525.Az

Prezident vətəndaşların kredit problemini həll etdi


 

"PROBLEMLİ KREDİTLƏRİN HƏLLİ AZƏRBAYCAN HAKİMİYYƏTİNİN CİDDİ SOSİAL TƏŞƏBBÜSÜDÜR"

Prezident vətəndaşların kredit problemini həll etdi<b style="color:red"></b>

Azərbaycan dövləti müxtəlif kateqoriyalardan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onları narahat edən problemlərin həlli istiqamətində ardıcıl işlər görməkdədir.

Son olaraq Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə atılacaq növbəti sosial müdafiə xarakterli addımların anonsu verilmiş, ciddi sosial paket üzərində iş aparıldığı qeyd olunmuş və artıq bu qəbildən bir sıra tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmışdı. Konkret olaraq, sosial tədbirlər məcmusunun tərkib hissəsi kimi, bunadək minimum əməkhaqqı, minimum pensiya, tələbə təqaüdlərin artırıldığı bildirilmişdi. Eyni zamanda qeyd olunmuşdu ki, artımlar heç bir halda dövləti tam qane edə bilməz və bu istiqamət dövlətin yürütdüyü siyasət davamlı xarakter daşıyır.

Həmçinin, müşavirədə dövlət başçısı sosial paketin tərkib hissəsi kimi, müxtəlif həssas qruplarının sosial müavinətlərinin artırılması məsələsinin gündəmdə olduğunu bildirmiş, vətəndaşları narahat edən digər məsələ kimi, problemi kreditləri qeyd etmiş, bu məsələyə də humanizm prinsipindən yanaşıldığını və bu istiqamətdə araşdırmaların yekunlaşma ərəfəsində olduğunu diqqətə çatdırmışdı.

Müşavirədən keçən iki gün ərzində isə prezident məcburi köçkünlərin və digər həssas qruplardan olan vətəndaşlara verilən sosial müavinətlərin məbləğinin artırılması barədə sərəncamlar verib, bununla növbəti sosial müdafiə xarakterli tədbirlərə imza atıb.

Bu istiqamətdə fəaliyyətin davamı olaraq isə dünən dövlət başçısının problemli kreditlərin həlli ilə bağlı imzaladığı fərmanı xüsusi qeyd etmək olar. Prezident 900 min vətəndaşı narahat edən problemin onların xeyrinə tam həll olunmasına qərar verib və bunun üçün 700 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Sirr deyil ki, qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına öz təsirləri göstərmiş, nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləmiş, xarici valyutada borc almış vətəndaşların banklar qarşısında öhdəlikləri artmış, bu məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxalmışdı. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi isə digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb.

Bu mənada problemin optimal həlli yollarını tapmaq, bu məsələnin əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırmaq məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunub, Azərbaycan prezidentinin tapşırığına əsasən hökumət bu istiqamətdə fəal iş aparıb və təkliflər hazırlanıb. Paralel olaraq məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilib, müxtəlif təkliflər irəli sürülüb.

Nəhayət, qəbul olunan prezident fərmanına əsasən, fiziki şəxs kimi 10 min dollaradək banka borcu olan vətəndaşlar xarici valyuta ilə götürülmüş kredit məbləğinin devalvasiya yükündən azad ediliblər. Eləcə də vətəndaşların milli valyutada 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının geri qaytarılması istiqamətində ciddi güzəştlər paketi hazırlanıb və icrası qərar alınıb.

Sənəddə, həmçinin, dövr ərzində xarici valyuta ilə kredit borcunu artıq bağlayan vətəndaşların ödədiyi əlavə vəsaitin geri qaytarılması nəzərdə tutulub.

Prezidentin sözügedən fərmanının icrasına dair İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı keçirdiyi mətbuat konfransında qeyd edib ki, sənədin sosial əhəmiyyəti kifayət qədər yüksəkdir: "Fərman 900 minədək insanı əhatə edir. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan çox vəsait ödəniləcək".

Mərkəzi Bankın baş direktoru Rəşad Orucov isə "Real" TV-yə bildirib ki, məzənnə dəyişməsi nəticəsində təsirə məruz qalan, xarici valyutada krediti olan təqribən 450 minə yaxın insan bu fərmanın birinci hissəsindən faydalanacaq. O qeyd edib ki, fərmanın ikinci hissəsi isə vaxtı keçmiş kreditlərə görə 400 min nəfər borc alana şamil olunacaq.

Prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı imzaladığı sərəncam ölkə ictimaiyyətinin də yüksək rəğbəti ilə qarşılanıb.

Qeyd olunur ki, Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir

Vurğulanır ki, Azərbaycan dövləti əhalinin rifah halını yüksəltmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir, iqtisadi və institusional islahatlar həyata keçirilir, bununla da vətəndaşların yaşayış səviyyəsi yaxşılaşdırılır, yeni iş yerləri açılır, əhalinin məşğulluğunun və gəlirlərinin artması təmin edilir, yoxsulluq səviyyəsinin daha da azalması üçün işlər görülür.

Eyni zamanda bildirilir ki, problemli kreditlərin həlli vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır.

Məlumdur ki, bəzi ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülüb, lakin son nəticədə onun həlli dövlətin imkanları üçün ciddi problem yaratdığına görə, ya təxirə salınıb, yaxud da bəlli olmayan müddətə kimi uzadılıb. Azərbaycan o dövlətlərdəndir ki, burada bütün məsələlər - problemin ciddiliyi, ağırlıq yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həll üçün maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib hazırlanması, icrası və icraya nəzarət hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur. Ona görə də birmənalı demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən, problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi xarakter daşıyır.

Prezidentin fərmanını şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru, iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, devalvasiya nəticəsində yaranan fərqə güzəştin verilməsi formulası onların təklif etdiyi mexanizmdir: "Əvvəlla, güzəştdən fiziki şəxs olan vətəndaşlarımız faydalanacaqlar. Bu zaman birinci devalvasiyadək olan dövr, birinci və ikinci devalvasiya arasındakı müddət əsas götürüləcək. 2012-ci il yanvarın 1-dək 2015-ci il dekbarın 21-dək, yəni birinci devalvasiyadək olan dövr üçün hər 1 dollara 0.25 manat güzəşt hesablanacaq. Bu o deməkdir ki, birinci devalvasiyadək 10 min dollar kredit götürmüş vətəndaşın manatla krediti 7800 manat idisə, devalvasiyadan sonra bu rəqəm 10500 manatadək yüksəldi. Fərmanla birinci devalvasiyadək 10 min dollar kredit götürən vətəndaş əsas məbləğə 2500 manat güzəşt əldə edə bilər. Bununla da onun əsas borcu 10500 manatdan 8000 manatadək azaldılır".

V.Bayramov bildirib ki, birinci devalvasiya və ikinci devalvasiya arasındakı dövr ərzində götürülən kreditlər üçünsə, hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq: "Bu, 10 min dollara 6 min manat güzəşt deməkdir".

İqtisadçı alimin sözlərinə görə, fərmanla fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsiyə olunur: "Bu, faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılması anlamına gəlir".

"Sənədə əsasən, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə kreditlər veriləcək. Bu o deməkdir ki, vətəndaşlar banklardan illik 1 faizlə manatla kredit götürməklə digər öhdəliklərini ödəyə biləcəklər", - deyə V.Bayramov deyib.

Mərkəz direktoru əlavə edib ki, hər bir vətəndaşa ödəniləcək güzəştin maksimum məbləği 5 min dollar olacaq: "Bu isə o deməkdir ki, 10 min dollar kredit götürən şəxs onun yarısı qədər maksimum məbləğ olmaqla güzəşt əldə edə biləcək".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür: "Atılan bu addım vətəndaşların maddi rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq məqsədi daşıyır. Dövlət başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə xüsusi qeyd edilib ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilib, ancaq onlar icra edilməyib. İlham Əliyev vurğulayıb ki, yəni burada xoş niyyətin olması əsas şərt deyil. Əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaş üçün ən məqbul variantın seçilməsi əsasdır. Bununla yanaşı, maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Ölkə prezidenti bu inamı ifadə edib ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həll ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək".

Baş redaktor qeyd edib ki, dövlət başçısı İlham Əliyev dünən imzaladığı fərmanı ilə qeyd etdiyi yaxın gələcəyi daha da yaxınlaşdırıb: "Vətəndaşlara bəxş olunan bu sevinc, eyni zamanda, bundan öncəki qərarlar sözün əsl mənasında inqilabi qərarlardır. Azərbaycan digər sahələr kimi, sosial sahədə də təkmil təcrübəsini, liderliyini bir daha dünyaya nümayiş etdirib".

Ceyhun ABASOV

 





01.03.2019    çap et  çap et