525.Az

Yüz minlərlə insanın narahatlığına son qoyuldu


 

İQTİSADÇI-MALİYYƏÇİ MİLLƏT VƏKİLLƏRİ PREZİDENTİN PROBLEMLİ KREDİTLƏRLƏ BAĞLI FƏRMANINI ŞƏRH ETDİLƏR

Yüz minlərlə insanın narahatlığına son qoyuldu<b style="color:red"></b>

"Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı vətəndaşlara olan sosial qayğının təntənəsidir".

Bunu "525"ə açıqlamasında iqtisadçı millət vəkili Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Fərman əhalinin rifahını yüksəldilməsi, sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin edilməsində dövlətin növbəti sosial humanizmini nümayiş etdirir.

O qeyd edib ki, dövlət başçısının fərmanı həm də çox geniş və mühüm sosial təşəbbüs kimi qəbul edilməlidir: "Fərmana əsasən, fiziki şəxslərə məxsus 10 000 dollar məbləğində xarici valyutada olan əsas kredit borclarının həlli nəzərdə tutulub. Belə ki, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarınına yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək. Yəni burada vətəndaşların banklar qarşısında olan borcların maliyyə yükünü dövlət üzərinə götürəcək. Bu, çox mühüm göstəricidir, əhalinin demək olar ki, böyük bir hissəsini əhatə edəcək. Bu, həm də dövlətin vətəndaşa olan sosial humanizminin ifadəsidir". A.Hüseynov qeyd edib ki, Azərbaycanın maliyyə imkanları yaxşılaşır, iqtisadiyyatda şəffaflığın təmin edilməsi əlavə gəlirlərimizin daxil olmasına səbəb olmaqdadır: "Təkcə 2019-cu ilin ötən bir ayı ərzində dövlət büdcəsinə plandan əlavə 85 milyon manat vergi, 20 milyon manat məbləğində gömrük daxilolmaları təmin edilib. Bu, şəffaf iqtisadiyyat quruculuğunun mühüm nəticəsidir. Dövlət həmin gəlirləri birbaşa əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, onların sosial qayğılarının həllinə yönəldir. Problemli kreditlərlə bağlı məsələnin tənzimlənməsi də bu siyasətin tərkib hissəsidir. Həmin vəsaitlər dövlət büdcəsinin vəsaiti hesabına qaytarılacaqdır ki, bu da ölkəmizin maliyyə qüdrətindən xəbər verir".

Digər iqtisadçı millət vəkili Vahid Əhmədov isə qeyd edib ki, ölkədə birinci devalvasiyadan, 21 fevral 2015-ci il tarixindən sonra əhalinin banklara olan borcunun artan hissəsi 0.27 qəpik idisə, bugünkü fərmanla onun 0.25 qəpiyi silinib: "İkinci devalvasiyadan, yəni 21 dekabr 2015-ci il tarixindən sonra artan hissə isə 0.92 qəpik olmuşdusa, onun da 60 qəpiyi silinib. Yəni Fərmanla kreditlərin borc hissəsinə dəyilmir, əsasən borcun artan hissəsinə güzəşt edirlər. Eyni zamanda, bank sisteminin sağlamlaşdırılması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasına göstərişlər verilib. Konkret olaraq, bu qurumlara 682 milyon manat və 282 milyon manat vəsait ayrılır ki, bank sistemində faiz dərəcələri aşağı salınsın. Bank sisteminin kapitallaşamsı təmin olunsun, banklar normal fəaliyyət göstərə bilsin. Burada banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısı müəyyən ediləcək. Bu siyahı müəyyən edildikdən sonra isə fərmanın icrasına başlanılacaq".

Millət vəkili Eldəniz Səlimov da öz növbəsində bildirib ki, məlum Fərman 2019-cu ilin ən böyük hadisələrindən biri, bəlkə də birincisidir: "Bu, çox tədirəlayiq və alqışlanmalı məsələdir. Bununla yüzlərlə, minlərlə ailələrin intizarına, nigarançılığına və narahatlığına son qoyuldu". Millət vəkili bir daha xatırladıb ki, problemli kreditlər məsələsi son 4 il ən çox müzakirə edilən, gündəmin ən vacib məsələlərindən biri idi. "Ötən illər ərzində də hər kəs bununla bağlı öz narahatlığını bildirir, problemin həll olunacağı günü gözləyirdi. Çünki 2015-ci ildə ölkənin bank-maliyyə sektorunda yaşananlar 21 fevral və 21 dekabr devalvasiyaları əhalinin banklara olan kredit borclarının ödənilməsində çox ciddi problemlər və sıxıntılar yaratdı. Xüsüsilə, dollarla götürülən kreditlərin ödənilməsində banklarla müştərilər, əhali arasında ciddi narazılıqlar özünü büruzə verməyə başladı. Çox təəssüflər olsun ki, bu illər ərzində problemin qarşılıqlı anlaşma şəraitində həlli istiqamətində də banklarla əhali arasında dil tapmaq mümkün olmadı. Beləliklə, problem şişə-şişə getdi və məlum duruma gəlib çıxdı. Ancaq cəmi 3 gün öncə ölkə prezidenti keçirdiyi müşavirədə bir çox vacib məsələlərlə yanaşı, problemli kreditlər məsələsinin də həllinin anonsunu verdi. Qeyd etdi ki, məsələ üzərində iki aya yaxındır iş gedir və yaxın günlərdə bu istiqamətdə addımlar atılacaq. Cəmi 3 gündən sonra, yəni bu gün ölkə prezidenti bu istiqamətdə konkret addım ataraq, problemli kreditlər məsələsinin həlli ilə bağlı tarixi Fərmanını verdi. Bu, bir daha Azərbaycan dövlətinin və dövlət başçısının öz vətəndaşının yanında, onun problemlərinin həllində daim iştirakçı və yardımçı olduğunu göstərdi. Bu, bir daha Azərbaycan dövlətinin iqtisadi qüdrətini, dövlət rəhbərinin dönməz iradəsini ortaya qoydu..." - deyə, E.Səlimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





01.03.2019    çap et  çap et