525.Az

Bütün sevgi səyahətləri Hava limanlarından başlanır... - Pərvinin hekayəsi - ANONS


 

Bütün sevgi səyahətləri Hava limanlarından başlanır... - Pərvinin hekayəsi - <b style="color:red">ANONS</b>

Pərvinin "Hava limanı" hekayəsindən parçalar:

Lənətə gələsən elə, bu da vaxt tapdı aşmağa, indi o biri durub deyinəcək... Deyinəcək nədi ey, beynimi çarmıxa çəkəcək! Hə, arvadım... Böyrəkləri xəstədi, amma nədənsə başı, gözləri ağrıyır həmişə. Gecə yanaşırsan - başım ağrıyır, səhər “sabahın xeyir” deyirsən - gözlərimin içi yanır, günorta zəng edirsən ki, evə çörək alım - ürəyim çırpınır, məni sancmaq üçün bəhanə tapılmayanda üzünə-gözünə bir-iki iynədən-filandan vurdurur, guya bununla gözəl olacaq da...

***

Nahaq yerə buranın adını free zona qoymayıblar ki... Bütün yoxlamalardan keçəndən sonra uçuşa bir saat-filan qalmış azadlığa çıxırsan elə bil. Məişət, ev, iş, problemlər azadlığın - sərhəddin o tayında qalır. Təyyarəyə özünü də mindirirsən ey, amma hər halda beyinin içində generator kimi dır-dır eləyən fikirlərdən azad olursan da. Amma belə baxanda, dır-dır ancaq bir nəfərə yaraşır, onu evdə yatmış qoyub çıxdınsa, hər şey əladı.

***

Mən də bu oğlanın yerində olsam, masanın üstünü quş südü, can dərmanıyla dolduraram da... Qız gör necə girib qucağına, vecinə də deyil ki, millət bunlara baxır. Gah oğlanın üzünü sığallayır, gah gözlərindən öpür, gah boşqabından nəsə götürüb yeyir, şirin-şirin gülür. Öz aramızdı, oğlan da az aşın duzu deyil ha. Görünür, istirahətə gedirlər, hamı mənim kimi axmaq deyil ey, səfər deyəndə ancaq işləmək düşünsün. Hə, bu cavan oğlanı qabaqda yaxşı günlər, gecələr gözləyir, indidən işin ehtiyatlı tutub, ay səni xatakar. Bilmirəm hansı yazıçıdan oxumuşdum, bütün sevgi səyahətləri Hava limanlarından başlanır...

***

“Bura bax, sənin gözün haçan yığışacaq?! Mika, axı sənə demişəm ki, xoşum gəlmir belə şeylərdən. Məni yuxuya verib stüardessa ilə flirt edirsən, nömrəsin aldın artıq?! Mən o birinin arxasından təpiyi elə buna görə vurmuşam da. Axı hansı səviyyəli qadın buna dözər, hə? Deməli, mən işdən qaçım, anamı aldadım ki, işgüzar səfərdəyəm, bibim qızının xınayaxdısına getməyim, rəfiqələrimdən ayrı düşüm ki, səni sevindirəcəm, səninlə vaxt keçirəcəm, sən də belə, hə?! Vallah sənə sözüm yoxdu mənim... Elə anam deyir ki, bütün kişilər heyvandılar, mən də düşünürəm sən belələrindən deyilsən... “

***

Təyyarədən enəndə də qız danışmağına davam edir. İnsan haqları konvensiyasında, konstitusiyamızda, “Qabusnamə”də, nə bilim, cinayət məcəlləsində belə şeylərin yazıldığını bilmirdim düzü, yaxşıdı öyrəndim... Amma dəqiq bilirəm ki, pasport nəzarətini keçəndən sonra qız bir tərəfə, oğlan o biri yana gedəcək...

HEKAYƏNİN TAM VERSİYASINI "525-ci QƏZET"İN ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ

 





23.02.2019    çap et  çap et