525.Az

Partiyaların qeydiyyatı üçün imza sayı mindən beş minə qaldırıla bilərmi?


 

Partiyaların qeydiyyatı üçün imza sayı mindən beş minə qaldırıla bilərmi?<b style="color:red"></b>

"Əslində, dünyada da belədir ki, siyasi partiya yaratmaq istəyirsənsə, bunun üçün seçicilərin ən azı bir faiz səsi tələb olunur. Yəni bizdə də bir partiyanın yaranması üçün Azərbaycanda nə qədər seçici varsa, onun bir faizi həcmində imza tələb edilir və beləliklə, həmin siyasi təşkilat qeydiyyata alınır, fəaliyyət göstərir. Ancaq bu gün Azərbaycanda faktiki olaraq beş milyona yaxın seçici var və bu baxımdan, onun da bir faizi beş minə yaxın seçici edir. Bu məntiqlə də bizdə artıq partiyaların qeydiyyatı üçün tələb olunan min nəfərlik imza beş min nəfərlik imza ilə əvəzlənməlidir. Yəni bir partiyanın mövcudluğu, qeydiyyatdan keçməsi üçün ən azı 5 min imza lazımdır".
 
Bunu "525"ə açıqlamasında millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, indi ölkədə partiyaların qeydiyyatdan keçməsi tələb olunan imza sayı xeyli azdır.

"Əslində, heç 0,5 faiz də yoxdur. Bu faiz, rəqəm hardasa 0,2 faiz, 0,1 faizi civarındadır. O baxımdan da, əgər hər hansı bir partiya, siyasi təşkilat bir faiz toplaya bilmirsə, o, gələcəkdə istənilən seçkidə hansı nailiyyətlər əldə edə bilər?

Məsələn, bir nəfər şəxs əgər deputatlığa namizədliyini irəli sürürsə, namizəd kimi qeydə alınması üçün ondan 450 imza tələb olunur, 50 imza da əlavə verirlər. Və yaxud da, bir nəfərin bələdiyyə üzvlüyünə namizədliyinin qeydə alınması üçün 150 imza, həmçinin, prezidentliyə namizədlik üçün 40 mindən yuxarı imza tələb olunduğu halda, əgər hansısa partiya ən azı beş min imza toplaya bilmirsə, artıq onun ictimai-siyasi həyatda hər hansı bir rolu ola bilməz. Onun partiya adlandırılması belə düzgün deyil. Odur ki, gələcəkdə bu məsələ nəzərdən keçirilə bilər. Yəni "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilərsə, bu məsələ də nəzərə alına bilər" - deyə, S.Novruzov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





21.02.2019    çap et  çap et