525.Az

İbrahim Tahirin əsərlərinin ilk nəşri


 

İbrahim Tahirin əsərlərinin ilk nəşri<b style="color:red"></b>

AMEA Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya elmləri doktoru 

XIX əsrin sonu, XX əsrin birinci yarısında yaşamış, zəngin ədəbi irsə malik, yaradıcılığında klassik ədəbiyyatın ənənələrini yaşadan şairlərimizdən biri də İbrahim Tahir Musayev (1869-1943) olmuşdur. XIX əsr Qarabağ ədəbi mühitində böyük nüfuza malik olan Mir Möhsün Nəvvab özünün “Təzkireyi-Nəvvab” adlı əsərində şeir-sənət ocağı Şuşa şəhərində dünyaya gəlmiş şairi şəxsən tanıdığını, təzkirəsi tərtib olunarkən onun 22-23 yaşlı “xoş əhvallı, düz əxlaqlı” bir gənc olduğunu və “Tahir” təxəllüsü ilə şeirlər yazdığını göstərmişdir. Gəncliyində ticarətlə də məşğul olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda nəşr olunan əksər qəzet və jurnallarla əməkdaşlıq etmiş, ardıcıl olaraq şeirləri, publisist məqalələri ilə çıxış etmişdir. Onun yazılarının mövzu dairəsi kifayət qədər geniş idi, o lirik şeirlər yazır, şeir və məqalələrində geriliyi tənqid edir, həmvətənlərini tərəqqiyə, maarifə dəvət edir, milli istiqlal arzularını tərənnüm edirdi. Bir müddət Şuşa məktəbində tarixdən dərs demiş şair ötən əsrin iyirminci illərinin ortalarından Bakıya köçmüş, burada paytaxt mətbuatı ilə daha da sıx əməkdaşlıq etmişdir. Onun çoxsaylı yazıları “Şərqi-rus”, “Molla Nəsrəddin”, “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Sədayi-həqq”, “Dəbistan”, “Yeni kənd” və başqa mətbuat orqanlarında dərc edilmişdir. Qeyd etmək lazımdır ki, şair mətbuatda çap etdirdiyi geriliyi, ətaləti, nadanlığı qamçılayan satirik şeirləri ilə də tanınırdı. Maraqlıdır ki, İ.Tahir bir sıra məsələlərə münasibətdə biri-biri ilə əks mövqelərdə dayanan C.Məmmədquluzadənin “Molla Nəsrəddin” və Əli bəy Hüseynzadənin “Füzuyat” jurnalında yazıları ilə çıxış edir, hər iki redaksiya əməkdaşları ilə dostluq əlaqələri saxlayırdı. Onun C.Məmmədquluzadə ilə dostluğuna dair maraqlı faktlar mövcuddur. Xalqı milli birliyə, həmrəyliyə çağıran şair millətin ziyalılarını bir-birinə yaxınlaşdırmağı, mübahisə düşərkən onları barışdırmağı özünə borc bilirdi. O, “Şərqi-rus” qəzetinin 1903-cü il, 38№-li sayında çap etdirdiyi məqaləsində “Şərqi-rus” və “Kaspi” qəzeti əməkdaşları arasındakı münaqişədən narahat olduğunu bildirmiş, onları sülhə çağırmışdır.

XX əsrin əvvəllərində əsl milli ziyalı kimi yetişmiş İbrahim Tahir sovet dövründə yaşadığı 23 il ərzində demək olar ki, unudulmuş, onun əsərləri mətbuatda işıq üzü görməmişdir. Bunun əsas səbəbi onda idi ki, şair bir çoxları kimi yeni quruluşa mədh edən şeirlər yazmamış, ömrünün son dövrlərində əsasən lirik şeirlər yazmışdır.

Hal-hazırda İbrahim Tahirin zəngin ədəbi irsi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılmaqdadır. Əlyazmalar İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktorları Raqub Kərimov və Əli Məmmədbağıroğlu şairin əlyazmalarını ətraflı araşdırmış, onun iri həcmli poetik irsini geniş ön sözlə 633 səhifəlik kitabda çap etdirmişlər. İ.Tahirin qız nəvəsi Akif Quliyev böyük həvəslə işin texniki tərəflərini, redaktorluğunu öz üzərinə götürmüşdür.

İbrahim Tahirin işıq üzü görmüş ilk kitabına poetik əsərləri – qəzəl, qəsidə, mürəbbe, müxəmməs, müsəddəs, təzmin, tərcibənd, tərkibbənd, məsnəvi və rübailəri, müxtəlif məzmunlu əsərləri, mənzum məktubları, sabiranə şeirləri daxil edilmişdir. Bu əsərlərin əksəriyyəti klassik üslubda yazılmış lirik şeirlər olsa da, burada azadlığa, milli həmrəyliyə, istiqlala səsləyən şeirlər də az deyil. Xalqı üçün azadlığı ən böyük nemət hesab edən şair deyirdi:

 

Verir hər yerdə qanun olsa

insaniyyət insanə,

Cahanda ən gözəl nemətdir

hürriyyət insanə.

 

İ.Tahir oxucusuna etiraf edir ki, onu həmişə narahat edən ən böyük dərdi xalqının, millətinin taleyidir:

 

Xəyali-mülkü millətdir,

əgər sorsan, bənim dərdim,

Bilirsənmi nədir fikrü

xəyali-millət insanə?

 

Şair böyüyüb boya- başa çatdığı, təlim-təhsil aldığı dövrün, mühitin təsiri altında klassik ədəbi irsə bağlı bir adam olmuş, əsərlərini də klassik üslubda yazmışdır. Ümumiyyətlə, XX əsrin 20-30-cu illəri mədəniyyət, ədəbiyyat tariximizdə çox maraqlı dövrdür. Bir tərəfdə klassik irsi, muğam, tarı ortadan götürməyi tələb edən daha gənc proletar şairlər meydan sulayır, digər tərəfdə isə mütərəqqi yeniliyi qəbul edən, lakin klassik ədəbiyyat tərəfdarı olan nisbətən yaşlı nəslin nümayəndələri öz yaradıcılıqlarını davam etdirir, “zamanın tələbi ilə ayaqlaşa bilmədikləri” üçün əksər hallarda mədəniyyətdə, ədəbiyyatda cərəyan edən hadisələrə seyrçi mövqedə qalmağa məcbur olurdular. İ.Tahir, təbii ki, bu sonunculardan olduğuna görə dövrün ədəbi cərəyanından kənarda qalmış, onu Yazıçılar İttifaqına üzvlüyə qəbul etməmişlər. İ.Tahirlə eyni vaxtlarda yaşamış şairlərdən oxşar taleyi yaşayanlar az olmamışdır. Bakı ədəbi mühitinin görkəmli nümayəndəsi, “Məcməüs-şüəra” ədəbi məclisinin üzvü Məşədi Azər Buzovnalı ana dili ilə bərabər fars, cığatay (orta əsrlər özbək ədəbi dili) dillərində, klassik Şərq şeiri üslubunda əsərlər yazmış, eyni zamanda Nizaminin “Məxzənül-əsrar” poemasını, “Yeddi gözəl” poemasının bir hissəsini, Sədinin “Gülüstan”ından bir neçə hekayəti, “Bustan”dan birinci üç babı, Firdovsinin “Şahnamə”sindən bir neçə dastanı, Xaqani, Hafiz, Xəyyam əsərlərindən seçmələri dilimizə tərcümə etmişdir. Ədib dünya ədəbiyyatı incilərindən “Kəlilə və Dimnə”ni, “Yusif və Züleyxa” əsərini nəzmə çəkmişdir. Sovet hakimiyyətinin ilk onilliklərində “Zamanın nəbzini tutan”, sovet quruluşunun səsinə səs verən əsərlər yazmadığından onun yaradıcılığı uzun müddət diqqətdən kənarda qalmış, əsərləri son illərdə çap edilmişdir.

XX əsrin 30-cu illərində istedadlı şair – tərcüməsi kimi tanınan İ.Tahir Şərqin böyük klassikləri Ömər Xəyyam, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Hafiz Şirazi, Əlişir Nəvai və başqalarının əsərlərini uğurla tərcümə etmişdir. O, 1939-cu ildə Nizami adına Ədəbiyyat və Dil İnstitutu ilə bağladığı müqavilə əsasında Nizaminin “Məxzənul-əsrar” poemasını hərfi tərcümə etmişdir. R.Kərimov və Ə.Məmmədbağıroğlu göstərirlər ki, İ.Tahir Firdovsi yaradıcılığı ilə ciddi məşğul olmuş, “Şahnamə” əsərinin bir sıra dastanlarını (“Rüstəm və Söhrab dastanı”, “Səd Vəqqasın İrana hücumu”, “Qubad və Məzdək dastanı”) uğurlu tərcümə etmişdir. 1934-cü ildə Ruhulla Axundovun elmi redaktoru ilə “Azərnəşr” tərəfindən 5000 tirajda nəşr edilmiş “Şahnamə”nin “Zöhhak və Gavə”, “Səyavuş” dastanlarının hərfi tərcüməsi ilə yanaşı nəzmə çəkilməsi də ona həvalə edilmişdir.

İbrahim Tahirin yaradıcılığında qəzəl dilinin sadələşməsi, müasir dilə yaxınlaşması prosesinin davam etdiyini görürük. Şeirin ruhu saxlanılmaqla, əruz vəzninin tələblərinə riayət edilməklə mürəkkəb ərəb-fars mənşəli tərkiblərin yerini ana dilimizdən, hətta danışıq dilindən gələn söz və ifadələr əvəz etməyə başlamışdı:

Bir meyvəli ağac tək hər gündə
salbalandım,
Hər salbanı yedikcə min dəfə
yırğalandım.
 
Mümkün degil durulmaz,
bulan elə mənimçün.
Sel gəldi hər tərəfdən,
Ceyhun kibi bulandım.
 
Nisbət mənə cahanın caduları
kar etməz.
Cadulu gözlərindən dərs aldım,
ustalandım.

 Bu baxımdan da şairi bir sıra müasirləri, haqqında danışdığımız Azər Buzovnalı, Əliağa Vahid və s. ilə müqayisə etmək olar. İ.Tahir şeirlərini nəşrə hazırlayan tədqiqatçılar kitaba yazdıqları dəyərli ön sözdə onun qəzəlçilikdə novatorluğunu xüsusi olaraq qeyd etmişlər: “O, XIX əsrin sonları, XX əsrin birinci yarısında qəzəl janrını davam və inkişaf etdirən, qəzələ yeni məna və məzmun verən çox az novator şairlərdən biridir. Onun qəzəllərində dahi Füzuli ruhu ilə yanaşı , həm də müasirlik ruhu aydın nəzərə çarpır. O, digər müasirləri kimi, Füzuli cazibəsinə düşsə də, onu kor-koranə təqlid etmir, əksər nəzirəçi şairlər kimi tam mütiliklə onun hakimiyyətini qəbul etmir, onun poeziyasından yaradıcı şəkildə bəhrələnərək yeniliyə can atır və çox zaman bu inadkarlıq ona uğur gətirir, nəticədə Füzuli ruhu ilə yoğrulmuş yeni nəfəsli poeziya ərsəyə gəlir”.

Haqsız yerə unudulmuş İbrahim Tahirin əsərlərini ölümündən yetmiş il sonra ayrı-ayrı əlyazmalardan üzə çıxararaq iri həcmli kitab halında çap etdirən tədqiqatçıların əməyi böyük hörmətə layiqdir.

Əminik ki, şairin publisistik yazıları, tərcümələri də bir müddət sonra işıq üzü görəcək, şairin ədəbi yaradıcılığı hərtərəfli tədqiq ediləcəkdir.

Kitabın elmi redaktoru professor Möhsün Nağısoylu, nəşriyyat redaktorları Arif Ramazanov və Akif Quliyevdir.

 





16.09.2013    çap et  çap et