525.Az

Siseron - natiqliyin sinonimi


 

Siseron - <b style="color:red">natiqliyin sinonimi</b>

(Əvvəli ötən şənbə saylarımızda) 

Hortensi məhkəməyə məlumat verdi ki, Verresin Sesili tərəfindən ittiham edilməsinə heç bir əsas yoxdur və o, heç bir səbəb verməmişdir. Siseronun qardaşı Kvint bildirdi ki, Hortensi məhkəmənin işini poza bilməz, çünki Roma məhkəməsi dünyada ən yaxşı sistemdir. Siseron razılaşmadı:

- Bu şüarları sən hardan tapmısan? Dayə kitablarındanmı? Sən güman edirsən ki, Hortensi iyirmi il ərzində məgər yaxşı rol oynamaqla Roma məhkəməsində ağalıq etməmişdirmi?

Dan yeri ağaranda Siseron buz kimi soyuq suda çimdi ki, özünü canlandırsın və qayğıkeşliklə paltarını geyindi. Sonra o, məhkəməyə yollandı.

Rəqabət aparan iddiaçılara iki kürsü qoyulmuşdu. Sesili artıq oturmuşdu. Siseron içəri girəndə ona fikir vermədi. Hakim qaydaya riayət etməyə çağırdı. Siseron tam sakitləşməni gözləyib, yavaş-yavaş çıxış etməyə başladı. Qeyd etdi ki, əvvəllər heç vaxt ittihamçı kimi çıxış etməmişdir. “Mən nə edirəmsə, öz ölkəm naminə edirəm”. O, Verresə tərəf əlini uzadıb dedi:

- Burada tamahkarlıqda, həyasızlıqda və əxlaqsızlıqda tayı-bərabəri olmayan insan monstrı oturmuşdur. Əgər mən bu adamı ədalətə gətirsəm, o, bunu etdiyimə görə məndə hansısa bir cəhət tapa bilər. Bütün ədalət və müqəddəs olanın adına de ki, indiki vaxtda mən ölkəm üçün daha yaxşı xidmət etmək üçün nə etməliyəm?

Verres başını silkələyirdi. Siseron ona bir müddət nifrət dolu nəzərlə baxıb, jüriyə tərəf döndü:

- Qay Verresə qarşı ittiham odur ki, üç ilə bərabər olan bir müddət ərzində o, Siciliya əyalətini viran qoymuşdur, - o, Siciliya icmalarını soymuş, siciliyalıların evlərini boş qoymuş və Siciliya məbədlərini qarət etmişdir. Bütün Siciliya bir səslə deyə bilər ki: “Bütün qızıl, bütün gümüş, bütün gözəl şeylər nə vaxtsa mənim şəhərlərimdə, evlərimdə və məbədlərimdə idi, onların hamısını sən Verres qarət etdin və məndən oğurladın və indi bu hesaba görə, qanuna müvafiq olaraq bir milyon sestertsiyə bərabər məbləğ üçün mən səni məhkəmədə mühakimə edirəm”. Bu sözlər bütün Siciliya üçün tam mütləq xarakter daşıyırdı. Əgər o, vahid səslə danışa bilsəydi, ancaq bunu təəssüf ki, edə bilmir, o, məni seçərdi ki, bu məsələdə onun vasitəçisi olum.

O, nitqinə davam etdi:

- Hər kəs bilir ki, mənim həyatım Forum və qanun məhkəmələri ətrafında cəmlənmişdir. Professiyamın tələb etdiyi kimi öyrənirəm və çətin bir işi görürəm.

Sonra o, Verresin vəkilinə üzünü tutub dedi:

- Sesili, sən heç nəsən və sən heç nəyə bel bağlamırsan. Hortensi səni məhv edəcəkdir. Lakin o, heç vaxt öz ağlı ilə məni sındıra bilməyəcəkdir.

O, Hortensiyə tərəf baxıb istehza ilə alçaltmaq qaydasında ona təzim etdi və dedi:

- Mən bu centlmenin hücum metodları ilə tanışam. Mən ona ciddi xəbərdarlıq edirəm. Əgər mən işlə əlaqədar çıxış edirəmsə, heç bir səbəb yoxdur ki, çox sayda adam elə bir ciddi təhlükə olmadan məhkəmənin rüşvət aldığını düşünsün.

Rüşvətin yada salınması kiçik səs-küy qaldırdı. Siseron ritorika çəkici ilə öz opponentlərinə, dəmirçi sobada dəmiri döyən kimi zərbə endirirdi. O, Verresi korrupsiyasına görə darmadağın etmişdi.

O, jüriyə müraciət etdi:

- Əgər siz Kvint Sesiliyə üstünlük versəniz, mən daha yaxşı adam tərəfindən udulduğumu düşünəcəyəm. Lakin Roma düşünə bilər ki, mənim kimi vicdanlı, ciddi və enerjili ittihamçı arzu etdiyinə nail olmadı və senatorların özlərinin də arzu şəklində bildikləri olmadı. Centlmenlər, baxın ki, bu, baş verməsin.

Bu vaxt bərkdən alqış səsləndi və çıxış üçün Sesilinin növbəsi gəldi. O, ləyaqətdən heç də bütünlüklə xali deyildi. Ritorika müstəvisində Siseron ona çox böyük hesabla qalib gəlmişdi. Jürinin səsvermə növbəsi gəldi və məhkəmə məmuru qutu ilə durmuşdu ki, səsləri yığsın. Siseronun sonralar dediyi kimi, bilirdi ki, o uduzmuşdur. O, ən azı, möhkəm düşməni olan 32 senatoru və onların dostlarının yarısına qədərini tanıyırdı. Katul lövhəyə nişan vurdu və onu hər iki tərəfdən olan adamlara göstərib, sonra qutuya atdı. Siseron hələ də heykəl kimi sakit idi. Bütövlükdə, 14 adam Siseronun xeyrinə səs verdi, 13 nəfər isə Sesiliyə səs vermişdi, beş nəfər bitərəf qalmışdı.

Mark Tulli Siseron jürinin qərarı ilə Qay Verresin işində xüsusi ittihamçı (nominis delator) təyin edildi. Tamaşaçılar əl çalanda Hortensi və Verres yerlərində dinməz oturmuşdular Siseronun sonradan təəccübünə səbəb olan qaydada məlum oldu ki, öz qələbəsinə görə ancaq Katula borcludur. Bu çətin adam olan qoca senator kiminləsə yaxınlığına baxmayaraq, beyninin sümüyünə qədər vətənpərvər idi, ona görə də onun rəyi belə hörmət qazanmışdı. Öz kürəkəni Hortensiyə ailə borcu, təbii ki, onu Siserona səs verməkdən çəkindirməyə sövq edə bilərdi. Bu amilə baxmayaraq, o, bitərəf qalmışdı və həmçinin, kimə səs vermək lazım olduğunu bilməyənlərin dördü də ona qoşulmuşdu.

“Qaban ovçusuna” bəziləri minnətdar olsalar da, Siseron bu vaxt Siciliyaya öz ekspedisiyasını hazırlayırdı. Verresin rəsmi kağızları məhkəmə tərəfindən möhürlənmişdi. Siseron Senat qarşısında təklif etdi ki, qubernator son üç ilin hesablarını təqdim etsin.

Lakin o, bunu heç vaxt etmədi. Adanın hər bir iri şəhərinə məktublar göndərildi, onlardan şəhadətləri vermək xahiş olunurdu. Siseron qubernator Lutsi Metellə nəzakətli məktub yazıb, ona öz səfəri barədə məlumat verdi. O, əmisi oğlu Lutsini də özü ilə götürmək istəyirdi. Lakin səfərə yollanmaq müəyyən məbləğ pul tələb edirdi. Siseronun qanuni praktikası ona bu vaxt bir qədər gəlir gətirirdi - bu, heç də birbaşa haqq ödəmək deyildi, həmin qayda qadağan olunmuşdu. Yalnız minnətdar müştərilərdən hədiyyə və irs şəklində nəsə almağa icazə verilirdi. Bu təqib etməni reallaşdırmaq üçün isə onun nəğd pulu yox idi. Krass da ona borc pul verməzdi. Yeganə çıxış yolu arvadı Terentsiyanın malikanəsindən 100 min sestertsi pul çıxarmaq idi. Qadın narazılıq etsə də, ona bu pulu ödəməyə razılıq verdi. Səhərisi gün arvadının biznes meneceri bir kiçik pul sandığı gətirdi, onda 10 min nəğd pul var idi, lazım gəlsə, 40 min də əlavə veriləcəkdi. 

Siciliyaya səfərin uğuru və çətinlikləri 

Siseron yanvarın idisində - 15-də, Nimfalar bayramının son günündə Romanı tərk edib Siciliyaya yollandı. Velia sahilinə gəlib çatanda, qayıq əvəzinə gəmidə getməyi qərara aldı, bu, qış tufanlarına və dəniz quldurlarına görə riskli bir iş idi. O öyrəndi ki, gəmi, Siciliya limanı Messana vətəndaşları tərəfindən keçmiş qubernator Qay Verresə hədiyyə kimi verilibmiş.

Messana əhalisinin xüsusi ittihamçıya ümumi düşmənçiliyinə baxmayaraq, iki nəfər qonaqpərvərlik göstərmək əlaməti kimi onu salamladı. Siseron addımbaşı “Mən Roma vətəndaşıyam” deyə təkrar edirdi. O, Sirakuzadan Romaya qaçıb, Verresin bütün cinayətlərini açmaq istəyən adama tərəf gəldi. Messananın böyükləri onu həbs etmiş, bu yazığa qızmar dəmirlə işgəncə vermişdilər. Kim danışmaq istəsə, onun üçün çarmıx da hazır idi. Yüzlərlə adamı Verres çarmıxa çəkdirmişdi, hətta Roma vətəndaşlarını da. Siseron həm də onun casus olduğundan şübhələnirdi.

Sonra o, şimal sahil şəhəri Tindara getdi. Orada Roma ədaləti barədə qısa bir çıxış etdi, yerli adamların şikayətlərini dinlədi. Tindardan Steninin vətəni olan Termeyə yola düşdü, burada onun boş evində qalmış arvadını gördü. Qadın sürgündəki ərindən Siseronun gətirdiyi məktubu oxuyub ağladı. Evində qaldığı Lisona məxsus olan Apollonun qiymətli heykəlini və Mentorun gümüş qədəhlərini qarət etmişdilər.

Yeni qubernator Lutsi Metellin liktorları əllərindəki qamçı və balta ilə bazar meydanı tərəfdə dayanmışdılar və Verres barədə şəhadət verənləri cəzalandıracaqları hədəsi ilə qışqırırdılar. Siseron ilk dəfə bu adaya gələndə, buradakı Leontini düzənliyi Romanın taxıl anbarı idi. İndi isə tərk edilmiş ferma evləri, becərilməyən tarlalar gözə çarpırdı. Bir fermer şikayət etməyə cəsarət göstərdi. Gəlirin onda birini Verres üçün yığanlar bir nəfəri bazar meydanındakı zeytun ağacından asmışdılar.

Sirakuza Siciliyanın ən böyük və ən yaxşı şəhəri idi. Əslində, burada dörd şəhər birləşmişdi və bir şəhər içərisində ərimişdi. Romalı qubernator Diana və Minerva böyük məbədlərinin yanındakı saraya malik idi. Messanadan sonra bu şəhər Verresə loyal olduğundan, bu yaxınlarda şəhərin senatı ona elegiya göndərməyə səs vermişdi. Ona görə də Siseron özünün düşməncəsinə qəbul ediləcəyindən qorxurdu.

Siseron gənc magistrat olanda görkəmli matematik Arximedin 130 illik qəbrini nankorluqla itirmiş qəbiristanlığın yanında məskunlaşmışdı, bu adam isə böyük alim olmaqla, Sirakuza tarixinin ən məşhur şəxsiyyəti idi.

Hortensinin yenidən öz köhnə fırıldaqlarını təkrar etməsini eşidəndə, Siseron dedi ki, “Biz müharibəni düşmən cəbhəsinə keçirməliyik, nə baş verdiyini anlayan romalıların özlərinin dilini açmalıyıq. Həm də o bilirdi ki, bu, riskli bir strategiyadır, lakin öz inamından dönmürdü və əmin idi ki, Verresin başçılıq etdiyi qatillərin zülmət ürəyi açılıb göstəriləcəkdir. O, çox sürətlə və məxfi qaydada hazırlıq görürdü. O, belə bir fikirlə razı idi ki, “kim küçəyə nəzarət edirsə, o, qanuna nəzarət edir”. Bu həmin Siseron idi ki, küçəyə nəzarət edirdi. O deyirdi: “Bir buna baxın, bu, heç də müəyyən bədbəxt fərdlərdən tutulub alınmış mallar deyildir. 400 kiçik çəllək bal, əcnəbi paltarlardan ibarət 90 bağlama. Bunlar gəmi yükü idi. Sizin qubernator Verres gəmini də oğurlamalı idi”.

Şahid 10, bəlkə də, 20 gəminin yükünün oğurlandığını və heç bir gömrük rüsumu alınmadığını dedi. Verres bütün yükləri özünə götürmüşdü. Bu gəmilər Asiyadan, Suriyadan, Tirdən, Aleksandriyadan gəlirdi. Verres təkcə malları, yükü deyil, gəmiləri də özünə götürürdü. O, casusluq yolu ilə buna nail olurdu. Bütün casusların kökü qubernator Verresin özündə idi.

Bu gəmilərin komandaları isə “Daş karxanası” adlanan zindana göndərilirdi. Onların gələcək taleyininin necə olacağını heç kəs bilmirdi. “Daş karxanası” Siciliyada ən qorxulu dustaqxana idi. Ondan pis olanı barədə heç kəs heç nə eşitməmişdi. Burada Verresin qurbanları əzab çəkir və ölürdülər. Bu, tiran Dionisinin üç əsr bundan əvvəl tikdirdiyi yeraltı məhbəs idi. Bəzi adamların azad olunması xəbərləri gəlirdi, əksəriyyəti barədə isə “onların üzərinə ölüm cəzası qoyulmuşdur” mənasını verən Siciliya sözü olan “edikaiothesan” yazılırdı.

Siseron ayrı-ayrı ölkələrdən olanların nəyə görə həbs olunduqlarını soruşanda, bu suala belə cavab verdilər ki, onlar dəniz quldurları idilər, dəniz quldurları və casuslar. Onların hamısı artıq öldürülmüşdü, təkcə romalılar və iki ispan həbsdən azad olunmuşdu. İki nəfərin edam edilməsi isə Siserona detalları ilə təsvir edildi.

Siseronun fəallığı hesabına Sirakuzada qarışıqlıq yaranmışdı. Senat binası mühasirəyə alınmışdı. Aşağıda Verresin özünün qızıl suyuna çəkilmiş heykəli dururdu. Şəhərlilərin mitinqi qubernator Metellin göstərişi ilə dağıdılmışdı. Qanlı qiyam baş verə bilərdi. Siseron da siciliyalıları sakitləşməyə çağırırdı.    

(Ardı var)

 





25.02.2019    çap et  çap et