525.Az

Firudin Qurbanov Tvinninq layihəsinin rəhbərləri ilə görüşdü


 

Firudin Qurbanov Tvinninq layihəsinin rəhbərləri ilə görüşdü<b style="color:red"></b>

Dünən Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək" Tvinninq layihəsinin rəhbərləri olan Fransa, Litva və Latviyadan olan ekspertlərlə görüşüb.

Azərbaycanın Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilən Tvinninq layihəsinin əhəmiyyətindən danışan F.Qurbanov vurğulayıb ki, burada əsas məqsəd Azərbaycan ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdır.
 
F.Qurbanov icrasına 2018-ci ilin aprelində başlanılmış "Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək" Tvinninq layihəsinin 2015-2017-ci illərdə həyata keçirilmiş "Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək" Tvinninq layihəsinin davamı olaraq reallaşdırıldığını qeyd edib. Bildirib ki, Tvinninq layihələrinin tətbiqi ali təhsilin modernləşdirilməsi, müsbət beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, müasir tədris texnologiyalarından istifadənin artırılması və bütövlükdə ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığının təkmilləşdirilməsi baxımından yeni imkanlar yaradır. Hazırkı Tvinninq layihəsi üzrə seçilən on beş pilot ixtisasdan doqquzunun Bakı Dövlət Universitetində olduğunu xüsusi vurğulayan F.Qurbanov həmin ixtisasların təhsil proqramlarının məzmununda əhəmiyyətli dəyişikliklərin ediləcəyinə və bunun əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verən mütəxəssis hazırlığına imkan verəcəyinə əminliyini diqqətə çatdırıb.

F.Qurbanov, eyni zamanda, Bakı Dövlət Universiteti haqqında məlumat verib, bu ali təhsil ocağının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamı qeyd edərək yubiley tədbirlərinin YUNESKO, İSESKO, o cümlədən, bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən keçiriləcəyini bildirib.

Fransanın Pedaqoji Araşdırmalar üzrə Beynəlxalq Mərkəzinin baş koordinatoru, Tvinninq layihəsinin rəhbəri Bruno Curvale layihə haqqında ümumi məlumat verib. O, layihə çərçivəsində həyata keçiriləcək tədbirlərdən bəhs edib, layihənin Azərbaycanda ali təhsilin təkmilləşdirilməsinə və bu sahədə mövcud hüquqi bazanın yenilənməsinə töhfə verməyə xidmət etdiyini diqqətə çatdırıb.

Litvanın Təhsil və Elm Nazirliyinin əməkdaşı, layihə rəhbəri Giedrius Viliunas Azərbaycan və Litva təhsil sistemləri arasındakı oxşarlıqdan bəhs edib. G.Viliunas Bakı Dövlət Universitetinin aparıcı ali təhsil müəssisəsi olduğunu bildirib və bu universitetdə əldə ediləcək nailiyyətlərin bütövlükdə ölkə ali təhsilinin inkişafına xidmət edəcəyinə əminliyini vurğulayıb.

S.QARAYEVA

 





22.02.2019    çap et  çap et