525.Az

65 yaşın işığı


 

65 yaşın işığı<b style="color:red"></b>

Hər birimiz bir ömür əmanətiyik. Haqdan gəlib Haqqa doğru yol gedirik. Haqqa doğru qayıdışdayıq. Ömrün zinəti dəyərimizdir...

Asif Heydər oğlu Rüstəmlinin 65 yaşı tamam olub. Onun adı ədəbi ictimaiyyətə, elm və təhsil müəssisələri əməkdaşlarına yaxşı tanışdır. Dediyim budur ki, bu tanıtma ona asan başa gəlməyib, istedad, zəhmət və mədəni irsə sahiblik onu elmi-mədəni mühitə zaman-zaman yaxınlaşdırıb.

Asif Rüstəmlini mətbuatdan tanımışam, imzalarından. Tale elə gətirib ki, onunla bir yerdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işləməyə başlamışam. 2000-ci ildən. O, sadə və səmimi, ünsiyyətcil və nikbindir. Sosial fəallığı, mətbuatda ardıcıl uğurlu çıxışları ilə ictimai rəyini formalaşdırıb. İşgüzarlıq, səliqə-səhman, təşkilatçılıq onun mənəvi keyfiyyətlərindəndir.

Asif Rüstəmli respublikanın kütləvi, elmi-mədəni tədbirlərində yaxından iştirak edir, gündəmdə qalmağı bacarır. Şəxsi saytı, sosial şəbəkələrdə iştirakı da fərdi imicini qoruyub saxlamasına stimul olur. Ruh yüksəkliyi bu insanın potensial imkanlarının göstəricisidir. Özünə inamlı, güvəncli, maraqlı həyat adamıdır Asif müəllim. Xeyirxah ziyalıdır, xoşniyyətlidir, həyatın və adamların işıqlı tərəfini görmək, üzə çıxarmaq və üstün səviyyədən dəyər vermək Asif Rüstəmlinin xarakterik cizgilərindəndir. Çıxışlarında və yazılarında aydındır, konkretdir, məsuliyyətlidir, nitqi, yazı üslubu rəvan və səlisdir, ənənəçi və yenilikçidir. Elmin və mətbuatın tarixi, ənənəsi ilə gəlmək onun üstün cəhətidir, təşəbbüs göstərmək, təşkilatçı olmaq aludəliyi də var Asif Rüstəmlinin. Nəticə etibarilə uğurlarına dəyər vermək, onları mənəvi yaddaşa ötürmək, mətbuat səhifələrinə çıxarmağa ehtiyaclı olmaq bu alimin fərdi xüsusiyyətlərindəndir. Asif Rüstəmlinin dünya həyatının mükafatlarına layiq olmaq, onlara qahmar durmaq istəkləri də təbiidir. Axı insan ruhunun fitrəti belədir. Mənə elə gəlir ki, bu, yerin-yurdun öz varlığındandır. Yəni torpağın, elin-obanın verdiyi bərəkət Asif Rüstəmlinin öz bərəkətidir. O, Qarabağ, Ağcabədi, Qiyaməddinli yurdunun yetirməsidir. Yurd sevgisi onu məmləkətinə, millətinə sevdalı edib. O, bu məmləkətə ürəyinin odu, ağlının gücü, ruhunun inamı ilə bağlanıb. Ruh yüksəkliyi, həyat eşqi, yaradıcı təfəkkür: duyğu, qavrayış, təsəvvür onu elmi-idraki fəaliyyətə doğru yönəldib, anlayışlar, mühakimələr və əqli nəticələrlə yaşamaq onun mövqe üstünlüyü, məqsədi və məramı olub.

Həmişə deyirik: Kitablar insan ruhunun müqəddəs yazılarıdır. Kitablar fikir və düşüncənin praktikası, zamanda axarı, gələcəkdə dayanaqlığıdır. Bu baxımdan professor Asif Rüstəmlinin bu kitablarının çeşidləri çox şey demirmi?! Susmaz duyğuların səltənəti ("Susmaz duyğuların səltənətində", 2002) Asif Rüstəmlini ömrün təlatümlərindən ("Tufanlardan keçən ömür", 1995) keçirib, istiqlal aşiqlərinə ("Ədəbi istiqlalımız"2004, "Cəfər Cabbarlı: həyatı və mühiti"(2009), "Mütərcim Cəfər Cabbarlı"2011, Cefer Cabbarlı (Hayatı, Sanatı ve Mücadilesi (Türkiyə, 2011), "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı, 2018), Mirzə Bala Məhəmmədzadəyə bənd edib ("Zirədən başlanan yol", 2018). Tədqiqatçı alim Cəfər Cabbarlıda qərar tutub, ədəbi mühitləri, müasirləri və mücadilələri öyrənməyə ("Cəfər Cabbarlı: həyatı və mühiti (2009), "Bayraməli Abbaszadə: mühiti və mücadiləsi" (2014),"Zirədən başlanan yol" (2018), "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı"(2018),"Səttar xanın silahdaşı" (2018) israrlı olub, o taylı-bu taylı məmləkətin inqilab və istiqlal savaşlarına boy göstərib ("Bayraməli Abbaszadə mühiti və mücadiləsi" (2014), "Səttar xanın silahdaşı" (2018), hətta sərhədləri aşmağa, türk-müsəlman məmləkətlərindəki söz-könül pərvanələrinin odundan qor götürməyə çağırışlı edib. Narahat fikir və düşüncə sahibi olan A.Rüstəmli Qara dənizlərin çırpınışlarına belə riqqət kəsilib ("Çırpınırdı Qara dəniz", 1992). Asif müəllim qabaqcıl maarif işçisi kimi ağlın və idrakın axtarışlarını, əldə etdiklərini tədris mühitinə, auditoriyalara ötürüb, kitablar bağlayıb, proqramlar və vəsaitlər hazırlayıb ("Ədəbi redaktənin əsasları", 2018). Daimi, fasiləsiz axtarışlar onu həm səbrli, təmkinli, həm də inadcıl edib, müdrikləşib - örnəklərdən, öndərlərdən, şəxsiyyətlərdən, mənbə və qaynaqlardan öyrənə-öyrənə müdrikləşib, ustadlara sayğılı, haqqa bağlı olub ("Müdriklik mücəssəməsi", 2014).

 Orta və ali məktəb, aspirantura və doktorantura təhsil pillələri, elm və tədris mühiti, müdriklərə etina, Asif Rüstəmlini bir sıra qurumlardan, vəzifələrdən keçirib, səlahiyyətli söz sahibi olub: Folkor Sarayında direktor, "Elmi nəşr"lərdə, "Mətbuat tarixi və publisistika"da, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-da "Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsi"ndə müdir edib. Elmi-təşkilati fəaliyyət ona nüfuz gətirib, tutduğu vəzifələri zənginləşdirib: dosent, professor, baş elmi işçi olub. Konkret elmi-tədqiqat axtarışları ona elmi dərəcələr: Fəlsəfə, elmlər doktoru, statuslar gətirib, ədəbiyyatşünas-alim kimi hörmət qazanıb ədəbiyyatşünaslıq elmi haqqında söz deməyə səlahiyyətli olub ("Ədəbiyyatşünaslıq elminin məbədi" (akademik İsa Həbibbəyli ilə birlikdə) monoqrafiyası, 2018.

Elmə xidmət professor Asif Rüstəmlinin həyat amalı, ömür amacıdır. Bu axtarışlar onu Azərbaycandan Gürcüstana, Türkiyəyə, Rusiyaya və başqa ölkələrə aparıb çıxarıb. Ankara, Bağdad, Tehran, Təbriz, Bəsrə, Urmiya, Varşava, Tomsk, Elazik, Budapeşt, Diyarbəkr, Astana, Balıkəsir konfraslarında, simpoziumlarında məruzəçi edib.

Tanınmış alim xüsusilə filologiya elmləri doktorluğu üzrə Cəfər Cabbarlı irsinin tədqiqi ilə fasiləsiz məşğul olub, elmi müəssisələrə, yerli və xarici arxivlərə gedib, mətbuat tarixini, elm tarixini, monoqrafiyaları izləyib, müqayisəli-tarixi araşdırmalara qan verib, can-zəka yandırıb, uğurlar qazanıb. Cabbarlışünaslığa 6 pyes, 4 hekayə, 30-dək lirik-satirik şeir, 60 ədəbi-tənqidi məqalə hədiyyə edib, toplama işləri görüb, transliterasiya və tərtiblə məşğul olub, ön söz, qeydlər, şərhlər, izahlar yazıb, Cabbarlışünaslığı zənginləşdirib. Uğurlarını "Ədirnə fəthi" (1996) adı ilə çap etdirib. Cəfər Cabbarlının 4 cildlik "Əsərlərini" tərtib edib, ona "Bədii həqiqətlər ustası" adı ilə ön söz yazıb, şərhlər verib, bir sıra nümunələr ilk dəfə görkəmli dramaturqun çoxcildliyinə daxil edilib. Asif Rüstəmli Təhsil Nazirliyinin qərarı ilə "Azərbaycan ədəbiyyatı" seriyasından Cəfər Cabbarlının "Seçilmiş əsərləri"ni (2004) tərtib edib, ona ön söz, qeyd və şərhlər yazıb. Alimin sanballı məqalələləri ilə görkəmli sənətkarın həyat və yaradıcılığının naməlum səhifələri üzə çıxarılıb, elmi ictimaiyyətə çatdırılıb.

Asif Rüstəmli Ümummilli lider Heydər Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət sahəsində məruzələrini, çıxışlarını toplayıb, "Nəcib, mənəvi idealların tərənnümü" (2000) adı ilə çap etdirib, "Ədəbiyyatın yüksək borcu və amalı" (2000) kitabının redaktoru olub. Hazırda A.Rüstəmli 14 kitab, 350-dən artıq elmi, publisistik məqalə, 20 kitab tərtibi, 2 kitab tərcüməsi, çoxsaylı kitab redaktoru, rəy və ön sözün müəllifidir. Onun elmi məqalələri türk, ingilis, rus, fars, polyak və macar dillərində çap olunub.

Tanınmış jurnalist kimi A.Rüstəmli çoxsaylı ssenarilərə (AzTv, Lider, Space), sənədli filmlərə nəfəs ötürüb. Ədəbiyyatımızı, mədəniyyətimizi, mətbuatımızı yetərincə təbliğ edib. Biliklərini auditoriyalara çatdırıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mətnşünaslıqdan, redaktənin əsaslarından dərs deyib, professor fəxri adını daşıyıb.

Asif Rüstəmli elm və tədris mühitində nüfuz sahibidir. Müdrik, yetkin elmi dünyagörüş onu cəmiyyətdə güclü mövqe sahibi edib.

O, hörmətli alim kimi dissertasiya və monoqrafiya müzakirələrində ədalətli, prinsipial olmağa xüsusi diqqət yetirir. Onun fəlsəfə doktorluğu və elmlər doktorluğu sahəsində çoxlu kadrları vardır.

Asif Rüstəmli tanınmış Azərbaycan ədəbiyyatşünasıdır. Hazırda mötəbər elmi qurumda "Humanitar, ictimai elmlər və sənətşünaslıq" şöbəsinə (2018) rəhbərlik edir, yüksək elmi kadrların hazırlanmasına ciddi səy göstərir.

O, AYB-nin üzvü (1996), Cəfər Cabbarlı komissiyasının sədri (2015), Ədəbiyyat İnstitutu Elmi Şurasının üzvü (2003-2018), Bakı Dövlət Universiteti nəzdində Dissertasiya Şurasının üzvüdür (2013-2018).

Asif Rüstəmli gərgin və məhsuldar fəaliyyətinə görə Azərbaycan Respublikası və xarici ölkələrin mükafatlarına layiq görülüb (Ankarada Azərbaycan Kültür Dərnəyinin mükafatı (1994), Cəfər Cabbarlı mükafatı (2010), Qılınc və Qələm beynəlxalq ədəbi mükafatı (2004), Elazığ valisinin xüsusi mükafatı (2010), AMEA RH-nin "Fəxri fərmanı" (2013), Azərbaycan-Türkiyə Dostluq Dərnəkləri Federasionunun mükafatı (2014), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin alimi" (2017).

Biz AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, görkəmli ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Asif Heydər oğlu Rüstəmlini 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və elmi yaradıcılıq uğurları arzulayırıq.

Əlizadə ƏSGƏRLİ
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor

 





27.02.2019    çap et  çap et