525.Az

Bir daha mentalitet


 

VƏ YAXUD NƏDƏNSƏ BAŞLAMAQ LAZIMDI, DƏYİŞMƏLİYİK...

Bir daha mentalitet<b style="color:red"></b>

Bu yaxınlarda hər sayının işıq üzünə çıxmasını səbirsizliklə gözlədiyim jurnallardan birində Fatimə xanım adlı həmyaşıdımın bir məqaləsini oxudum.

Redaksiyanın qeydindən belə məlum olurdu ki, həmin məqalə müzakirə məqsədi ilə dərc edilib. Mənim fikrimcə, bu yazı bir çağırış, həyəcan təbilinin çalınması təsiri bağışlayırdı. Sözün düzü, indi də o gəncin: "Göy üzü verin, qanadlanıb "uçaq!", düşüncəsinin təsiri altındayam. Qəribəliyə bax ki, bu məsələ haqqında, bizi dondurub zaman-zaman hərəkətsiz bir məkanda saxlayan mentalitetimizin bəzi "zədələləri"  barədə mən özümdə düşünür və fikirlərimi qələmə almaq istəyirdim. Etiraf edirəm, hazırda ali filoloji təhsilin üçüncü kursundayam, bu, mənim mətbuata təqdim etdiyim ilk yazımdır. Mentalitet deyəndə nəyi nəzərdə tuturam, nələri düşünürəm? Məncə, mentalitetə iki açıdan baxmaq daha düzgün yanaşmadır: sözün geniş mənasında və yenə də sözün dar mənasında mentalitetin mövcudluğunu düşünmək zorundayıq. Ümumiyyətlə, geniş miqyası əhatə edən mövzular ümumi dəyərləmdirmə ilə yanaşı, konkret məqamda fraqmental mahiyyət kəsb edir. Əlbəttə, mentalitet anlayışı qlobal məzmunludur, yəni bütün bəşəriyyətə, canlı varlığın bütün şüurlu hissəsinə aiddir. Mən daha yığcam dairədə, məsələn, bizim vətənimiz Azərbaycanda gənclər arasında var olan mentallığın xarakteri, gücü, həmyaşıdlarıma təsiri barədə danışmaq istəyirəm. Mənim söylədiyim mənada Azərbaycan ailələrində, gənclər mühitində, valideyinlər, ictimayətlə fərd arasında olan mental münasibətlər bir çox hallarda insan üçün diskomfort mənbəyidir, problemlidir. Elə bir problem ki, mən onu "ağır" adlandırardım, hətta insanların xoşbəxtliyə gedən yolu üstündə əngəl, öz istəyinə yox, başqalarının arzusuna uyğun yaşamağa məhkumluq deyərdim ona. Bəli, bəli məhz belə.

Hər bir şəhərin, rayonun, kəndin özünəməxsus yaşam tərzi, qayda-qanunları var və az qala hər kəs bu qayda-qanunlar çərçivəsində ömür sürür, sanki bu azmış kimi, övladlarını da bu cür yaşamağa məcbur edir. Mənim bu sadə izahım ola bilsin ki, problemin ciddiyyətini azaldır, amma bilin, mənim sadəlövhcəsinə "məcbur edirlər" deməyimin, əsl adı gənci, ən doğma bir insanı uçuruma sürükləməkdir! "Məcburiyyət" qarşısında qalmaq bəlkə də bəzilərimizə yaddır, tanış deyil, amma bir çoxları üçün vaxtı keçib köhnəlmiş mentalitet bütün çalarlarıyla bəllidir.  Mental mühafizəkarlığın sərt pəncəsində əzilənlərin, mənim fikrimə görə, əksəriyyətini 19 yaşına çatmamış qızlarımız təşkil edir. Çünki onların çoxunun söz haqları, hüquqları əllərindən alınıb. Əksər valideyinlər övladlarını nigah yaşı çatar-çatmaz evləndirməklə borcdan çıxdıqlarını zənn edirlər. Ən dəhşətlisi isə odur ki, bir insanın taleyini həll etmək üçün tək valideynin deyil, qonum-qonşunun, dost-tanışın rəyi də ciddi şəkildə nəzərə alınır. Gənc qızlarımız boz, solğun, fərəhsiz bir həyatın uçurumuna itələnirlər. Tale, qismət deyə-deyə məhv oluruq... Səbəbi nədir axı? Niyə valideyn doğma uşaqlarını dinləmək əvəzinə başqalarının dediklərinə önəm verir? Ola bilsin ki, bəzən öz mübarizələri, həm də ailə həmrəyliyi sayəsində kimlərsə bu fəlakətdən xilas ola bilirlər. Bəs bu mental hörümçək torundan çıxa bilməyənlər necə olsun? Keçmişdə baş verənlərin məsuliyyətindən yaxa qurtarmaq üçün özümüzə, daha doğrusu, vaxtilə verilmiş, sonradan fəsadlar törətmiş qərarımıza haqq qazandırmaq da bizim mentalitetimizdə, sadə desək, dərin kök salıb. Övladının yaşı 17-yə çatan günün səhəri onu gəlin köçürüb sonra dağılan bir ailəyə, sınıq gənc könüllərə salıb olan valideyinlər dərhal günahlarına don geyindirmə əməliyyatına başlayır və deyirlər: onsuz da qız oxumaq istəmirdi, özü ərə getmək istədi, biz də xeyir-dua verdik. Yenə kiminsə adından danışılır. Yenə cəmiyyətin gözündə xoşbəxt, ailə daxilində isə bədbəxt bir ailə peyda olur... Bu hal bir deyil, iki deyil. Bəlkə də söylədiklərim bir çoxuna qəribə gələ bilər; amma bunlar həqiqətdir: ürək parçalayan, gənclərin elə ilk addımlarındakı uğursuzluğu, mirası yanmış arzular olan həqiqət!

Bilirsiniz ki, həqiqət həmişə şirin olmur; onun bir adı xeyirdirsə, ikinci adı şərdir... və mən bu fikirlərimi ona görə bölüşmək istəyirəm ki, bəlkə bu çağrış hansısa gəncin gözünü açacaq, hansısa valideyinin qəlbinə insaf toxumu səpəcək?! Budur fikirlər yenə məni sıx dairə içərisində dərinliyə daldırır. Yaxşı, bəs biz neqativ mentalitetin bu qədər sadə izahını tez və asanlıqla verə biliriksə, bəs nə üçün ondan dörd əlli yapışırıq. Bəlkə müasirləşməkdən qorxuruq? Bunun üçün uşaqlarımızı tez-tələsik münasib bir ailəyə köçürüb onların təhsil hüquqlarını əllərindən alırıq, hələ əgər qız uşağısansa xaricdə təhsil almağı heç xəyalının ucundan keçirə bilməzsən...

Nədir müasirlik? Necə müasirləşək? Bəlkə müasirləşmək milli dəyərlərimizdən üz çevirməkdir?  Biz müasirliyi necə anlayırıq ki, ondan bu qədər çəkinirik? Çox təəssüf ki, bu gün müasirlik anlayışı təhrif olunur və səhv anlaşılır. Müasirləşmək açıq-saçıq geyinmək, ədəbsiz danışmaq, istədiyin kimi hərəkət etmək, müstəqil olmaq demək deyil. Mən müasirləşməyi insanların, xüsusi ilə qadınların elmi biliklərə, dəyərli ixtisaslara yiyələnmələrində, cəmiyyətdə özlərinə ləyaqətli yer tutmalarında görürəm. Elmə, təhsilə, mədəniyyətə, mənəvi zənginliyə can atan insanlar yaşadıqları dövrdən asılı olmayaraq müasirdirlər. Müstəqillik zamanın tələbinə uyğun olaraq ictimai proseslərə müasirlik pəncərəsindən baxmaq bacarığı bütün arzuolunmaz mental qüsurları silib təmizləməyi bilən yeganə vasitədir, məncə. Bəli, biz beynimizi təmizləməliyik! Hər şeydən əvvəl valideynlər uşaqların düşüncələrin dinləməli, onların anlayışlarına müstəqillik verərək, hörmətlə yanaşmalıdırlar. Axı biz demokratik dövlətdə yaşadığımızla öyünən bir toplumuq, xalqıq. Bizim cəmiyyət öz övladlarına uşaqlıqdan çəkingənlik, tabular aşılayır; o olmaz, bu olmaz deyərək, bir küncdə qısılıb qalmağımız ədəb, layiqli davranış şəkli sayılır. Sonradan dərd və fəlakət püskürən o qədər amansız mətləb var ki... bu isə məncə, ayrı bir söhbətin mövzusudur.

Hə, orda qaldıq ki, övladını bu arzuolunmaz mental dəyərlərə qurban verən valideynlər övladları gənclik həddinə çatanda belə, yenə də qonşu nə deyər, camaat nə deyər inadkarlığı ilə onları proqramlaşdırılmış robot şəklinə salmaq üçün dəridən-qabıqdan çıxırlar. Gənclik həyatını kimlərəsə görə yaşayan Azərbaycan gənci ailə həyatını da kimlərəsə görə yaşayır.

Gördüyünüz kimi, ictimai, sosial bir anlayış olan mentaliteti ümumi şəkildə inkar etmirəm, həm də mentalitet bir fəlsəfi-mənəvi  kateqoriya olaraq nə mənim, nə də başqa birisinin rəy və istəyindən asılı olmayaraq mövcuddur. Mən ümumi mentalitetə qarşı çıxmıram, öz evimizin içində bizə təlqin edilən, təhrif olunmuş mentalitetdən söz açıram və onun hər hansı bir müdaxilə olmadan hansısa optimal bir istiqamətə dəyişməsinə də inanmıram. Çünki mentalitetin hər hansı bir şəkli məhz bizim həmrəy səylərimizlə, istəyimizlə sıx bağlıdır, yəni insanlara, cəmiyyətə aiddir.  O, bizdə yaşayır!

Təbii ki, bayaq da dedim, mentalitetimizin ədəb-ərkan, böyüyə hörmət kimi digər xalqların, hətta həsəd apara biləcəyi yaxşı cəhətləri də var. Onlara istəyimizdən asılı, əslində, mənası olmayan rəng və çalarlar verməyə ixtiyarımız yoxdur. Çürük mental düşüncələri əldə bayraq etmək yetər məncə. Onu da anlayıram, insanların şüurunu təbii ki, birdən-birə dəyişmək mümkün deyil, amma nədənsə başlamaq lazımdı, dəyişməliyik! Biz qadir olduğumuzla kifayətlənə bilmərik, zəngin həyat tərzinin formalaşması inkişafla bağlıdır. Bizlər - qızlar və qadınlar müstəqil yaşamağı bacarmalıyıq. Özümüz özümüzə qala, dayaq olmalıyıq! Yadda saxlamalıyıq ki, bir qadının, bir ananın inkişafı bir ailənin deyil, ümumən cəmiyyətin, xalqımızın inkişafı anlamına gəlir. Bunun üçün qızlarımıza xüsusi diqqət göstərib, dəstək olmalıyıq. Axı niyə tək-tük təşəbbusləri çıxmaqla kimlərəsə görə hələ də köhnə qaydalarla yaşayır, dəyərsiz mental dəyərlərdən xilas olmuruq?! Niyə ilişib quyunun dibində qalırıq?! Hansı haqla insan həyatına müdaxilə edib gənclərimizin yolunu çətinləşdiririk?! Qoy hər kəs, doğmalar da, yadlar da bilsin; biz gənclərin düşüncəsi (mübarizəsi) "müasir görünmək" deyil. Gəncləri sıxan, həyatlarına monotonluq gətirən, onların azad və sərbəst inkişafını ləngidən köhnəlmiş mental dəyərlər və inanclardır.

Valideynlərə səslənirəm: hər kəsdən əvvəl övladlarınızı dinləyin, onların fikirlərinə, arzularına məhəbbət və sevgiylə yanaşıb hər birimizə dəstək olun!.. Axı bu, bizim həyatımızdır. Bizim yerimizə hökmlər çıxarmaqla nə etmək istəyirsiniz? Yoxsa bizdən robotlar düzəltmək fikriniz var? Nəhayət, yaşımın az olmasına baxmayaraq, dar mənalı mentalitetlə "toqquşmalı" olmuşam. Elə buna görə də, belə kəskin bir mövzuda yazmaq qərarına gəldim. Baxmayaraq ki, ilk qələm təcrübəmdir və xüsusilə valdeynlərin mənim bir qədər emosional qeydlərimi oxumalarını istərdim. Biz şəxsi həyatımızı kimlərinsə tələblərinə görə yox, öz həyat xəttimiz üzrə, öz arzularımız, öz xəyallarımız naminə yaşamalıyıq. Əziz atalar, analar, uşaqlarınızın səhv edəcəyindən qorxmayın, axı səhv etmədən düzgünü anlamaq mümkün deyil. Səhvlər və o səhvləri düzəltmək uğrunda mübarizədir insanı insan edən... Mənə elə gəlir ki, Azərbaycan qadını müasirlik və milli mentaliteti hormoniya halında yaşada bilər və yaşatmalıdır! Elə bu səbəbdən təkrar edirəm: müasirləşməkdən qorxmayın!

 





28.02.2019    çap et  çap et