525.Az

Anlaşılmayan aydın - Nuri Bilgə Ceylan


 

Anlaşılmayan aydın - <b style="color:red">Nuri Bilgə Ceylan</b>

Saniyədə 24+1 sayda fotonun mavi ekranda eyni sürətlə əvəzlənməsi ilə gözümüz aradakı kiçik fərqləri anlamır, sürətli və davamlı hərəkəti görür və ordan anladıqlarını beyinə ötürür. Filmdir bu... Böyük bir heyranlıqla, zövqlə izlədiyimiz, asudə vaxtlarımızı ən yaxşı şəkildə dəyərləndirmək deyəndə ilk ağıla gələnlərdən. Əlbəttə, hər filmə də aid etmək olmur bu təyinləri...

Hər kəs həyatı görər, hər kəs baş verənlərə bu və ya digər şəkildə reaksiya verər. Bu, insan olmağın birinci özəlliyidir yəqin ki. Ancaq yaradıcı insan olmaq hər kəsin baxdığında kimsənin görmədiyini görə bilmək, sonra isə onu elə onların özünə təqdim etməkdir. Bu sahədə ədəbiyyatçıların və rejissorların öhdəsinə daha böyük iş düşür. Amma hər ədəbiyyatçı və rejissor da həyata sadiq qalmır, insan duyğu və düşüncələrini ön plana çıxarmaq, insanın özünü özünə təqdim etmək zəhmətinə qatlaşmır.

“Yalqız ölkə”nin yalqız adamı...

Rejissor vardır gəncliyi fotoqrafçılıq sənətilə bağlanmış, illərlə sevgi ilə məşğul olduğu sənətin izlərini 30 yaşından sonra arxasına keçdiyi kameraya da daşıyan, filmin “24+1” özəlliyini heç zaman unutmayan, bundan ən usta şəkildə istifadə etməyi bacaran. Türkiyənin ən məşhur, bütün fotoqraflıq təcrübələrindən istifadə edərək tamamilə fərqli üslub yaradan, çox zaman anlaşılmayan, amma dünya kino tarixinə öz ölkəsinin adını qızıl hərflərlə yazdırmağı bacaran rejissor Nuri Bilgə Ceylandan gedir söhbət. Çəkdiyi hər filmi ilə yaşadığı mühitin - Anadolu insanının ruh halını, duyğu və düşüncələrini, dünyayla münasibətini ən incə detallarına qədər işləyən, tamaşaçısına bəzən aydın, bəzən də dolayı yollarla çatdıran Nuri Bilgə 1980-ci illərdən sonra o dövrü cəsarət edib filmlərdə göstərə bilən bir rejissordur həm də.

Cəmi üç günün içərisində bütün filmlərinə baxdığım rejissorda məni həyəcanlandıran, özünə çəkən, beynimi durmadan məşğul edən nələrsə vardı. Onun filmlərini bir sözlə şərh etmək lazım gələrsə, yəqin ki, “təknəfərlik” sözü tam uyğun olacaq. Mükafatlandırma mərasimində Türkiyəni “yalqız ölkəm” adlandıran Ceylan əslində, özü də yalnızdır. Öz dünyasında, öz içində, həyata, insanlara, sənətə baxışında yalnızdır. Çəkdiyi filmlər də tamaşaçısından məhz o yalqızlığı tələb edir.

Sonradan izlədiyim, oxuduğum müsahibələrində, haqqında çəkilmiş sənədli filmlərdə onunla bağlı müşahidələrimdə yanılmadığımı gördüm. Sən demə, onu öyrənmək üçün öz dilindən düşüncələrini dinləməyə gərək yoxmuş, o, elə bütün filmlərində özüdür, özündəndir. Ona görə də bu qədər anlaşılmaz və bir o qədər də aydındır.

Müsahibələrindən birində özü haqqında dediyi bir fikir isə məni çox həyəcanlandırdı. İllərdir, özümdə müşahidə etdiyim, ancaq heç cür sözləri yanaşı qoyub ifadə edə bilmədiyim fikri Ceylan sanki məhz məni şərh etmək üçün demişdi: “Heç zaman nə istədiyimdən əmin olmuram, ya da istədiyimi düşündüyüm şeydən daha yaxşısı ola biləcəyi inancını daşıyıram”. Kim bilir, bəlkə də bütün uğurun sirri məhz bundadır?!

Fərqlilikdən doğulan filmlər

Onun kino sevdası hələ lap balaca ikən, sonralar bir neçə filmlərində görəcəyimiz, daha yaxından tanıyacağımız Yenicədə başlayıb: “O illər necə yaşayacağımızı, necə yaşamaq lazım olduğunu bizə film öyrədirdi. Belə bir uşaqlığımız olub bizim. Xatırlayıram ki, Yenicədə olanda, bir gün çərpələng uçururdum. Bacımla rəfiqəsini gördüm. “Filmə getmişdik” dedi. “Məni niyə çağırmadınız?” dedim. Həmin an o filmə getmədiyim üçün, böyük ağrı  hiss etdim. Həmin hissi indi də xatırlayıram. Yenicədə bir yazlıq, bir də qışlıq film vardı. 3000 əhalisi olan balaca qəsəbəydi. Adını dəqiq xatırlamasam da, ilk baxdığım film “Poseydon Macərası”na bənzər ağ-qara macəra filmi idi. Fil bir gəmiyə hücum çəkirdi. Filmin mənə təsiri haqqında danışmağıma ehtiyac yoxdur”.

Onu fərqli edən təkcə çəkdiyi filmləri deyil, elə ilk başda filmə, kinoya yanaşma tərzidir. Əslində, filmləri çətindir, anlaşılmazdır deyənləri anlamaq da elə asan olmur. Çünki NBC filmlərini həyatdan fərqləndirmək, onların film olduğuna inanmaq çətindir. 30 yaşından sonra kinematoqrafiyaya gələn, çəkdiyi ilk filmi ilə artıq diqqətləri öz üzərində toplamağı bacaran rejissor bütün yaradıcılığı boyu öz ideallarına sadiqlik göstərir. Həyatda görməzdən gəldiyimiz, bəzən həqiqətən görmədiyimiz, yanından etinasızca keçdiyimiz detallar onun filmlərində başqa rəng, başqa ab-hava qazanır, sanki ətə-qana gəlib insanı özünə şərh edir, “bax, həqiqət budur” -deyir. Özünün də dediyi kimi: “Baxmağı bacarsaq, həyat çox rənglidir, insan mənzərəsi dünyanın ən zəngin mənzərəsidir. Yanınızdakı stola baxın, orda mütləq bir hekayə var”.

Maraqlıdır ki, bizim gözümüzdə böyütdüyümüz, az qala ilahilik qazandırdığımız, əlçatmaz hesab etdiyimiz, heyrətlə baxdığımız film çəkmək sənəti Nuri Bilgə üçün heç də elə görünmür. Bu qədər mükafatlar, uğrular qazanan, olduğu sektorda adını ilk sıralara yazmağı bacaran rejissor gördüyü işi daha da böyütmək, qürrələnmək əvəzinə hər zaman təvazökardır, bütün müsahibələrində qeyri-adi heç nə etmədiyini, sadəcə içindən gələn kimi, həyatı və kinonu gördüyü kimi ekran işlərini yaratdığını deyir: “Film çəkmək çox çətinmiş kimi bir mif var. Filmlə məşğul olanlar da, gördükləri işin ciddiyə alınması üçün bu fikri daha da alovlandırır. Yaxşı film çəkmək ayrıdır, amma film çəkmək asan bir şeydi. Doğurdan da, çətin deyil”.

Bəs, yaxşı film deyəndə nəyi nəzərdə tutur? “Məncə, yaxşı film bəlli bir estetik və əxlaqi duyumluqla dərinə işləyən mülahizəni bir yerə gətirə bilən filmdir”.

“Qoza” filmindən başlanan yol

Nuri Bilgə Ceylan filmlərinin həm ssenaristi, həm də rejissorudur. Ta uşaqlığından kinoya qarşı içində başqa bir sevgi, maraq daşıyan, həmişə özünü bu sahədə görən, işə başlamaq üçün yetəri qədər bilgi və müşahidəyə, texniki imkanlara malik olan Ceylan nədənsə film çəkməyə ürək etmirdi. Hər dəfə bu istəyini içində boğur, qeyri-müəyyən vaxta qədər təxirə salırdı. Ta ki, 1995-ci ildə ilk və yaradıcılığındakı tək qısametrajlı film olan “Qoza”nı çəkənə qədər.

“Yaşadığım qorxu bacarıqsızlıqdan irəli gəlmirdi. Məsələ bu idi ki, nə etsəm də, ssenari yazmağı bacarmırdım. Beləcə illər keçdi. Sonra nəhayət ki, 20 dəqiqə çəkən qısametrajlı filmim “Qoza”nı yaratdım. Bu film bütün qorxularıma cavab verən təcrübə idi. Çəkiliş bir il çəkdi. Ssenari yox idi. Duyub, hiss etdiklərimlə və qavradıqlarımla tuta bildiyim bir dünyanı əllə tutula biləcək hala gətirirdim. Dialoq yox idi. Birdən-birə o filmi çəkməyə başladım. “Qoza” yarandı. Necə olduğu barəsində heç bir fikrim yox idi. Lakin “Kann” Festivalına qəbul edilincə, özümə güvənməyə başladım. Öyrənməyə çalışdığım film texnikası, bu filmin çəkilişi zamanı oldu”.

Həqiqətən də filmdə nə ssenari var, nə də bircə dialoq. Sanki kamera ətrafındakı gözünə maraqlı dəyən hər şeyi yaddaşına ötürür, hər detala diqqət ayırır. Tamaşaçını da məhz bu diqqətlə özünə çəkə bilir. Sadəcə küləyin, xışıldayan yarpaqların, bir yerdən başqa yerə sovrulan fotoların, açılıb-örtülən qapıların, yanan sobanın, oxuyan quşların, nəfəs alan insanın səsini eşitdiyimiz filmdə şəkillə səsin vəhdətinə valeh olmamaq mümkün deyil. Mövzu o qədər aydın, o qədər təmizdir ki, üstündə düşünmək, axı, “rejissor nə deyir?” sualını vermək ehtiyacı belə duymuruq. Hər epizodda rejissorun özünü yoxladığı göz önündədir. 20 dəqiqəlik film Nuri Bilgənin qorxularıyla cəsarətinin çarpışmasını da xatırladır. Ancaq o, kamera arxasına keçdiyi anda qorxuları artıq məğlub olmuş, cəsarəti isə zəfər bayrağını başı üstündə yelləyirdi.

Mətnsiz, süjetsiz, ağ-qara “Qoza”nın yaranmasını elə türk dilində, Ceylanın özünün ifadə etdiyi kimi şərh edək: “Kendimi fırlatır gibi başladım o filmi çekmeye. Bitirdiğimde de neye benzediği konusunda gerçekten bir fikrim yoktu”.

Bəlkə də gözəlliklər məhz bilinməzliklərdən doğur. Nəyi gözlədiyimizi, nəyi istədiyimizi hər zaman bilməli, öncədən planlamalıyıq deyə bir şey yoxdur. Ceylan da plan-proqram adamı deyil anlaşılan. Nə yaranırsa, birdən yaranır, gözləmədiklərimizdən yaranır.

Həyata atdığı ilk addımlarında olduğu kimi, kinoya doğru ilk addımlarında da ən yaxınları - valideynləri Emin və Fatma Ceylan vardı yanında və filmində. Uzun illər birlikdə yaşamış, sonra ayrı düşən ər-arvadın görüşünü əks etdirən “Qoza”da hadisələr rejissorun uşaqlığının keçdiyi, həyatında silinməz izlər buraxan Yenicədə keçir. Davamlı Ceylan izləyicisi getdikcə Yenicəni daha yaxından, hər bir halı ilə tanıyacaq.

Nuri Bilgə bu qısa filmi ilə gələcək filmlərinin anonsunu verir sanki. Sonralar onun demək olar ki, hər filmində görməyə alışdığımız təbiət-insan münasibətlərinin təməli də “Qoza”da qoyulur. Burada kişi ilə qadının timsalında insanın getdikcə təbiətlə bütünləşməsi öz əksini tapır. Rejissor təbiətdən gələn insanın təbiətə qarşı olduqca həssas münasibətini hərəkətlər və görüntülərlə çatdırır.

İki yerdə qadın və kişi ayrı-ayrılıqda güzgüdə özlərinə baxırlar. Andrey Tarkovskinin “Güzgü” filmini xatırladan bu epizodlarda insanın ruh halı, psixoloji durumu aydın şəkil alır. Hər şeydən qaçan insanın son dayanacağı öz içidir. Güzgü də insanın özünün özünə qayıdışıdır. Bundan başqa, filmdəki dəyişkən təbiət mənzərələri də Tarkovskidən gətirilən sitatlardır. Ümumiyyətlə, Nuri Bilgə Ceylan yaradıcılığında Tarkovskidən təsirlənmə, bəzi hallarda isə bəhrələnmə özünü göstərir. Özünün kinoya olan marağında, qazandığı bilgi və təcrübələrdə bu ustad rejissorun təsiri olduğunu isə Ceylan heç zaman gizləməyib.

Arı pətəyini vurub aşıran, daim sapandla gəzən 10-12 yaşlı oğlan (Turqut Topraq) isə rejissorun uşaqlığı kimi təqdim olunur.

Ceylan filmlərinin özünəməxsus cəhətlərindən biri də xarakterlərin heç birinin digərindən önə çıxmaması, eyni səviyyədə qalmasıdır. Ona görə də onun filmləri üçün “baş rol” terminini işlətmək heç də asan məsələ deyil.

Eyni zamanda, “Qoza”dan başlayaraq, bütün filmlərində sonlara doğru tempin aşağı düşməsi də görünür ki, tamaşaçı üçün ilklərdən biridir. Həyəcanlı və gözlənilməz sonluğa alışan tamaşaçı birdən-birə qeyri-müəyyən sonluqla qarşılaşır. Bu da rejissorun tamaşaçısı ilə hesablaşmasıdır, əslində. O, heç nəyi qanun şəklində izləyiciyə qəbul etdirmir. Sonlara doğru öncəki səhnələri təkrarlamaq, yada salmaqla izləyiciyə bir daha düşünmək və hadisələri analiz etmək şansı verir. Həmçinin, tamaşaçı öz-özüylə düşünərkən obrazın tənhalığını da yaxşı anlamaq fürsəti qazanır.

Filmə seçilən ad da diqqət çəkir. Bu, təkcə gözəl bir ipəkqurduna dönən tırtılı qoynunda mühafizə edən qoza deyil, həm də “Qəsəbə”, “May sıxıntısı”, “Uzaq”, “İqlimlər”, “Bir zamanlar Anadoluda”, “Üç meymun”, “Qış yuxusu”, “Əhlət ağacı” kimi filmləri ilə dünya kino tarixinə adını yazdıran önəmli bir rejissorun - Nuri Bilgə Ceylanın pərvazlandığı “Qoza” idi...

 





23.02.2019    çap et  çap et