525.Az

Könüllərdə şəhərlər salan insan


 

Könüllərdə şəhərlər salan insan<b style="color:red"></b>

İnsanları bir-birinə birləşdirən amillər çoxdur. Amma vacib olan budur ki, onlar bir yerə toplaşıb cəmiyyət halında yaşamalıdırlar ki, bu da öz növbəsində şəhərsalma mədəniyyətini ortaya çıxarmış olur.

Şəhərsalma mədəniyyəti bütün mədəniyyətlərdən üstün və çoxşaxəlidir. Çünki söhbət yalnız bir əsərin, yaxud heykəlin yaradılmasından getmir, bütöv bir cəmiyyət, insanlar bir-birini o zaman daha yaxşı anlamağa çalışır ki, müxtəlif şəhərlərdə oxşar memarlıq mədəniyyət nümunələrini yaratmağa müvəffəq olurlar. Memarlıq bəşəri missiyadır, yəni ayrı-ayrı fərdlərin deyil, bütün cəmiyyətin düşüncəsidir. Memarlıq coğrafiyadır, izdir. Qədim dünya tarixindən müasir dövrə insanların həyat tərzini çatdıran əsas amillərdən biri memarlıqdır. Üstəlik, memarlığın məqsədləri həmişə gələcək nəsillər üçün sual doğurub, çünki onlar həmişə gələcəyə hansısa mesajı ötürməyə çalışıblar. Məsələn, memar Məsud Davudoğlunun müəllifi olduğu Qız Qalası ilə bağlı əfsanələrin sayı-hesabı yoxdur, amma memarın dəqiq mesajını bilən indiyə qədər yoxdur desək, yanılmarıq.

Memar qurucudur, necə ki, Allah-Təalanı dünya evinin, kainatın memarı adlandırırıq.  Memarların özünəməxsus xüsusiyyətlərindən biri də budur ki, onlar cəmiyyətin əsas simalarından olsalar da, heç vaxt üzdə olmağı sevmirlər. Bəlkə də bu ondan irəli gəlir ki, fərdlərdən fərqli olaraq memarlar zamanından asılı olmayaraq bəşər sivilizasiyası bərabər addımlayırlar. Və bir memarın yalnız doğum tarixi olur - mədəniyyət və incəsənət xadimləri də belədir. Haqqında danışacağımız Afiq Məmməd oğlu Talıbov da Azərbaycan memarlığı və şəhərsalma mədəniyyətinin simalarından biridir. 1940-cı ildə Bakı şəhərində anadan olan Afiq Talıbov, Moskva Memarlıq İnstitutunun Şəhərsalma fakültəsində təhsil alıb, oranı müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini aspiranturada davam etdirib. 1972-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib.

Memarlıq və şəhərsalma üzrə mütəxəssis olaraq Bakı Dövlət Universitetinin professoru, Şərq ölkələri Memarlıq Akademiyasının həqiqi üzvüdür. Azərbaycanda şəhərsalma və və əhalinin məskunlaşma problemlərinə həsr olunan elmi əsərlər və 350 səhifəlik monoqrafiyanın müəllifidir. Uzun illər Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda, Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri, Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin memarlıq və inşaat üzrə müavini, Dövlət Tikinti və Arxitektura Komitəsində Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi vəzifəsində çalışıb. Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universitetinin professorru olan Afiq Talıbov ömrünün 50 ildən artıq bir dövrünü memarlıq və şəhərsalma işinə həsr edib. Artıq bir ildir ki, Afiq müəllim sıralarımızda yoxdur! Amma biz onun haqqında keçmiş zamanda danışmırıq, öncə qeyd etdiyimiz kimi, memarın sadəcə doğum tarixi olur. Və onu da mütləq şəkildə qeyd etməliyik ki, çox nadir hallarda ali insanlıq və peşəkarlıq keyfiyyətlərini bir fərddə tapmaq mümkündür.

Afiq müəllim sənətinin mütəxəssisi olmaqla bərabər, əsl insani keyfiyyətləri özündə cəmləşdirirdi. İnsanlarla ünsiyyəti, rəftarı, qayğıkeşliyi, səmimiliyi, sadəliyi. Alimin sadəliyi cəmiyyət içində tamam başqa bir fəlsəfədir. Yəni bir sözlə desək, fərdin İnsana çevrilməsi prosesi nadir sosioloji prosesdir. Afiq müəllim Alim olması ilə bərabər, Əsl İnsan idi! Bəlkə də onu memarlıq və şəhərsalma sənətinə yönləndirən də elə bu xüsusiyyəti idi. Cəmiyyəti düşünmək və fərdləri bir yerə yığaraq, qurğular, binalar, şəhərlər salmaq istəyir. O zaman fərdlər qaynayıb qarışır və birlik zəminində insani keyfiyyətlərini bir-birinə ötürmüş olurlar. Və bu keyfiyyətlər qəlblərdə hətta şəhərlər salmaq imkanına da malikdir. Afiq müəllim sənəti - bəşəri missiyası və insanlığı ilə qəlblərdə şəhərlər salıb. Təkcə onu tanıyanların, hər gün ünsiyyətdə olanların qəlblərində deyil,  bir yerə toplaşaraq, şəhərləşmək istəyən bugünün və gələcəyin cəmiyyətini meydana gətirən fərdlərin, insanların - fərdlərin və insanların qəlblərində!  

Kamran QASIMOV

 





18.02.2019    çap et  çap et