525.Az

"Nehrəm Xeyriyyə Cəmiyyəti" Mirzə Cəlilin yubileyini qeyd edib


 

"Nehrəm Xeyriyyə Cəmiyyəti" Mirzə Cəlilin yubileyini qeyd edib<b style="color:red"></b>

Böyük Azərbaycan ədibi Mirzə Cəlilin - Cəlil Məmmədquluzadənin 150 illiyilə bağlı "Nehrəm Xeyriyyə Cəmiyyəti" yubiley tədbiri keçirib.

Tədbiri giriş sözü ilə Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin üzvü Nəcəfalı Cahangirli açaraq Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutan böyük mütəfəkkir ədibin zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyətindən, onun milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz xidmətlərindən danışıb.

Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədli ədibin yaradıcılığına, onun ədəbi-mədəni irsinə göstərilən dövlət qayğısından bəhs edərək, Prezident İlham Əliyevin bu il imzaladığı "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncama uyğun olaraq ölkəmizdə yazıçıya həsr olunmuş silsilə tədbirlərin keçirildiyini vurğulayıb.

Böyük mütəfəkkirin çoxşaxəli irsinin təbliği istiqamətində görülən tədbirlərin mahiyyətindən danışan A.Məmmədov onun haqqında qiymətli əsərlərin yazıldığını, ədibin yaradıcılığının tədqiq olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Mirzə Cəlil Azərbaycan milli-ədəbi dilinin xalq dili əsasında formalaşması və ana dilinin saflığının qorunması uğrunda daim mübarizə aparıb. Bu gün ana dilinin saflığı uğrunda mübarizədə böyük ədibin irsindən geniş istifadə olunur.

Qeyd olunub ki, yazıçının demokrat, azərbaycançılıq ideologiyasının tərəfdarı olması onu özündən əvvəlki və sonrakı mütəfəkkirlərdən fərqləndirən əsas elementlərdir. Onun dərin humanist məzmuna malik dram və nəsr əsərləri, bədii publisistikası özündə milli və bəşəri dəyərləri ehtiva edir.

İqtisad Universitetinin professori Əli Əlirzayev Mirzə Cəlil irsindən geniş şəkildə danışaraq, ədibin Nehrəmdə doğulmasını, onun yaradıcılığında bir müddət Nehrəmdə yaşayıb fəaliyyət göstərdiyi dövr də xüsusi yer tutduğunu, burada dərs dediyi illərdə fəaliyyətini millətin maariflənməsinə, qəflət yuxusundan oyanmasına, tərəqqisinə həsr edən böyük ədibin Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrini yaratdığını diqqətə çatdırıb.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, C.Məmmədquluzadə irsinin araşdırıcısı Elxan Nəcəfov, Xeyriyyə Cəmiyyətinin üzvlərindən Səftər Mehdiyev, Kamil Məmmədov da ədibinin yaradıcılığından söz açıblar.

Sonda çıxış edən Nehrəm Xeyriyyə Cəmiyyətinin sədri Vahid Bayramov tədbir iştirakçılarına təşəkkürünü bildirərək Mirzə Cəlil irsinin öyrənilməsini hər bir azərbaycanlının müqəddəs mənəvi borcu olduğunu qeyd edib.

Yığıncaqda Suraxanı rayonu 311 nömrəli orta məktəbin şagirdləri Cəlil Məmmədquluzadənin əsərlərindən yazıçıya həsr olunmuş şeirlər səsləndiriblər.

ŞAHANƏ

 





26.02.2019    çap et  çap et