525.Az

Ələddin Əzimlinin yeni şeirlər kitabı çıxdı


 

Ələddin Əzimlinin yeni şeirlər kitabı çıxdı <b style="color:red"></b> Bugünlərdə şair Ələddin Əzimlinin yeni kitabı işıq üzü görüb.

"Günəş MMC" nəşriyyatında nəfis tərtibatda işıq üzü görən "Susamış dəniz" adlı kitabda şairin son illərdə yazdığı şeirlər toplanıb.

Yeni topluda şair, əsasən, saf, səmimi duyğularına, fəlsəfi düşüncələrinə daha çox üstünlük verib.

Oxuculara təqdim edilən bu şeirlər toplu şəklində ilk dəfədir ki, çap olunur.

Kitabın redaktoru yazıçı-publisist Camal Zeynaloğludur. Ön sözdə Avdı Qoşqar yazır: "Bir qətrə suya bənzər dənizlərin yanğısı daha böyük olur, Ələddin Əzimli, bu belədirmi? Nə yanğıdı susamış dəniz obrazında səni göynədən? Dəniz suyunun şorluğumu, su bolluğumu? Yoxsa bir dolça bulaq suyuna tamarzı qalmaq ehtiyacımı? Su bolluğunda susuzluqdan, ət bolluğunda aclıqdan danışmaq olar, o mənada ki, bu təamlarda gözün olmaya, suyun da, çörəyin də halalını, təmizliyini arzulayasan... Onumu istəyirsən, Ələddin Əzimli? Bu, baş tutası sevda deyil, baş ağrıdası istəkdi. Ancaq nə başının ağrısına məhəl qoy, nə də bu sevdanın bir ömür uzanmasına... Elə "ölçüyə, biçiyə gəlməyən" şeirlərinin ömür sonsuzluğuna dik gözünü:

Şeirlərim
ölçüyə-biçiyə gəlmir,
sıralanıb düzlənmir
əsgərtək,
cəld, çevik.
Fikirlər öz yerində,
sətirlərsə-
gah uzun olur,
gah gödək,
Vəziyyət belədir, dostlar,
gəlin sağollaşaq
və bu söhbətin
üstündən keçək..."

Kitab dörd bölmədən ibarətdir: "Qapımı döydü kədər", "Yazıya gəlməyən şeir", "Qaytar o qayığı" və "Susamış dəniz".

Kitabda yer alan rəsmlərin müəllifi Süleyman Mustafaoğlu, operator Ruhiyyə Mirəli, korrektoru isə Sevinc Quliyevadır.

Şahanə MÜŞFİQ
 





28.02.2019    çap et  çap et