525.Az

"Qida Təhlükəsizliyi haqqında" qanun layihəsi müzakirə olundu


 

"Qida Təhlükəsizliyi haqqında" qanun layihəsi müzakirə olundu<b style="color:red"></b>

Dünən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası "Qida Təhlükəsizliyi haqqında" qanun layihəsinin ictimai müzakirəsinə dair dəyirmi masa təşkil edib.

AQTA-dan verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda qida təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən təklif edilən "Qida Təhlükəsizliyi haqqında" qanun layihəsində göstərilən əsas prinsiplər və yanaşmalar barədə qida sənayesini təmsil edən maraqlı tərəfləri, eləcə də istehlakçıları məlumatlandırmaq, eyni zamanda, müzakirələrdə səsləndiriləcək fikir və rəylərin layihənin yekun variantında öz əksini tapmasıdır.

AQTA sədri Qoşqar Təhməzli çıxışında ölkə rəhbəri tərəfindən agentliyin qarşısında qoyulmuş qısamüddətli və uzunmüddətli hədəflər və onların icrası istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, agentliyin qarşısında qoyulmuş uzunmüddətli hədəflərə çatmaq üçün "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqamı" layihəsi və "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb və aidiyyəti qurumlara təqdim edilib.

AQTA sədri dövlət proqramının və qanunun layihəsinin hazırlanmasında agentliyin əməkdaşları ilə yanaşı, xarici və yerli ekspertlər və sahibkarların təmsilçilərin iştirak etdiyini qeyd edib.

Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə bildirib ki, "Qida təhlükəsizliyi haqqında" qanunun qəbulu kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən sahibkarlar üçün çox mühüm əhəmiyyət kəsb edir: "Bu gün kənd təsərrüfatı, qida məhsullarının istehsalı və satışı Azərbaycanda qeyri-neft sektorunun ən əsas sahələrindədir. Burada yaranmış münasibətlərin qanunvericilik səviyyəsində tənzimlənməsi sözsüz ki, münasibət iştirakçılarının da xeyrinə olacaq". Daha sonra M.Musayev tədbirin əhəmiyyətinə toxunaraq, sahibkarları qanun layihəsinin müzakirəsində aktiv olmağa çağırıb.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşavir elçisi xanım Simona Qatti isə "Qida təhlükəsizliyi haqqında" qanunun Azəbaycanda qida təhlükəsizliyi ilə bağlı aparılan islahatlar baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. O qeyd edib ki, bu sahədə beynəlxalq təcrübənin tətbiqi, eyni zamanda, Avropa qanunvericiliyi ilə uyğunluğun təmin edilməsi Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsinə, habelə Azərbaycanla Avropa Birliyi arasında qida və kənd təsərrüfatı məhsulları sahəsində ticarət dövriyyəsinin artırılmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, aparılan müzakirələrin proqramı Avropa İttifaqının "Qida və qida təhlükəsizliyi sahəsində rəsmi nəzarətin həyata keçirilməsi üçün Azərbaycan Hökumətinin institusional bacarıqlarının gücləndirilməsi" layihəsinin texniki dəstəyi ilə işlənib hazırlanıb. Bu layihə Azərbaycanla Avropa İttifaqı arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya siyasəti sahəsində 10 ildən artıq davam edən əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Tədbir çərçivəsində AQTA ilə Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

C.ABASOV

 





15.02.2019    çap et  çap et