525.Az

Cəfər Cabbarlı irsinin tədqiqinə diqqət artıb


 

Cəfər Cabbarlı irsinin tədqiqinə diqqət artıb<b style="color:red"></b>

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən Milli Elmlər Akademiyasında bir çox tədbirlərin həyata keçirilməsi üçün ciddi hazırlıq işləri aparılır. Bu münasibətlə Akademiyanın Humanitar və İctimai Elmlər Bölmələrinin əhatə etdiyi elmi-tədqiqat institutları Cəfər Cabbarlının ev muzeyi ilə birlikdə respublika miqyasında elmi konfrans keçirəcək. Konfransda elmi məruzələrdən başqa, Cəfər Cabbarlıya həsr edilmiş film səsləndiriləcək, onun həyatı və yaradıcılığını əks etdirən sərgi nümayiş etdiriləcək". 

Bu fikirlər Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin açıqlamasında yer alıb. Akademik bildirib ki, AMEA-nın Ədəbiyyat və Dilçilik, Memarlıq və İncəsənət, Fəlsəfə və Tarix institutlarında, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Hüseyn Cavidin ev muzeyində də elmi konfranslar və elmi sessiyalar, sərgilər təşkil olunacaq.

Bundan başqa, Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan "Kazım bəy" adlı romanı və məktubları ilk dəfə kitab halında nəşr ediləcək.

Bu əsərləri filologiya elmləri doktoru, professor Asif Rüstəmli aşkar edib. Əlyazmalar İnstitutunda isə Cəfər Cabbarlının şəxsi arxivi rəqəmsallaşdırılır. Böyük yazıçının şəxsi arxivində 2 mindən çox sənəd var. Milli Elmlər Akademiyasının alimləri ölkə miqyasında keçiriləcək tədbirlərdə də yaxından iştirak edəcək.

 





15.02.2019    çap et  çap et