525.Az

Xocalını anarkən... - Şahanə Müşfiq yazır


 

Xocalını anarkən... - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

Yaxşı yadımdadır, bürkülü yay gecəsi idi. Hər tərəf səssizliyə bürünmüşdü. Deyərdin, təkcə bizim evdəkilər yox, bütün dünya dərin yuxunun ağuşunda idi. Mənsə, oxuduğum kitabla bütün yatanlara layla çalırdım. Qulağımın dibində vızıldayan ağcaqanadın səsinin məni bu dünyaya çəkib gətirdiyi bir neçə saniyəni nəzərə almasaq, barmaqlarımın arasındakı aləmdə itib batmışdım.

Nə oldusa, o anda oldu. Əvvəlcə qulağıma hönkürtü səsi gəldi. Qadına, ya da kişiyə aid olduğunu anlaya bilmədim. Sonra hönkürtü zarımaqla əvəz olundu. Ardınca isə elə bil bir qadının ətini şişə çəkdilər. Elə qıy vurdu ki, bizim ev də daxil, yatan hər kəs bir andaca oyandı. Nə baş verdiyini anlamaq üçün səsə diqqət kəsildik. Tanış səs idi. Qonşu qadın "yanğın var" deyib qışqırır, bütün binanı oyatmağa çalışırdı. Pəncərədən baxanda həmin qadın da daxil bir neçə qonşunu həyətdə gördük. Balkona çıxanda isə artıq hər tərəf qatı dumana bürünmüşdü. Yanğın həmin qadının evində çıxmışdı. Bu dumanın arasından keçib həyətə düşmək mümkün deyildi. Evə tüstü dolmasın deyə qapı, pəncərələrimizi bağlayıb, nəfəs ala bilmək üçün arxa balkona çıxdıq. Artıq yanğınsöndürənlərə də xəbər verilmişdi. Amma həyətdə qorxu, narahatlıq, qışqırıq səsləri kəsilmirdi.

Beş il öncə olmuşdu bu hadisə. Həyatımda qarşılaşdığım ikinci yanğın hadisəsi idi. Birinci dəfə yeddinci sinifdə oxuyanda məktəbdə bir dərs otağı yanmışdı. Onda da eyni həyəcan, eyni qorxu vardı insanlarda. Bəlkə bundan da artıq. Çünki həmin dərs otağının yanındakı siniflərdə balaca şagirdlər dərs keçirdilər. Bütün məktəb camaatının cəmi bir dənə balaca qapıdan çıxdığını nəzərə alsaq, o balacaların ayaq altında qalıb əzilmək ehtimalı da vardı.

Qəribədir ki, hər iki hadisə mənə ətrafımdakılar kimi təsir etməmiş, qorxu yaşatmamış, həyəcanlandırmamışdı. Nə baş verirdi, bilmirəm, amma qorxmamışdım. Sanki elə belə də olmalıymış kimi, ya da baş verənlər məndən kilometrlərlə uzaqda olurmuş kimi sakitliklə seyr etmişdim. Sonralar bu haqda çox düşündüm...

Həmin gecə hər kəs yanğının narahatlığını, həyəcanını yaşayarkən mən birdən birə 20 Yanvar və Xocalı soyqırımını xatırlamışdım. Evində sakitcə yatdığın yerdə gecənin bir yarısı tükürpərdən səsə oyanmaq, nə baş verdiyini anlamağa çalışdığın o məşum 3-4 dəqiqə və həmin anlarda ağlından keçənlər... Biz adi bir yanğını bu qədər böyük təlaşla qarşılamışdıqsa, bəs, o gecənin qurbanları nələr hiss etmişdilər, görəsən?!

Soyuq qış gecəsi, qarın, boranın, şaxtanın içərisində, dörd bir yandan üstünə güllələr yağarkən təkcə canını götürüb bilinməzliyə doğru qaçan, Tanrının belə unutduğu o meşədə özünə yol açmağa çalışan, azğın düşmənin dişlərinin arasından sıyrılıb çıxan, əzizlərini, yaxınlarını bir-bir gecənin qaranlığında "salıb itirən", qan gölünün içərisində çabalayan o talesizlərin taleyini düşünərkən göz yaşlarına hakim olmaq mümkün deyil.

O gecə Xocalını düşünürdüm... Məni qınayan olmasa, deyərdim ki, hətta uzaqdan güllə səsləri, fəryadlar da eşidirdim. Hardasa bir qız məhv olan qadınlığına ağı deyir, bir ana qorxudan tir-tir əsən balalarını sakitləşdirmək üçün layla oxuyur. O layla körpə canları odun, alovun içərisindən çıxarıb qan rəngli qarın üzəriylə aparır, aparır, heç zaman görmədikləri, bilmədikləri gözəlliklərə doğru çəkir. Orada uşaqların saflığı qədərdir insanların ədaləti, körpələrin gülüşü qədər təmizdir əllər...

Xocalıdan qaçqın düşən o uşaqlar kimi mənim də gözlərim bağlanır laylanın həzin səsi ilə... Amma birdən sanki çaqqal ulayır qulağımın dibində. Açıram gözlərimi... Şəhərin ortasında hardan gəlir bu səs? Diqqətlə dinləyirəm. Uzaqdan...çox uzaqdan... 1992-ci ilin 26 fevral gecəsinin Xocalısından gəlir. Çaqqal deyil ki, bu ulayan. Bir atadır. Gözləri qarşısında qızı zorlanan ata ürəyini deşən əzabın ağrısına inildəyir, ulayır... Bu zalım mənzərəni görməmək üçün gözlərini bərk-bərk yumub, başını qarın üzərinə sallayıb. Bayaqdan bəri belinə, başına, ayaqlarına, bədənin hər qarışına dəyən avtomat qundağının ağrısı bu ağrının yanında abi-cənnət imiş, İlahi... İnsan da özünə bütün səmimiyyətilə ölüm arzulayarmı? "Allah, məni yadına sal, elə indi ölümünü göndər" - deyə dua edərmi? Sən demə, edirmiş. O gecə Xocalıların Allahdan bircə arzusu vardı: ölüm göndərməsi...

O qanlı-qadalı gecə bitmədimi? Xocalı üzərində səhər açılmadımı? Təbii ki, açıldı. Amma günəş bu dəfə xocalılılardan çox uzaqda doğmuşdu. Bu açılan səhərin onlara heç bir aidiyyatı yox idi. Bircə gecə yüzlərlə insanın həyatından nələri, nələri aparmışdı. Kiminin canı, kimin qanı, kiminin doğmaları, kiminin vücudunun parçaları, kiminin isə ruhu qalmışdı o gecədə. O gecədən sağ çıxanlar bir daha sakit həyata qovuşa bildilərmi? Çətin ki...

Bu gün Azərbaycan xalqına qarşı yönəlmiş soyqırımdan - XX əsrin ən qanlı faciələrinin birindən düz 27 il keçir. 27 ildir ki, xocalılılar hər ilin fevral ayında eyni cür üşüyür, eyni cür donur, eyni cür məhv olurlar. Əgər həmin gün onların səsini bir-birindən başqa eşidən yox idisə, sonralar Azərbaycan və bütün dünya bu səsə səs verdi. Onların faciəsi qəlbində insanlıqdan zərrə belə olsa daşıyan hər kəsin qanını dondurur, ürəyini parçalayır.

İllərdir faciəmizə ağlayır, yazılar yazır, şeirlər həsr edirik. Yaramız sağalırmı? Sağalmır! Heç vaxt da sağalmayacaq! Bu, gün kimi aydındır. Amma yaranın ağrısı dinsin deyə məlhəm sürtmək lazımdır axı. Gözləyirik. Məlhəmimiz olan Xocalı torpağını yaramıza sürtəcəyimiz günü gözləyirik!..

 





26.02.2019    çap et  çap et