525.Az

“Babək 44” taborunun döyüş yolu ekranda - Foto


 

“Babək 44” taborunun döyüş yolu ekranda - <b style="color:red">Foto </b>

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Babək 44” taboru haqqında film mətbuat və ictimaiyyət nümayəndələrinə təqdim edilib.

Ekran işində 1992-ci ildə təşkil edilmiş 703 saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı əzmlə savaşmış “Babək 44” taborunun döyüş yolundan bəhs olunur.

Tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sənədli filmin ssenari müəllifi Səməd Hətəmov çıxışında deyib ki, “Babək 44” taboru ən qızğın döyüşlərdə göstərdiyi rəşadət və qəhrəmanlığa görə seçilib. Taborda vuruşan qəhrəman Azərbaycan övladları misilsiz igidlik nümunələri, parlaq şücaət göstəriblər: “Ona görə də biz bu qərara gəldik ki, “Babək 44” taborunun keçdiyi döyüş yolu barədə cəmiyyətə məlumat verək, xalqımız həmin taborda vuruşmuş qəhrəmanları tanısın”.

Tədbirdə filmin çəkiliş heyəti ilə yanaşı, “Babək 44” taborunun ilk komandiri, polkovnik Elxan Qəniyev, ehtiyatda olan polkovnik Abukər Mirzəyev, döyüşçülərdən Nazim Quliyev, Namiq Məmmədov çıxış edərək keçdikləri ağır döyüş yolu barədə danışıb, film barədə fikirlərini bölüşüblər, xatirələrini dilə gətiriblər. Qeyd olunub ki, tabor 400 nəfərə qədər əsgər və zabitdən formalaşıb, döyüşlərdə 170-dən çox şəhid və itkin verib. Taborun döyüşçülərindən biri Azərbaycanın Milli Qəhrəmanı adına, bir neçəsi isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Çıxış edənlər bu ekran işinin ərsəyə gəlməsini yüksək qiymətləndirərək mərd savaşçılarımızın qəhrəmanlıqlarının, şanlı döyüş yolunun xalqa çatdırılmasının vacibliyini vurğulayıblar. Onlar filmin rejissoru İsrafil Xanlarova, eləcə də bütün yaradıcı kollektivə, bu işdə əməyi olanlara təşəkkürlərini çatdırıblar.

Sonra film nümayiş etdirilib. Ekran işində sözügedən taborun yaranma tarixi, keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar, döyüşdüyü əsas ərazilər barədə məlumat verilir. Filmin çəkilişləri zamanı Dağlıq Qarabağ uğrunda, Ağdərə ətrafında gedən döyüş kadrlarından, həmçinin döyüşlərdə iştirak etmiş şahidlərin, komandirlərin, şəhid valideynlərinin müsahibələrindən istifadə olunub.

SEVİNC



 





23.02.2019    çap et  çap et