525.Az

"Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində görüş keçirilib


 

"Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində görüş keçirilib<b style="color:red"></b>

Dünən Bakı şəhəri şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində görüş keçirirlib. Görüşdə 100 nəfər valideyn iştirak edib.

Çıxış edən məktəbin direktoru Sevinc Abbasova deyib ki, valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq və valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində "Valideynin məktəbdə bir günü" layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində 2018-2019-cu tədris ilində layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan görüşlərdə ibtidai (I-IV), orta (V-VIII) və yuxarı (IX-XI) sinif şagirdlərinin valideynləri övladlarının oxuduqları məktəbləri ziyarət edirlər: "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində görüşlərdən biri də bu gün şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə keçirilir. "Mən bu layihəni dəstəkləyir və alqışlayıram. "Valideynin məktəbdə bir günü" layihəsi valideynlərə məktəbin fəaliyyəti, tədris prosesi və sair barədə ətraflı məlumat vermək, məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı onların rəy, təkliflərini öyrənmək imkanı verir. Bu da olduqca önəmlidir".

Rəhbəri olduğu məktəbin yaranma tarixi və keçdiyi inkişaf yolundan söz açan S.Abbasova bildirib ki, 162 nömrəli tam orta məktəb 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən yaradılmış qız məktəbi kimi məşhur olub. Məktəbin ilk direktoru da milyonçunun həyat yoldaşı Liza Tuqanova-Muxtarova olub. Sovet dövründə nədənsə şanlı tarixi unudulan məktəb SSRİ dağılana qədər rus məktəbi kimi fəaliyyət göstərib, müstəqillik illərində isə burada Azərbaycan bölməsi də açılıb: "Biz M.Muxtarovun xalqımıza əmanət qoyub getdiyi məktəbin unudulan tarixini bərpa etdik, xalqımızın olanı xalqımıza qaytardıq. Prezident İlham Əliyevin tapşırığına əsasən 2017-ci ildə Səbail rayon İcra Hakumiyyəti tərəfindən modern şəkildə əsaslı təmir olunaraq, ən müasir avadanlıqlarla təchiz olunub. Məktəbdə hal-hazırda hər cür əyani vəsaitlə təmin olunmuş fizika, kimya, biologiya, informatika kabinetləri, ekosinif, leqosinif, zəngin kitabxana və s. fəaliyyət göstərir.

162 nömrəli məktəb elə təkcə ötən il Səbail rayonu üzrə 2, Bakı şəhəri üzrə 18 pillə irəliləyərək, 71,8% nəticə ilə Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri üzrə reytinq cədvəlində "Yaxşı nəticəli məktəb"lər sırasına yüksəlib". 

Direktorun sözlərinə görə, məktəbin ərazisində müxtəlif tikililər, evlər, uşaq bağçası inşa edilib. Bu səbəbədən də məktəbin həyətyanı hissəsi, idman meydançası yoxdur: "Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etmişəm. Biz istəyirik ki, məktəbin ərazisi geri qaytarılsın. Hazırda məktəbdə şagird sıxlığı yaşanır. Buna görə də əlavə yeni korpusun inşasına ehtiyac var. Məktəb 3 növbədə çalışır. Əgər ərazi bərpa olunsa, orada ibtidailər üçün yeni korpus inşa edilər. 3 növbəlilik aradan qalxar və biz 1 növbədə fəaliyyət göstərərik. Ümid edirək ki, məsələ tez bir zamanda öz müsbət həllini tapacaq". 

Direktor müavini Tünzalə Mikayılova deyib ki, "Valideynin məktəbdə bir günü" layihəsi valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığını təmin edir, onlarla məktəb arasında əlaqələr yaranır.

Direktor müavini Sevinc Əliyeva isə deyib ki, valideynlər təşəbbüskar və daha da fəal olmalıdırlar. Müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsində rolu böyükdür.

Sonra valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirilib.

Valideynlər 1B sinfində "Alternativ dərsliklər" layihəsini həyata keçirən ibtidai sinif müəlliməsi Səbinə Rəşidovanın Azərbaycan dili dərsini izləyiblər. Dərsin gedişi, şagirdlərə izahların düzgün verilməsi, müəllimənin uşaqlarla davranışı valideynlər tərəfindən yüksək qiymətləndirilib. Müəllimənin təşkili ilə uşaqların səhnələşdirdikləri "Ağbəniz və 7 cırtdan" nağılı valideynlər tərəfindən alqışlarla qarşılanıb.

Görüş zamanı valideynlər məktəb mühiti ilə tanış olub, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən valideynlər üçün sessiyalar təşkil olunacaq. Valideynlərə təşəbbüskar və daha fəal olmaq, eləcə də müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr verilib.

Valideyn Ülkər Kərimova bildirib ki, direktor Sevinc Abbasovanın məktəbdə yaratdığı ciddi nizam-intizam və nümunəvi qayda-qanun şagirdlərin daha da yaxşı təhsil almasına şərait yaradır. Burada ciddi intizamı müəllimlərin geyindiyi xüsusi uniformadan tutmuş məktəbin səliqə-səhmanına, şagirdlərin davamiyyətinə kimi hər yerdə görmək mümkündür.

Valideyn qeyd edib ki, məktəbdə "məktəb- valideyn-şagird üçbucağı" daim nəzarətdə saxlanılır: "Müəllimlər daim valideynlərə tədris prosesi, uşaqların tədris prosesi barədə ətraflı məlumatlar verirlər. Mən bir valideyn olaraq məktəbdəki tədrisin keyfiyyətindən çox razıyam".

Görüşdə şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

S.QARAYEVA

 





21.02.2019    çap et  çap et