirə malik olub. Albaniyada xristianlığı yayan Apostol Faddey olub. Hətta miladi 313-cü ildə Albaniya hökmdarı Urnayr xristianlığı ölkənin dövlət dini elan edib. Xristianlıq Albaniya və Aderbayqanı böyük təsir altında tutsa da burada yaşayan türklər qədim inanclarına bağlı qalıblar. Bu vəziyyət İslama qədər belə davam edib. Ancaq Qafqazda və Azərbaycanda qədim inanclarına bağlı olan toplumlar İslamı asanlıqla qəbul etməyiblər. 790-cı ildə tiflisli Abo Xəzər türklərinin “Tək Yaradıcı Tanrıya” tapındıqlarını söyləyib, Xəcər Xaqanı 862-ci ildə Bizansdan gələn müqəddəs Kirill ilə görüşərkən xristianlarda tanrının “üçlüyünə” (Trinitiy) inanıldığı halda özlərinin tək Tanrıya iman etdiklərini bildirib. Həzrət Ömərin zamanında Azərbaycan torpaqları Səmak bin Haris, İsmət bin Fəqad və Bukeyr bin Abdulahın komandanlığı altında fəth edilərək islam torpaqlarına qatıldı”.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





12.09.2013    çap et  çap et