525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin "Facebook" statuslarından seçmələr


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin "Facebook" statuslarından seçmələr</b>

Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”.

Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən sosial şəbəkə statuslarını “fastfood” yeməklərə bənzədirəm! Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı və razılaşmalıyıq!

10 ildir ki, feysbukdayam! Sosial şəbəkələrin meydan suladığını gördüyüm üçün kitabın və klassik kağız qəzetlərin gələcəyinə skeptik yanaşmağa başlamışam!

Statuslar yazmağım isə ovqatımdan asılıdı - bəzən hansısa ictimai-siyasi hadisələrə münasibətimi operativ olsun deyə sosial şəbəkələrdə bildirirəm. Hərdən də qaçhaqaç həyatımızda əlçatmaz olan bədii yaradıcılıq arzusu yeni status - esselərin yazılmasına səbəb olur! Ona görə zaman keçdikcə geriyə çevirib baxanda bu statuslar həm qəlbin, həm ovqatın, həm də sürətlə bir-birini əvəz edən gündəmlərin xronologiyası təsiri bağışlayır.

Günün birində ağlıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında dərc etdirim?! Bizdə belə bir təcrübəni xatırlamıram, xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə də bəlkə ilki mən edim!? - deyə düşündüm. Beləcə, “Qələmsiz yazılanlar” kitabından daha bir hissəni “525”in oxucuları üçün hazırladım.

2019 

Camal Əliyevi Türkiyədə “öz nəslinin ən çox arzulanan violençel ifaçısı” kimi təqdim edirlər. Camal 1993-cü ildə, Bakıda musiqiçi ailəsində doğulub. Türkiyədə, daha sonra London Kral Musiqi Kollecində magistr təhsili alıb. Bir çox beynəlxalq yarışmalarda birincilik qazanıb. Avropa və Asiyanı konsertlərlə dolaşır. Çox məşhurdur. Dünən Ankarada, “Cümhurbaşqanlığı Simfonik Orkestrinin Konsert Salonu”nda solist kimi çıxışını dinlədik. Heyrətamiz idi! Qürur duyduq! Violençeli qucağında az qala üfürə-üfürə, sevimlisi kimi daşıyırdı. Sən demə, çaldığı violençel də 1756-cı ildə Covanni Batista Qabrielli tərəfindən hazırlanıb. Camal Əliyevin şöhrəti dünyanı bürüməkdədir! Bakıda konserti hələ ki, olmayıb.

***

Adamı həm də möhtəşəm bir gözəlliyə münasibətiylə tanımaq olur! Gözünü bağlayıb əzəmətli bir sənət əsərinin, ya əsrarəngiz təbiət mənzərəsinin önündə açırsan və reaksiyasından, üzünün ifadəsindən kimliyini, mahiyyətini anlayırsan!

***

Bazar günü səhəri böyük şəhərlərin ən məsum vaxtıdı. Şənbənin hay-küylü gecəsini ötürüb rahat nəfəs alan şəhər səhərin alaqaranlığında küçə süpürənlərin və zibil daşıyanların ixtiyarında olur. Şəhərin bakirəliyini, əsl üzünü görürsən! Hələ Parisdə, Strasburqda, ya Milanda... ən tez açılan kafedə oturub müşahidə eləməyin ayrı zövqü var. Elə bu vaxt balaca bir quş masanın kənarına qonub cikkildəyir. Və sən başa düşürsən ki, sükutun pozulması da necə gözəl ola bilərmiş. Ankarada azan səsinin sükutu pozması kimi...

***

Bizimkilərin çoxu Türkiyə çayını bəyənmirlər, acı olur, dəmi qaynadırlar, - deyirlər! Mən sevirəm acılığıyla. İncə belli, cam bardaqda! - Bu sözü də Elif Şəfəqdən götürmüşəm. Hələ dadlıları bir başqa aləmdir! Adlarında tarix, ənənə, yaşayış tərzi gizlənib - “Padşahdoyuran”, “Vəzir barmağı”, “Toyuq köksü”, “Xanım göbəyi”, “Dilbər dodağı”... :) “Qazandibi” də var amma. Fantazilərə qanad verir! Bir də ki, çay acı olsun, şirin olsun, əsas onu kimlə içməyindir!

***

Adama Atatürkün şəklini uzadırlar! Orta məktəb qızlarıdır! Qızılayda, camaatın gur yerində xeyriyyə aksiyası keçirirlər! Yəqin insanların xeyirxahlığının dərəcəsini həm də Cümhuriyyət Qurucusunun şəklinə münasibətdən bilirlər! Sonra ürkək səslə, “5-ci sinif öyrəncimiz, arkadaşımız xəstədi, tədavisinə para toplayırıq” - deyirlər!  Duyğulandırır adamı! Minnətdarlıq, fədakarlıq, mərhəmət və şəfqət hissləri bir-birinə qarışır!

***

Xalqımızın yumor hissinə heyranam! Bir az bərk əsən küləyə “ifrat” adı qoydular :)

***

İndi Qulu Məhərrəmlinin telefonu susmur!.. 

2018 

Deyirəm, ucuz ətin şorbası olmur. Deyir, hərdən olur.

***

Baxırsan, ciddi, ağır, təmkinli aparıcılar idi. İndi yüngül və dingiş hərəkətlər edirlər! Tələb olunanı etmək, oynamaq da qabiliyyətdir! Ürəyindən olmasa da... bəlkə də peşəkarlıqdır!

***

Göyçayın Bığır kəndindən İsmayıllıya, İvanovkaya səliqəli, hamar yol ayrılır. Yolun üstündə Mustafa Çavuş şəhidliyi var! 1915-ci ildə Qafqaz İslam Ordusunun ilk şəhidləri burada dəfn olunub. Bir az yuxarıda İsmayıllının Mollaisaqlı kəndinə açılan mənzərə isə möhtəşəmdir!

***

Pul həkimlər üçün də ən ümdə məqsədə çevrildisə fəlakətdir!!! Uzun illər xaricdə işləmiş peşəkar həkim Vətənə qayıdıb, özəl klinikada çalışır! Yana-yana deyir ki, fasilələrdə yeməkxanada qulağım çalır gənc həkimlərin söhbətlərini - ancaq PULdan danışırlar! Baş həkimə deyirəm ki, bu xəstə öləcək, icazə ver mən onu pulsuz əməliyyat edim! Deyir, pulsuz olmaz! Qoy ölsün! Bax belə! (:

Vicdanlı, Hippokrat andına sadiq həkimlərimiz üzürlü saysın!

***

Bu çempionatda misirli futbolçu Məhəmməd Salaha görə, ola bilsin ki, Misir yığmasına maraq göstərdim (Ramosun Salaha qarşı hərəkəti isə idmançıya yaraşmayan, namərd hərəkət idi). Uzun illər mənim kumirim Braziliya olub. Hətta yadımdadır ki, gənclik yaşlarımda Braziliya yığması uduzanda hönkür-hönkür ağlamışdım.

***

Zərifə Əliyeva adına liseydə Anar müəllimin 80 illik illiyinə həsr olunmuş maraqlı tədbir keçirildi! Bu, Anar müəllimin yubiley ilinin qaranquşu idi. Şagirdlər maraqlı proqram hazırlamışdılar. Tədbir öz fərqliliyi, orijinallığı ilə seçilirdi. Hiss olunurdu ki, peşəkarlar yön verib, lisey rəhbərliyi də sevgiylə yanaşıb.

***

Bədbəxtlikdən nə doğulduğum kəndi görə bilirəm, nə uşaqlıqda yaşadığım evləri, nə də birinci sinfə getdiyim məktəbi... Onlar hamısı Ağdamda, Şuşada, Laçında qaldı. Beynimin o hissələri zədəlidi. Və o illəri, o hadisələri fikirləşəndə elə bil, məni “tok” vurur. Əzab və ağrıdan bükülürəm. Məni incidən məqamları tez yaddan çıxardım deyə, içimdə bir unutmaq istəyi var. 

2017 

Novruz bayramının bərəkəti və coşqusundandı ki, 1 yanvar doğumlular bu qədər çoxdu! :) Hamısını təbrik edirəm!

***

Bu qədər insanı sevindirməkdən, Qələbə sevinci yaşatmaqdan üstün nə ola bilər ki?! Qurban Qurbanovun sevincdən, qələbədən doğan göz yaşları heç zaman unudulmayacaq!

***

Çingiz Abdullayev dünən mühazirəsində dedi ki, cənnətə getmək istəmirəm, çünki orda hamısı mollalar olacaq! :) Səhər-səhər yadıma düşdü, güldüm xeyli :)

***

Bir dəfə “Çeşmə” qəzetində “Lənkəran şorsatanlarının redaktora məktubu” başlıqlı yazı dərc edilmişdi. Yazırdılar ki, hörmətli redaktor, sizin buraxdığınız qəzet bizə o qədər lazımdır, o qədər vacibdir, o qədər gərəkdir ki! Gündəlik işimizdə bizimlə bir yerdədir. Amma sizdən bir xahişimiz var. Olarmı siz bu qəzetin iç səhifələrini ağ buraxasınız? Çünki biz şoru qəzetə bükürük, şriftlərin rəngi şorun üzünə çıxır, müştərilər narazı qalırlar. :) 

2016 

Kütlə hamıdan öz arzuladığını eşitmək istəyir! Kütlədə məsuliyyət, soyuq düşüncə, təhlil olmur! 

2015 

Türkiyə Rusiyaya üzrxahlıq eləməlidi! Yanlış olub deməlidi! Yalançı patriotluq, süni millətçilik, pafos yeri deyil! Beynəlxalq hüquq, sərhəd pozuntusu zəif bəhanələr, təskinliklərdi! Obamanın münasibətindən aydın göründü ki, sifariş hardan gəlib. Son bir neçə yüzillikdə Türkiyə-Rusiya münasibətlərinin bu cür normal səviyyəyə çatdığı olmamışdı. Bunu sinirə bilməyən qüvvələr etdi bu provakasiyanı. Regiondakı problemlərin çözülməsi Türkiyə və Rusiyanın birgə əməkdaşlığı sayəsində mümkün ola bilər. Buna isə yenə mane oldular!..

***

Canlı əfsanədi Xoşbəxt müəllim!

***

Bu iki profil saxlamaq nə deməkdi axı?

***

Yoxlayıram görüm feysbuk dəvətiylə imza gününə gələn olacaqmı? :) Gələnlərə təşəkkürlər! Yağışa görə gələ bilməyənləri isə sabah Anar müəllimin imza gününə dəvət edirəm! Sabah yağış olmayacaq! :) 

2014

Hər qapıdan bir sayt çıxır ki... :)

***

2013

Siqaretlə içkinin əleyhinə danışanlar öncədən məğlubdular :)

 





18.02.2019    çap et  çap et