525.Az

Mövlana Rumi və Sultan Bahu: mistika işığında varlıq mesajı


 

PƏNCAB UNİVERSİTETİ VƏ MUSLİM İNSTİTUTUNUN KEÇİRDİYİ BEYNƏLXALQ KONFRANSLA BAĞLI QEYDLƏR

Mövlana Rumi və Sultan Bahu: <b style="color:red">mistika işığında varlıq mesajı</b>

Pakistanın Lahor şəhərində yerləşən, ölkənin ən qədim və zəngin universitetlərindən biri olan Pəncab Universitetinin ölkənin aparıcı elmi-tədqiqatlar mərkəzi Muslim İnstitutu ilə birlikdə təşkil etdiyi "Mövlana Cəlaləddin Rumi və Həzrət Sultan Bahu: Mistika işığında sevgi və varlıq mesajı" mövzusundakı Beynəlxalq elmi konfransda ölkəmizi "Mövlana Cəlaləddin Rumi və Sultan Bahunun mistik təlimlərinin əhəmiyyəti" məruzəsi ilə təmsil etməkdən məmnunluq və qürur hissi duydum.

Ənənəvi olaraq ardıcıl şəkildə keçirilən konfransa Pakistan, Hindistan, Türkiyə, İran, Böyük Britaniya, Kanada kimi ölkələrdən dəvət olunmuş iştirakçılar, tanınmış alim və tədqiqatçılar Rumi və Sultan Bahunun mistik yaradıcılığının sehrinə toplaşmışdılar.

XIII əsr böyük türk şairi, mütəfəkkiri Mövlana Cəlaləddin Rumi zəngin farsdilli irsi ilə bir çox şair və düşüncə insanının yaradıcılığına öz təsirini göstərmişdir. Bu da təsadüfi deyildi. Konyada yaşadığı illərdə Şəms Təbrizi ilə ayrılığını ifadə edən şeirlərindən birində deyirdi: "Bədən baxımından ondan ayrıldım, lakin tənsiz və cansız ikimiz də bir nuruq. Ey axtarışda olan insan! İstər onu gör, istər məni. Mən Oyam, O da mən". Bu baxımdan da ilahi eşq yolunun səyyahları olan mütəfəkkir şairlər real olaraq fərqli zamanlarda yaşasalar da, ruhları ilahi eşqin nurunda birləşmişdir, Şərqin dahi şairləri - Nizami, Rumi, Nəsimi, Füzuli, Sultan Bahu, Məhəmməd İqbal kimi.

Mövlana əsərləri - 25000 beytdən ibarət "Məsnəvi"si, 70000 beytdən ibarət "Divan-i Kəbir" əsəri, rubailərinin toplandığı "Rubaiyyat", söhbətlərindən ibarət "Məcalis-i Səba" və "Fihi ma-Fih" əsərləri ilə özündən sonra yaşayan bir çox Şərq və Qərb şairlərinə təsir göstərmişdir. "Biz pərgar kimiyik, bir ayağımız şəriətdə, sağlam şəkildə dayanmış, digər ayağımız yetmiş iki milləti dolaşır" deyən Mövlananın hümunist görüşlərində insana sevgi dayanır, mütəsəvvif şair milli və dini sərhədlərin fövqündə dayanır: "Heç bir kafirə xor baxmayın. Olar ki, müsəlman kimi ölə bilər. Ömrünün sonundan nə xəbərin var ki, ondan tamamilə üz çevirirsən".

Mövlananın fəlsəfi fikirləri bir çox ədiblərin təsəffüv yolunda irəliləməsində mühüm rol oynamışdır. Urdu ədəbiyyatı, fəlsəfi və dini fikrinin inkişafında da Mövlananın rolu danılmazdır. Pakistanın məşhur şair və filosofu Məhəmməd İqbal böyük mütəfəkkirə olan münasibətini çox mənalı şəkildə ifadə etmişdir. M.İqbala görə, Rumi ilahi nurla yaradılmış, ilahi eşq və elmin vəhdətindən kamilləşmiş insanlara Haqq yolunu göstərən bir mürşiddir. "Cavidnamə" əsərində Mövlana İqbala eşq gözü ilə həqiqətlər üzərindəki pərdələri qaldırmağı tövsiyə edir, "görmək göz üçün nədirsə, eşq can üçün odur" söyləyir.

M.İqbal Allaha yaxınlaşmağın üç mərhələsindən bəhs edir, şair bunu özünəməxsus şəkildə Mövlananın sözləriylə üç şahid kimi təqdim edir. M.İqbala görə, ilk şahid insanın öz şüurudur, insan öz nuru ilə, ilk növbədə, özünü dərk etməlidir. İkinci şahid, başqasının şüuru, başqasının nuru ilə özünü görməkdir. Üçüncü şahid isə zati-Haqqın şüurudur, insanın öz mənliyini Haqq nuruyla tanıması, dərk etməsidir. M.İqbal belə hesab edir ki, həyatın məqsədi, məhz, bu sonuncu Mənlik məqamına yetişməkdir:  

Mənlik məqamına yetişməkdir həyat
Haqq zatını pərdəsiz görməkdir həyat. 

"Cavidnamə" əsərində M.İqbal Mənlik məqamına qovuşmaq üçün meraca yüksəlməyi, üç şahid mərhələsindən keçməyi vacib sayır. Əsərdə birinci şahid Zinderud adı ilə təqdim edilən müəllif, ikinci şahid Mövlana Rumi, üçüncü şahid isə Haqdır.

Yaradıcılığına Mövlananın sufi mistik görüşlərinin təsir etdiyi önəmli şəxsiyyətlərdən, mütəfəkkir şairlərdən biri də Həzrət Sultan Bahudur.

İslam tarixində ömrünü onun işıqlı ideyalarının, ilahi həqiqətlərinin yayılmasına həsr edən önəmli şəxsiyyətlər vardır. XVII əsrdə yaşamış pakistanlı sufi mistik, şair, islam alimi Sultan Bahu də belə şəxsiyyətlərdəndir. İndiki dövrümüzdə Pakistan, Banqladeş, Əfqanıstan və Hindistanda müsəlmanların varlığı Sultan Bahu kimi mütəfəkkir şəxsiyyətlərin islamı yaymaq uğrundakı mübarizələrinin nəticəsidir. Həzrət Sultan Bahu insanları dincliyə, sülh və mərhəmətə çağıran əsərlərində nəfsin tərbiyəsi vasitəsi ilə insan və cəmiyyətin kamilləşməsini, birlik və həmrəylik duyğularının dərinləşməsini qarşıya məqsəd qoymuşdur.

100-ə yaxın kitabın, marifət və könül tərbiyəsini ifadə edən onlarla şeirin müəllifi olan Sultan Bahu həyatını səyahətlərdə keçirmiş, ömrünü ilahi həqiqətlərin təbliğinə həsr etmişdir. Sultan Bahu əsərlərini, əsasən, fars dilində yazmış, onun zəngin irsindən "Abyat-i Bahu", "Risaleyi Ruhi", "Nur-ul Huda" və digər önəmli əsərləri günümüzə gəlib çatmışdır.

Sultan Bahu vəhdəti-vücud düşüncəsini mənimsəmiş, mənəvi kamilləşmə yolunun tərafdarı olmuşdur: "Mən şəriəti özümə rəhbər etdim, Məhəmməd Peyğəmbərdən həqiqətləri öyrəndim". Sultan Bahu "Mən Kəbəni öz qəlbimdə tapdım, digərləri onu Məkkədə və Mədinədə axtarmaqda davam etdiyi halda" deyərək ilahi həqiqətə mərifət yolu ilə qovuşa bilməyin mümkünlüyünü ifadə edirdi. Sultan Bahuya görə, Haqq özünü tanıtmaq istədiyi zaman Hz.Peyğəmbərin nurunu yaratmış, lahut mərtəbəsindən cəbərut mərtəbəsinə təcəlli etmiş, oradan da məlakut və nasut aləmlərində isim və sifətləri ilə özünü göstərmişdir. Mütəfəkkirə görə, lahut kök, cəbərut budaq, mələkut yarpaq və nasut meyvə kimidir.

Sultan Bahunun mistik yaradıcılığında Mövlana Ruminin ölməz fikirləri ilə səsləşən məqamlar üstünlük təşkil edir. Sultan Bahunun "Abyat" əsərində ifadə olunan düşüncələrin Mövlananın "Məsnəvi"sində irəli sürdüyü fikirlərlə uyğunluğunu müşahidə edirik. İnsan üçün ən önəmli olan mənəvi gözəllik, ruhun saflığı, mərifət Sultan Bahu və Mövlananı bir ideyada birləşdirir. Mütəfəkkirlərə görə,  mənəvi kamilləşmə insanı Allaha doğru aparır. Sultan Bahu deyir: "Mənəviyyat ən yüksək nöqtəsinə yetişdiyində, o zaman Allahdır və Allahdan başqa bir şey deyildir".

Mövlana eşqi mənəviyyatın ən yüksək zirvəsi kimi dəyərləndirirr: "Eşq dediyin ya Allahdan gəlməlidir. Ya Allah üçün olmalıdır. Ya da Allaha qovuşdurmalı, yoxsa yerlə bir olmalıdır". Mövlanaya görə, eşq Allahın dinidir: "Eşq şəriəti, bütün dinlərdən ayrıdır. Aşiqlərin şəriəti də Allahdır, məzhəbi də".

Eşq və sevginin ifadəsində mütəfəkkir şairlər və sufi mistiklər uyğun fikirləri ifadə edirlər. Mövlana Rumi deyir: "Eşq alovlandığında sevgilidən başqa hər şeyi bitirən alovdur".

Sultan Bahu üçün də eşq hər şeydən yüksəkdir və onun işığında hər şey əriyir: "Hər son mənim başlanğıcımdır. Kimsə mənim sirrimi bilməz... Mən  ilahi eşqin mesajıyam, özümü unutdum".

Mövlana Rumi və Sultan Bahu eşq yolunda çəkdikləri əzabı, ilahi sevgi uğrundakı iztirablarını sevinclə qarşılayırlar. Acı, kədər artdıqca hədəfə qovuşmağın ümidi də çoxalır. Mövlana söyləyir: "Allah ilə olduqdan sonra ölüm də, ömür də xoşdur". Digər bir misrasında mütəfəkkir şair söyləyir: "Eşq iddiaya bənzər, cəfa çəkmək də şahidə. Şahidin yoxsa, iddianı qazana bilməzsən".

Təsadüfi deyil ki, Azərbaycanın mütəfəkkir sufi şairi Füzuli deyirdi:  

Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Canı canan diləmiş, verməmək olmaz, ey del!
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Sultan Bahu isə ilahi eşq uğrundakı iztirablarını "Bədənim - ruhum usta dərzilərin məhsulları kimi parçalara bölünmüş, Hu" şəklində ifadə edirdi.

İndi dünyada Mövlana Rumi və Sultan Bahu kimi dahi şəxsiyyətlərin, mütəfəkkir şairlərin mistik təlimlərinin öyrənilməsi və təbliğinin bir çox önəmli cəhətləri vardır.

Hər iki mütəfəkkir şair insanlara Haqq sözünü söyləmiş, ilahi həqiqətləri ifadə etmişlər. Ona görə də onların əsərləri əsrlər keçsə də, oxunur, qəbul edilir və dəyərləndirilir. Mövlananın dediyi kimi: "Gözəl söylə ki, xalq əsrlər boyunca oxusun. Tanrının toxuduğu parça nə köhnələr, nə köhnələr".

Mövlana və Sultan Bahu qəlbində Allah sevgisini daşıyan bütün insanlara səslənmişlər, vəhdətə, birliyə çağırmışlar. Mövlananın söylədiyi kimi: "Eyni dili danışanlar deyil, eyni duyğuları paylaşanlar razılaşa bilər".

Mövlana və Sultan Bahu insana yüksək dəyər vermiş, onu Allahın yaratdığı gözəlliklərin aynası kimi dəyərləndirmişlər. Mövlananın yazdığı kimi: "Ey Allah kitabının nüsxəsi insanoğlu! Sən kainatı yaradan Haqqın gözəlliyinin bir aynasısan!"

Bu gün dünyanın hər yerində Mövlana Cəlaləddin Ruminin əsərləri öyrənilir, mütəfəkkir şairin irfan işığında yazılmış ölməz əsərləri dünyada humanizm, insana sevgi, birliyə çağırışın simvoluna çevrilmişdir. Urdu ədəbiyyatı, Pakistan mədəniyyətində Mövlana mürşid kimi qəbul edilir. Hər il beynəlxalq miqyasda keçirilən, Mövlana Rumiyə həsr olunmuş konfrans və tədbirlərdə dahi şairin yaradıcılığına Haqq sözü timsalında bir daha dəyər verilir.

 





28.02.2019    çap et  çap et