525.Az

AMEA-nın Əlyazmalar İnstitutunda plagiat qalmaqalı


 

AMEA-nın Əlyazmalar İnstitutunda plagiat qalmaqalı <b style="color:red"></b>

“2011-ci ildə plan işimlə əlaqədar olaraq Əlyazmalar İnstitutunun elmi arxivinin materialları üzərində tədqiqat apararkən Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsərinin institutun mərhum əməkdaşı Nəsrəddin Qarayev tərəfindən türkcədən transliterasiya və farscadan tərcümə edilmiş mətnini aşkarladım. 6 qovluqdan ibarət bu materiallar ümumilikdə 1058 səhifə idi”.

APA-nın məlumatına görə, bu sözləri filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Musalı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutunun plagiat faktına göz yumması ilə bağlı yaydığı müraciətdə bildirib.
 
Onun sözlərinə görə, əsərin tamamlandığı tarix kimi qovluqlarda 1980-ci il qeyd olunub: “Lakin N.Qarayev 1982-ci ildə vəfat etmiş və bu əsərin çapını görmək ona nəsib olmamışdı. N.Qarayevin nəşrə hazırladığı “Təzkireyi-Nəvvab”la tanışlığımız bəzi maraqlı faktları ortaya çıxardı. Bəlli oldu ki, bu əsər 1998-ci ildə Əlyazmalar İnstitutunun əməkdaşı Əkrəm Bağırov tərəfindən institutun Elmi Şurasının qərarı və razılığı olmadan “Azərbaycan” nəşriyyatında nəşr edilib. Yəni Ə.Bağırov mərhum N.Qarayevin arxiv materiallarını qanunsuz şəkildə mənimsəyib, onun müəlliflik hüququnu pozub və N.Qarayevin tərcümə mətnini əsas götürməsinə baxmayaraq, mərhum alimin adını əsərin tərcüməçisi kimi göstərməyib”.
 
V.Musalı qeyd edib ki, məsələ ilə bağlı 2012-ci ildə Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı və institutun maliyyəsi ilə çap olunmuş “Azərbaycan təzkirəçilik tarixi” adlı kitabında “Təzkireyi-Nəvvab”ın 1998-ci il nəşrində N.Qarayevin mütərcim kimi müəllif hüquqlarının pozulduğunu və onun materiallarının mənimsənildiyini qeyd edib: “Bundan sonra institutun direktor əvəzi Paşa Kərimov tərəfindən mənə qarşı təzyiqlər başlandı və bu təzyiqlər çərçivəsində 4 mart 2013-cü ildə Paşa Kərimov mənə yazılı əmrlə rəsmi xəbərdarlıq elan etdi. İnstitutun direktor əvəzinin özgəsinin əməyini mənimsəyən Ə.Bağırovu deyil, həqiqəti yazdığım üçün məni hədəfə alması və haqlı olduğum halda mənə xəbərdarlıq elan edilməsi ilə heç cür barışa bilməzdim. Elə bu səbəbdən xəbərdarlığın ləğvi barədə Səbail Rayon Məhkəməsində Əlyazmalar İnstitutuna qarşı iddia qaldırdım. P.Kərimov öz səlahiyyətlərindən istifadə edərək, mənə qarşı imzatoplama kampaniyası həyata keçirdi, məhkəmədə mənə qarşı qarşılıqlı iddia ilə çıxış etdi və öz təzyiqlərini daha da gücləndirdi. Nəhayət, Səbail Rayon Məhkəməsində 19 iyul 2013-cü il tarixində keçirilmiş məhkəmə iclasında mənim instituta qarşı qaldırdığım iddia təmin edildi, institut rəhbərliyinin qarşılıqlı iddia ərizəsi isə rədd edildi. Məhkəmə araşdırması zamanı mənə qarşı elan olunmuş rəsmi xəbərdarlıq əsassız hesab olunaraq ləğv edildi, eyni zamanda instituta qarşı mənim xeyrimə maliyyə cəriməsi kəsildi. Məsələ 3 ay boyunca Müəllif Hüquqları Agentliyində  araşdırıldı və “Təzkireyi-Nəvvab” əsərinin 1998-ci il nəşrində N.Qarayevin müəllif hüquqlarının kobud şəkildə pozulduğu, onun tərcümələrinin qanunsuz surətdə mənimsənildiyi barədə yazdıqlarım öz təsdiqini tapdı”.
 
AMEA Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Əlioğlu isə APA-ya bildirib ki, Vüsalə Musalının qaldırdığı iddia həqiqətə uyğun deyil. Onun sözlərinə görə, müəllif onun şəxsində Əlyazmalar İnstitutuna böhtan atıb: “Bu məsələnin tarixi 30 il əvvələ gedib çıxır. Vüsalə Musalı elmi arxivdən əlyazmaları götürmüşdü və həmin materialları uzun müddət gətirib qaytarmadı. Hətta əlyazmaların surətini çıxarandan sonra materialın əslini bizə yox, akademiyanın digər bölməsinə təhvil verdi. Milli Elmlər Akademiyasında komissiya yaradıldı və həmin komissiya Əkrəm Bağırovun plagiat etdiyini təsdiq etmədi. Məsələ ondadır ki, adı çəkilən hər iki şəxsin dissertasiyası oxşar mövzulardır. Sonradan araları dəydi və bu problem ortaya çıxdı. Əkrəm Bağırov fars dili üzrə mütəxəssisdir, Vüsalə Musalının isə fars dili və əlyazmalarından qətiyyən xəbəri yoxdur. “Təzkireyi-Nəvvab”ı dörd nəfər tərcümə edib və bu kitab elə bir vaxtda çap olundu ki, AMEA-nın nəşriyyatı fəaliyyətini dayandırmışdı. Ona görə də başqa bir nəşriyyatın bu işi öz boynuna götürməsi böyük bir iş idi. Tərcümə dörd nəfər alim tərəfindən aparılıb. Amma burda təkcə Əkrəm Bağırovun adı hallanır”.
 
Səbail Rayon Məhkəməsinin qarşı tərəfin iddiasını təmin etməsi ilə bağlı məsələyə münasibət bildirən Paşa Əlioğlu əlavə edib ki, sözügedən işlə əlaqədar Vüsalə Musalı yanlış məlumat verib: “Biz onu Elmi Şuranın müzakirəsinə dəvət etdik, gəlməkdən imtina etməklə yanaşı, arxivdən götürdüyü materialları da qaytarmadı. Ona görə institut adından ona xəbərdarlıq etdik. Vüsalə Musalı bu xəbərdarlığı özünə qarşı təzyiq hesab edib bizi məhkəməyə verdi. Hansısa səbəblərdən Səbail Rayon Məhkəməsi xəbərdarlığın götürülməsi ilə bağlı yanlış qərar qəbul etdi. Biz məhkəmə qərarından apellyasiya şikayəti vermişik. Yəni “məhkəmə iddianı təmin etdi” məsələsi, onun plagiat faktı ilə bağlı haqlı olduğu mənasına gəlməməlidir. O qız işə gəlir ki, mən ona hansısa şəkildə təzyiq edim? Yəni mən ona necə təzyiq göstərə bilərəm? Bu adam bizə rahatlıq vermir. Vüsalə Musalı həm də Bakı Dövlət Universitetinin əməkdaşıdır. Universitetdə də onun haqqında eyni fikirdədirlər. Bu adam nankorluq edir, şəxsən mənim və Əlyazmalar İnstitutunun ona etdiyi yaxşılıqları tapdalayır. Onun məqsədi məni ləkələməkdir”.
 
İttihamda adı hallanan tərcüməçi Əkrəm Bağırov ona qarşı irəli sürülən plagiat ittihamı ilə razılaşmayıb və Vüsalə Musalını məhkəməyə verdiyini söyləyib: “Mən Vüsalə Musalının kitablarında plagiatlıq aşkarlamışam və Müəllif Hüquqları Agentliyi mənim dediklərimi təsdiqləyib. Qaldı ki, Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsərinin tərcümə hüquqlarının mənim tərəfimdən mənimsənilməsinə, bu kökündən yanlışdır. İnstitutun o zamankı direktoru Cahangir Qəhrəmanov Nəsrəddin Qarayevdən onun dövlət planında olan tərcümə işini istədi. Onun təqdim etdiyi materiallar qəbul olunmadı. Direktor bu işi mənə həvalə etdi və mən işi bitirəndən sonra Nəsrəddin Qarayevə təqdim etdim. O dövrdə belə işlər çox olurdu. Yəni direktor tapşırırdısa, vacib deyildi ki, mənim imzam üstündə olsun. Mən fikirləşirdim ki, kitab Nəsrəddin Qarayevin adı ilə çap olunar. Amma direktor görəndə ki, onun tərcümə etdiyi şeirlər də bərbaddır, bu işi də mənə həvalə etdi. Məndən başqa üç nəfəri də işə cəlb etdi. Vüsalə Musalı səhv olaraq deyir ki, guya Nəsrəddin Qarayev bu işi 1980-ci ildə tərcümə edərək bitirib və arxivə verib. 1982-ci ildə o, dünyasını dəyişəndə bizim işimiz hələ davam edirdi. 1983-c2 ildə Mir Möhsün Nəvvabın 150 illiyi qeyd olundu”.
 
Əkrəm Bağırovun sözlərinə görə, çap etdirdiyi kitabda tərcüməçi kimi N.Qarayevin adını qeyd edib: “Mənim 1998-ci ildə çap etdirdiyim kitabda Nəsrəddin Qarayevin də, digər tərcüməçilərin də adı qeyd olunub. Vüsalə Musalı isə şəxsi qərəz nümayiş etdirərək, hər yerdə mənim adımı çəkir, mənə böhtan atır”.

 





13.09.2013    çap et  çap et