525.Az

Tələbə və doktorantlara dövlət qayğısının növbəti əyani təzahürü


 

Tələbə və doktorantlara dövlət qayğısının növbəti əyani təzahürü<b style="color:red"></b>

Prezident İlham Əliyevin təqaüdlərin artırılması barədə verdiyi son sərəncamlar tələbələrin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, təhsildə çox vacib olan istiqamətin - tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır.

Təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncamı növbəti aydan etibarən daha 16 min tələbənin akademik göstəricilərini yaxşılaşdırması üçün stimul yaradır. Son sərəncamlarla ümumilikdə təhsilin müxtəlif pillələrində təhsil alan tələbələrin təqaüdləri minimum 14 faizdən 25 faizədək artırılıb. Bu sərəncamın təxminən 110 min tələbəyə şamil olunduğunu deyən nazir bildirib ki, martın 1-dən hazırda təqaüd alanlardan başqa, 16 min tələbə də təqaüd almaq imkanı əldə edəcək: "Bu isə təqaüd alan tələbələrin sayının 30 faiz artması deməkdir.  Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" sərəncamı və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması haqqında" fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb. Bununla da 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artacaq. "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Sərəncamla ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 30 faiz artacaq. Bu da öz növbəsində ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısını artıracaq və müvəffəqiyyət göstəriciləri nümayiş etdirmiş tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradacaq".

Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyevin Azərbaycanın ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə təqaüdlərin verilməsi ilə bağlı sərəncamı Azərbaycan gəncliyinə qayğının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu, ilk növbədə tələbələrin və elmlə məşğul olmaq istəyən gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması kimi başa düşülür və kifayət qədər düzgün məntiqə əsaslanır: "Ancaq məsələnin mahiyyəti şübhəsiz ki, yalnız bununla məhdudlaşmır. Hazırda dünya yeni, 4-cü sənaye inqilabı ərəfəsindədir və xalqların intellektual müstəvidə mübarizəsi keyfiyyətcə yeni və daha amansız bir mərhələyə qədəm qoyur. Gələcəkdə dünyada söz sahibinə çevriləcək xalqlar da elə bu mübarizənin qalibi olan xalqlar olacaq. Ona görə də bu mühüm tarixi prosesdə geridə qalmamaq üçün Azərbaycan gəncliyi öz intellektual potensialını daima səfərbər etməli, milli inkişafımızın gələcəyini təmin etməlidir. Bu mənada təqaüdlərin artırılması ölkəmizdə elmin inkişafını motivasiya etməklə Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq". Millət vəkili qeyd edib ki, bu prosesdə davamlı və fasiləsiz təhsil mühüm əhəmiyyət kəsb edir: "Bir müddət əvvəl magistrlərə hərbi xidmətdən möhlət hüququ verildi, daha sonra alimlərin mənzil-məişət problemlərinin həlli istiqamətində addımlar atıldı, təhsilin bütün pillələrində yeni metodologiyaya əsaslanan islahatlara start verildi və nəhayət, təqaüdlərin artırılması ilə bağlı mühüm qərar qəbul edildi. Göründüyü kimi, bu addımlar bir-birini tamamlayan və bu sahədə ardıcıllığı təmin edən kompleks xarakterli addımlardır və hədəf Azərbaycanda elmin inkişafını təmin etməkdir. Ümid edirik ki, qəbul edilən bu strateji qərarlar elm sahəsində inkişafı təmin etməklə intellektual əmək sahəsində məhsuldarlığın artmasına da gətirib çıxaracaq".

Millət vəkili Aydın Hüseynov isə vurğulayıb ki, Azərbaycanda elmə, təhsilə, elmi təhsil müəssisələrində çalışanlara dövlət qayğısı hər zaman prioritet məsələ olub və dövlət başçısı tətəfindən davamlı olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsi gücləndirilməkdədir. Onun sözlərinə əsasən, Prezident İlham Əliyev tərəfindən imzalanmış yeni sərəncamlar elm və ali təhsil müəssisələrində təqaüdlərin artırılması baxımından mühüm əhəmiyət kəsb edir: "Həmin sənədlərə əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin həcmi, eləcə də ali təhsil müəssisələrində təqaüd alan tələbələrin sayı artırılacaq. Bu sosial humanizmin ən mühüm istiqamətlərindən biri kimi dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq göstəriciləri yaxşı olan bütün tələbələrin təqaüdlərinin artırılması nəzərdə tutulub. Belə ki, elmlər doktoru hazırlığı üzrə doktorantların təqaüdlərinin 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantların təqaüdlərinin 180 manat, eləcə də akademik göstəriciləri yüksək olan tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması elm və təhsilə marağın daha da artmasına səbəb olacaq, ölkəmizdə elm və təhsilin inkişafına öz dərin töhfəsini verəcək".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun dediyinə görə, "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" sərəncamına əsasən doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlər artırılıb. Prezident, həmçinin, "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" fərmanında dəyişiklik edilməsi barədə xüsusi Fərman və "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" sərəncam imzalayıb: "Düşünürəm ki, bütün bunlar prezidentin elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğının bariz nümunəsidir".

"XXI əsr" Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti, Etibar Əliyev isə vurğulayıb ki, Prezident İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncamını təqdir edirəm. Bu sərəncam, demək olar ki, bütün tələbə spektrini əhatə edir və təhsilin fasiləsizliyinin daha möhkəm zəmin üzərində qurulmasına şərait yaradacaq. Bu və bundan öncə ölkə başçısı tərəfindən ali məktəblərin magistratura pilləsinə daxil olan tələbələrə hərbi çağırışdan möhlət hüququ verilməsi barədə qərar ölkədə insan kapitalının inkişafına töhfə kimi dəyərləndirilməlidir: "Tələbə təqaüdlərinin əsaslı şəkildə artırılması ali məktəblərdə tələbələr arasında daha yüksək nəticələr göstərmək istiqamətində motivasiyanı gücləndirəcək".

Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının maliyyə ixtisası üzrə III kurs tələbəsi Elmir Sadıqov deyir ki, Prezident İlham Əliyevin tələbələrə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində tələbə təqaüdlərinin məbləği bir neçə sərəncamla, əvvəlki illərlə müqayisədə ən yüksək həddə çatıb: "Təkcə bakalavriat səviyyəsi üzrə əlaçı təqaüdünün dəyəri üzərindən müqayisə aparsaq görərik ki, "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" sərəncamında dəyişikliklər edilməsi barədə prezidentin sərəncamı ilə 2016-cı ildən qüvvəyə minən artımına əsasən əlaçı təqaüdü 95 manat idi. Lakin prezidentin  verdiyi son sərəncama əsasən bakalavriat səviyyəsi üzrə əlaçı təqaüdü 130 manat dəyərində müəyyənləşib. Əvvəlki ilə yeni təqaüd arasında 35 manat fərq var. Ardıcıl olaraq verilən məqsədyönlü sərəncamlar və onların verdiyi yüksək nəticələr, tələbə məmnunluğunun səviyyəsinin artımı Prezident İlham Əliyevin gənclərə və gəncliyə olan həssas niyyətindən xəbər verir. Ölkəmizdə gənclər sektoru üzrə aparılan uğurlu siyasət, artıq bütün  gənclərdə sözün əsl mənasında gələcəyə nikbin baxışın vacibliyini aşılayıb. Maddi durumu çətin olan hər hansı tələbə, təhsil aldığı dövrdə qarşılaşdığı çətin situasiyalarda dövlətin ona olan xüsusi qayğısını hiss edir".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin II kurs tələbəsi Mədinə Əli vurğulayıb ki, yaxşı oxuyan tələbə olaraq təqaüdünün artması xəbərini sevinclə qarşılayıb: "Bu xoş  xəbər mənim kimi bir çox tələbənin də sevincinə səbəb oldu. Ölkə başçısına təşəkkürümü bildirirəm ki, biz gəncləri daim diqqət mərkəzində saxlayır, qayğı və dəstəyini əsirgəmir. Sosial şəbəkələri izləyən insan olaraq deyə bilərəm ki, bu sərəncamlar hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Belə ki, yazılan rəylər, söylənilən fikirlər bunu deməyə əsas verir. Prezidentimizin təhsilin inkişafına yönəlmiş islahatları bir gənc olaraq məni qürurlandırır, gələcəyə böyük inam yaradır. Təhsilimi bakalavr pilləsi ilə məhdudlaşdırmağı düşünmürəm. Gələcəkdə magistratura və doktorantura səviyyələrində təhsil almaq qarşıma qoyduğum əsas hədəflərdəndir. Bilirəm ki, təhsilin həmin pillələrində oxuyan gənclərin də təqaüdləri artıb. Həmin vəsaitlə sosial xərclərimi ödəməyə, elmi işlərimi öz hesabıma yerinə yetirə biləcəyimə artıq əminəm".

S.QARAYEVA

 





22.02.2019    çap et  çap et