525.Az

Qərənfil


 

Qərənfil<b style="color:red"></b>

Mən Qərənfiləm. Gözəl, göyçək bir gül. Məxmər kimi qırmızı ləçəklərim, incə yarpaqlı, yaraşıqlı gövdəm var. Bir vaxtlar insanlar məni çox sevərdi. Toy-nişan xonçalarının, düyün süfrələrinin qonağı olardım. Toylarda maşın karvanını mənimlə bəzəyərdilər. Sevgililər görüşə mənimlə gələrdi.  Hələ ad günlərini demirəm...

Bizi istixanalarda sevgi ilə becərər, qayğı ilə toplayar və gül dükanlarına göndərərdilər. Bizim gül dəstələrimiz ən gözəl hədiyyə hesab olunardı. Dərs ili başlayanda şagirdlər bizi öz müəllimlərinə, 8 mart  ərəfəsində isə oğlanlar ana və  nənələrinə təqdim edərdilər. Bir sözlə, məni görəndə hamının çöhrəsinə sevinc, təbəssüm qonardı... Ta ki o müdhiş  20 Yanvar gününə qədər...

Həmin gün istixanada bizi incəliklə və səliqə ilə toplayan insanların üzündəki əvvəlki təbəssümü görmədim. Onların sifətində donuq ifadə, gözlərində kədər var idi. Bizi tələm-tələsik toplayıb maşınlara yüklədilər. Doğrusu, bir az incidim, amma dinmədim. Səbirsizliklə yeni sahiblərimin intizarında idim. Görəsən,  bu dəfə  məni hansı şən məclis, hansı yubiley, hansı gözəl tədbir gözləyir? - deyə düşünürdüm. Maşın dayandı. Bizim hamımızı qucaq-qucaq daşıyıb yerə tökdülər. Bəli, bəli, inanmayacaqsınız, düz asfaltın üzərinə... Çaş-baş qalmışdım. Ətrafda nə gül dükanı, nə də gülərüz çiçəkçi qızlar vardı. Hər tərəfdə yalnız və yalnız kədərli, gözüyaşlı qadınlar, nifrət və qəzəbdən qaşları çatılmış gənclər, qəhərlənmiş yaşlılar vardı. İnsanlar bir hüznlü çay kimi eyni istiqamətdə axışırdı. Gedərkən bizlərdən  iki bir, üç bir götürüb özləri ilə aparırdılar. Bu insanlara nə olub, axı?! Niyə belə kədərlidirlər? Niyə bizə baxanda dərindən ah çəkirlər? Ora-bura boylanıb suallarıma cavab axtarırdım. Sonra hər şeyi anladım. Sən demə, mən bu gün şəhid məzarlarını bəzəməli idim. Üzərimə artıq çox şərəfli bir məsuliyyət düşürdü. Mən daha adi bir çiçək deyildim. Mən öz Vətəninin uğrunda  şəhid olmuş  insanların ölməzlik simvolu idim.

Bir zamanlar  insanlar məni çox  sevərdi... Yox, yox, insanlar məni indi də  sevir. Əgər sevməsəydilər, məni ən uca, ən ali şəhadət zirvəsinə  yüksəlmiş qəhrəmanların  baş ucuna qoymazdılar. Mən daha  hər il  20 Yanvarda ləçəklərimin  yerə səpilməyindən də incimirəm, əksinə, taleyimə yazılmış bu şərəfdən qürur duyuram. Mən sizə söz verirəm ki, heç bir zaman şəhidlərimizi unutdurmayacağam! İnanıram ki, ömrü mənim ömrüm kimi qısa olan bu cəsarətli insanların qəhrəmanlıq salnaməsi xalqımın yaddaşından heç vaxt silinməyəcək!..

Şəhla MƏMMƏDHƏSƏNOVA
Bakı şəhərindəki 199 saylı Körpələr evi-uşaq bağçasının tərbiyəçisi

 





22.02.2019    çap et  çap et