525.Az

Prezidentdən Əfqanıstan müharibəsi iştirakçılarıyla bağlı mühüm qərarlar


 

“DÖVLƏT BAŞÇISI BİR DAHA TƏSDİQ ETDİ Kİ, O, VETERANLARIN, ŞƏHİD AİLƏLƏRİNİN DAİM YANINDADIR”

Prezidentdən Əfqanıstan müharibəsi iştirakçılarıyla bağlı mühüm qərarlar<b style="color:red"></b>

Məlum olduğu kimi, Prezident İlham Əliyev Əfqanıstan müharibəsində həlak olmuş hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı fərman imzalayıb.

Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar dövlət başçısının imzaladığı fərmana əsasən, sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 220 manatdan 300 manata çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyindən bildirilib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinin yüksək qayğı ilə əhatə olunduğunu təsdiq edir.

Fərmana əsasən, həmin ailələr üçün Prezident təqaüdünün aylıq məbləği 80 manat artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən edilib.

Qeyd olunan ailələr üçün aylıq təqaüdün təyin olunmasına Azərbaycan prezidentinin 2014-cü il, 11 avqust tarixli fərmanına əsasən başlanılıb.

Əlavə edilib ki, ölkəmizdə aparılan və ildən-ilə güclənən sosial siyasətin əsas istiqamətlərindən biri kimi, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılır. Bundan bir qədər əvvəl, dövlət başçısının 30 yanvar 2019-cu il tarixli fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği də 58 manat artırılaraq 300 manata çatdırılıb.

Bundan başqa, Azərbaycanın Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Prezidentin ehtiyat fondundan “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinə 1 milyon manat vəsait ayrılıb.

Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov qeyd edib ki, Prezident İlham Əliyevin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün aylıq təqaüdün artırılması haqqında fərman və Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalaması Əfqanıstan müharibəsi veteranlarına göstərdiyi diqqət və qayğının növbəti göstəricisidir. O, “Azərtac”a bildirib ki, Ümummilli lideri Heydər Əliyev hər zaman Əfqanıstan müharibəsi iştirakçılarına diqqət və qayğı göstərirdi: “Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Əfqanıstan müharibəsi veteranları dövlət başçısı tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar”.

“Dövlət başçısının müharibə iştirakçılarının sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı bu günlərdə imzaladığı fərman və sərəncam biz veteranlara ali diqqət və qayğının bariz nümunəsidir. Prezident bir daha təsdiq etdi ki, o, veteranların, şəhid ailələrinin daim yanındadır”, - deyə Ə.Təhməzov qeyd edib.

Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısının davamlı olduğunu deyən Ə.Təhməzov əlavə edib ki, Əfqanıstan müharibəsi veteranları və əlilləri də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müharibə iştirakçıları üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdirlər: “Bu da ondan xəbər verir ki, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibə iştirakçılarına daim yüksək səviyyədə diqqət və qayğı göstərir, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. Dövlət başçısının apardığı məqsədyönlü, mütərəqqi və uğurlara əsaslanan siyasət bütün sahələri, o cümlədən, biz Əfqanıstan müharibəsi veteranlarını diqqətdən kənarda qoymur. Biz veteranlar daim prezidentin yanındayıq, onun apardığı daxili və xarici siyasəti dəstəkləyirik. Əfqanıstan müharibəsi veteranları adından bizə göstərilən bu ali diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Ceyhun ABASOV

 





23.02.2019    çap et  çap et