525.Az

Mənəviyyatın türk modeli - Şəhla Aslan


 

Mənəviyyatın türk modeli - <b style="color:red">Şəhla Aslan </b>

Qədim sivilizasiyalar, güclü dövlətlər, təkrarsız təbiət, güclü mənəviyyat, görkəmli şəxsiyyətlər, dünyaya örnək ədəbi nümunələr, altı da, üstü də qızıl torpaqlar bir tərəfdən Tanrının lütfü olsa da, digər tərəfdən çəkişmələr, savaşlar gətirib. Bu zəngin sərvətlərə görə türk oğlunun başınələr çəkməyib, nələr...

Tarixin ayr-ayrı dövrlərində farslaşdırma, ruslaşdırma siyasəti ilə mənəviyyatımıza güclü zərbələr endirilsə də, ayaqüstə qala bilmişik. Əvvəllər bütün bunlar türk birliyinin hesabına alınıbsa, müasir dövrdə möcüzə nəticəsində ərsəyə gəlir. Farsların bir məsəlində deyilir ki, "Allah istəsə, düşmən xeyrə səbəb olar". Doğrudan da, Rusiya işğalı vətənimizi başqa ölkələrin çəngindən qurtardı, nəhayət, 20 ildən çoxdur ki, müstəqilliyimizə qovuşmuşuq. Lakin bəlaları saymaqla qutarmaz. Əlifbamızın dəyişdirilməsi, ziyalılarımızın məhv edilməsi, dinsizliyin təbliği bizi çox geri atdı. Şükür, bunun da sonu çatdı.

Məlumdur ki, əvvəlki ənənələrlə bağın qırılması çox böyük fəsadlar verib. Füzuli, Şirvani, Sabir, Cavid kimi nəhənglər doğuran ölkənin övladları bugün onları başa düşmür. Dilimizdə, düşüncəmizdə, məişətimizdə hələ də bir yad ab-hava mövcuddur. Sanki hər nəsnəmizi boşluq üstündə yenidən qurmalıyıq. Amma bu, belə deyil. Bir zamanlar vahid məmləkətlərdə yaşayan türk millətinin indi ayrı-ayrı dövlətləri var. Öz soy-kökündən qırılmayan, mədəniyyəti keçmişdən bugünə qədər yüksələn xətlə inkişaf edən qardaş Türkiyə bizim söykənə biləcəyimiz ən etibarlı dayaqdır. Siyasət naminə Avropaya üz tutsaq da, babalarımızın bizə ötürmək istədikləri dəyərlər Türkiyədədir. Türkiyə böyük qardaş kimi daim yanımızda olub. Lakin bizə verilən bu fürsətdən kifayət qədər yararlanırıqmı? Xeyr!

20-ci əsrdə Türkiyənin özü də ağır sınaqlardan çıxdı. Atatürkü bu türk elinə nəsib edən Tanrı türkü zəlil olmağa qoymadı. Dil, mədəniyyət, əlifba, siyasət və digər sahələrdə aparılan islahatlar bugünkü qüdrətli Türkiyə dövlətinin təməlini qoydu. Eyni paralelləri Azərbaycan haqqında da söyləmək mümkündür. Təməlini Ümummilli lider Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan bugün uğurlu yoldadır. İndi bu yolu qardaş Türkiyənin dünya səmasında parlayan ulduz kimi yayılan nuru işıqlandırır. Amma ədəbiyyat, incəsənət və mədəniyyətimizdə keçmiş ənənələrlə əlaqənin bilərəkdən qırılması çox təhlükəlidir. Bu bağların bərpası üçün çox gözəl imkanlar açılıb. Digər türk dövlətləri ilə ortaq çalışmalarımız Türkiyəyə nisbətən o qədər də davamlı görünmür. Lakin qonşu ölkənin təcrübə və arxivlərindən hələ də qaneedici səviyyədə istifadə etmirik. Biz bir millət-iki dövlətiksə, niyə nailiyyətlərimiz operativ şəkildə bölüşdürülmür?

Ölkənin birində yaxşıca araşdırılmış elmi-mədəni bir məsələ o birində hələ də çözülür, birində aktual olan məsələyə digərində əhəmiyyət verilmir. Bu əlaqələrə mane olan yalnız təşəbbüskarlığımızın zəifliyidir. Ya əlaqələndirici təşkilatlar yoxdur, ya lazımi səviyyədə deyil, ya da təşkilatlanma məlum istiqamətdə aparılmır. Nəticədə zərbə yenə də Azərbaycana dəyir.

"Özünə qayıt türk oğlu. Sən özünə qayıdanda güclü olursan" -deyən babalarımızın nəsihətini unutmamalıyıq. Kökümüzə aparan bağların çoxu qırılsa da, indi yaranmış şəraitdən istifadə etməliyik. Bunun yeganə yolu qardaş Türkiyə ilə mədəni, elmi, ədəbi əlaqələrdən keçir. Qapıları üzümüzə açıq olan Türkiyəyə təkcə oxumaq, nələrisə almaq, yaxud satmaq məqsədi ilə yox, araşdırma aparmaq, nəticələri bölüşdürmək üçün ayaq açmalıyıq. Necə ki, bir vaxtlar bunu Əhməd Cavad, Hüseyn Cavid, Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Əlibəy Hüseynzadə və başqaları ediblər.

 





26.02.2019    çap et  çap et