525.Az

İki üstəgəl iki - İlqar Kamil yazır


 

İki üstəgəl iki - <b style="color:red">İlqar Kamil yazır </b>

Dedilər ki, sizə təzə müəllim gəlir. Dənizdir, dəryadır, ümmandır, Hind okeanıdır. Bir baxışla oxuyur adamı. Psixoloqdur. Kardioloqdur. Səhərdən axşama tarix, təpədən dırnağa fəlsəfədir. Baxışları, dedilər, baxışları mənalandırır adamı, sualları, dedilər, sualları dəlir deşir adamı. Böyütdükcə böyütdülər, şişirtdikcə şişirtdilər. Bilmədilər ki, o, böyüdükcə biz kiçilirik, biz xırdalanırıq, biz parçalanırıq, bir yeyimlik tikə, bir qurtumluq su oluruq.

Gəldi girdi sinifə müəllim, dedi, sizə nəsə öyrətməkçün əvvəlcə sizin fəlsəfi dərinliyinizi bilməliyəm. Fəlsəfi dərinlik?! - Xorla udqunduq: bu... bu... buyurun, qurban olaq!

Qaldırdı Əlməmmədi ayağa: “Sən de, ikinin üstünə iki gələndə neçə eləyir?” Tər basdı Əlməmmədi: nə mənada?... Otur! - dedi müəllim. - sən dur ayağa! İki üstəgəl iki, neçə eləyir? Gülməmmədsə, necə deyərlər, lap gül vurdu: mmm, baxır harda! - Otur! - səsini bir az da sərtləşdirdi müəllim. - sən buyur görək!

Hamı nəsə fikirləşirdi, hamı iki üstəgəl ikinin fəlsəfi dərinliyi haqda kəllə sındırırdı, bircə Dilməmmədin heçnə vecinə deyildi, stulunda elə yayxanmışdı, elə bil, 3 yaşlı uşaq pampersinə söykənib multfilmə baxır. Doğrudan da əsl multfilm idi və bir saatdır Tom Cerrinin əlində girinc-avara qalmışdı.

Növbə mənə çatdı. Qalxıb sinergiya dedim, Sokrat dedim, bütün öz hissələrindən böyükdür dedim, sonra da yekə-yekə, Tarkovskinin məşhur “Nostalgiya” filmindən sitat gətirdim: bir damcının üstünə növbəti damcı düşəndə iki damcı olmur, bir böyük damcı olur və sair və ilaxır... bu dəfə lap əsəbiləşdi ağsaqqal: bəsdir çərənlədin, otur!!!

Nəhayət, söz Dilməmmədə verildi: buyur sən de görək, ikinin üstünə iki gələndə neçə eləyir? Dik durdu ayağa Dilməmməd, laqeydcə, istehzayla və bir az da kobudca qışqırdı: dörd eləyir, a kişi, dörd!!!

O, cavabı barmaqlarıyla da, bizə də göstərirdi.

- Ay bərəkəllah, - dedi müəlllim, bax bu! Bax, bu uşağa mən nəsə öyrədə bilərəm!

Heminqueyin “Qoca və dəniz”inin mənə görə şedevr hissəsi aşağıdakı dialoqdur. Gənc, dənizin dərinliklərində başına minbir oyun gəlmiş, hayı gedib vayı qalmış balıqçı qocadan soruşur: niyə belə oldu, niyə, axı sizinçün hər şey çox asan olmalıydı! Qoca yorğun-yorğun cavab verir: bu dəfə çox uzaqlara getdim, oğlum, çox uzaqlara...

 





16.02.2019    çap et  çap et