525.Az

Prezidentin fərmanı ilə 50 mindən çox mənzilə çıxarış veriləcək


 

“QISA MÜDDƏT ƏRZİNDƏ MÜƏYYƏN OLUNMUŞ QAYDADA 400-DƏK YAŞAYIŞ KOMPLEKSİNDƏ MƏNZİLLƏRİN DÖVLƏT QEYDİYYATINA ALINMASI TƏMİN EDİLƏCƏK”

Prezidentin fərmanı ilə 50 mindən çox mənzilə çıxarış veriləcək<b style="color:red"></b>

Prezident İlham Əliyevin “Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” imzaladığı fərman mənzil-inşaat sektorunda uzun illərdən bəri yığılıb qalan problemlərin həllinə imkan verir. Artıq nə sənədsiz ev qalacaq, nə də mənzil sahibi olan vətəndaşların qeydiyyat problemi olacaq.

Fərmanda qeyd olunduğu kimi, əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən, inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir.

Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə qərar qəbul edib.

Fərmana əsasən, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilib.

Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə etməli, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib etməli, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim etməlidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verməli və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərməlidir.

Fərmanın 1.1-ci bəndinə əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, Fövqəladə Hallar Nazirliyi müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini bu fərmanın 1.1-ci bəndində göstərilən müddətdə tərtib edib çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sifarişçisinə (sahibinə) və ya idarəedici təşkilatına, onlar olmadığı halda aidiyyəti yerli icra hakimiyyəti orqanına təqdim etməlidir. Müvafiq rəydə göstərilmiş çatışmazlıqlar 5 ay müddətində aradan qaldırıldıqda, bu fərmanın 1.1-ci bəndində nəzərdə tutulan müayinənin yenidən aparılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət oluna bilər.

Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bu fərmanın icrası ilə bağlı görülmüş tədbirlər və işlərin gedişatı barədə hər ay prezidentə məlumat verməlidirlər.

Prezidentin imzaladığı fərmanın icrası istiqamətində görüləcək işlərlə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) şöbə müdiri Qulu Xəlilov “Azərtac”a bildirib ki, sözügedən sənəd 400-dək yaşayış kompleksinə şamil olunacaq, 50 minədək mənzili əhatə edəcək.

Q.Xəlilov qeyd edib ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında prezidentin fərmanı on minlərlə ailənin sevincinə səbəb olub: “2019-cu il yanvarın 1-dən etibarən hazır çoxmənzilli yaşayış binalarının qeydiyyat proseduru sadələşdirilib. Əvvəl bəzi belə binalarda yaşayan vətəndaşlar bir çox problemlə üzləşirdi. Lakin bundan sonra qeydiyyatla bağlı problemlərlər öz həllini tapacaq. Əmlak Məsələləri Dövlət Komitəsi qısa müddət ərzində müəyyən olunmuş qaydada bu binalarda mənzillərin dövlət qeydiyyatına alınmasının təmin edəcək, sakinlərə çıxarışlar təqdim olunacaq”.

Şöbə müdiri əlavə edib ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri birbaşa vətəndaşların ünvanına gətirilir: “Səyyar xidmət göstərən Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları tərəfindən vətəndaşlara çıxarışlar yaşayış ünvanında yerindəcə təqdim olunacaq. Bu fərman, eyni zamanda, vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinə, mənzillə bağlı leqal əməliyyatların həyata keçirilməsinə, mövcud problemlərin həllini tapması, aparılan əməliyyatlar üzrə həm dövlət büdcəsinə daxilolmaları artıracaq, həm də mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həllinə gətirib çıxaracaq. Vətəndaşlar artıq düzgün şəkildə vergi ödəyəcək, bu vergi isə dövlət büdcəsinə yönələcək”.

Milli Məclisin deputatı Azər Badamov isə qeyd edib ki, çoxmənzilli binalarda yaşayan yüzlərlə insan müəyyən səbəblər üzündən öz mənzilinin hüquqi sahibi ola bilmirdi: “Bu problem vətəndaşları daima narahat edirdi”.

İmzalanan müvafiq fərmanla bu problemin də yaxın vaxtlarda öz həllini tapacağını deyən deputat bildirib ki, bununla Prezdent İlham Əliyev daima sadə insanların yanında olduğunun göstərir.

A.Badamovun sözlərinə görə, ümumiyyətlə, son zamanlar imzalanan bütün fərman və sərəncamlar xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edir: “Bu, bir daha onu göstərir ki, Azərbaycanın dövlət siyasətinin təməlində vətəndaşların rifahı dayanır”.

Ceyhun ABASOV

 





23.02.2019    çap et  çap et