525.Az

Mədəniyyət və mənəviyyat adamı


 

Mədəniyyət və mənəviyyat adamı<b style="color:red"></b>

Ömrün yarı yaşını, gənclik mərhələsini adladıqdan, arxada qoyduqdan sonra qarşılanan hər yuvarlaq il, yubiley mərasimi geriyə baxmaq, görülən işləri nəzərdən keçirmək, yanlış addımları, xeyirxah əməlləri dəyərləndirmək üçün taleyin insana qismət etdiyi unikal şans, qaçılmaz fürsətdir. Bu konteksdə filologiya üzrə fəlsəfə doktoru, dosent, ADMİU Sənətşünaslıq fakültəsinin dekanı, tədqiqatçı-alim Vəfa Xanoğlanın (Əliyev) həyat və yaradıcılıq yoluna nəzər saldıqda xalqa, elmə və milli mədəniyyətə sədaqətlə, fədakarlıqla xidmət edən bir cəfakeş ziyalının, mənəviyyat sevdalısının zəngin və mənalı ömür salnaməsi göz önündə canlanır.

Vəfa Xanoğlan 60 il əvvəl Füzuli rayonunun Kürdmahmudlu kəndində “Şərəf nişanı” ordenli, “SSRİ-nin maarif əlaçısı”, “Qabaqcıl maarif xadimi”, “Baş müəllim”, “Əmək igidliyinə görə” və s. müxtəlif təltiflərə, fəxri adlara, çoxsaylı mükafatlara layiq görülmüş, yarım əsr məktəb direktoru işləmiş müəllimlər müəllimi Xanoğlan Murtuza oğlu Əliyevin ailəsində – Qarabağda tanınmış ziyalılar ocağında dünyaya göz açıb. Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra tərəddüdsüz atasının yolunu – müəllimlik peşəsini seçən gənc abituriyent Bakıya gələrək sənədlərini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə verir və bu ali təhsil ocağına qəbul olunur. Universiteti bitirdikdən sonra orta məktəbdə müəllim, tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmaqla yanaşı elmi-ədəbi axtarışlara meyl salan Vəfa müəllimin tədqiqatları o zaman yerli “Araz” qəzetində işıq üzü görürdü. Ədəbiyyatşünaslığın müxtəlif problemlərinə həsr etdiyi maraqlı elmi araşdırmaları ilə ədəbi prosesə qoşulan V.Xanoğlan Xalq yazıçısı Elçinin “Tənqid və ədəbiyyatımızın problemləri” kitabı haqqında yazdığı “Ədəbiyyatşünaslığımıza yeni töhfə”, cənublu şair Səhəndin eyniadlı kitabına həsr etdiyi “Sazımın sözü”, şairə Hökümə Billurinin yaradıcılığından soraq verən “Bir də bahar gəlsə...” və digər resenziyaları orijinal deyim tərzi, məntiqli, bənzərsiz mülahizələri ilə mütəxəssislərin diqqətini cəlb edirdi.

Respublikanın nüfuzlu mətbuat orqanlarında onun cənub mövzusunda çap etdirdiyi məqalələr elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanırdı. Vəfa Xanoğlan professor Rüstəm Əliyevin rəhbərliyi ilə Cənubi Azərbaycan şairi “Həbib Sahirin poetik yaradıcılığının inkişaf yolu” adlı tədqiqat işi üzərində ciddi araşdırmalar aparırdı. Mübahisəli məsələlərdə akademik Mirzə İbrahimov, professor Qafar Kəndli, İsmayıl Cəfərpur, Hökumə Billuru və b. görkəmli ədəbiyyatşünaslar, tanınmış alimlər gənc tədqiqatçıya dəyərli məsləhətlər verirdilər. Dissertasiyada Həbib Sahirin timsalında bütöv bir dövr, Cənubi Azərbaycandakı ədəbi-mədəni mühit sistemli olaraq müqayisəli üslubda təhlil edilir, işin elmi yeniliyi yüksək qiymətləndirilərək dissertant 1985-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Vəfa Xanoğlan 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində fəaliyyətə başlayıb, sənətşünaslıq, rejissorluq və aktyor sənəti fakültələrində “Azərbaycan ədəbiyyatı tarixi” fənnindən mühazirələr oxuyur, 1990-cı ildə “Ədəbiyyat və dillər” kafedrasına baş müəllim seçilib, 1993-cü ildən isə dosent elmi adına layiq görülübdür. O müxtəlif illərdə Universitet Elmi Şurasının katibi vəzifəsində çalışıb, son on beş ildə isə sənətşünaslıq fakültəsinə rəhbərlik edir. Azərbaycan Yazıçılar Birliyinin (2004) və Teatr Xadimləri İttifaqının (2009) üzvüdür. “Kino və televiziya ssenariləri” (2011) dərsliyinin müəllifi, A.A.Bakıxanov adına mükafatın laureatıdır.

Vəfa Xanoğlanın H.Sahirin taleyindən və ədəbi-bədii irsindən bəhs edən “Hürriyyət fədaisi” adlı ilk monoqrafiyası 2000-ci ildə “Ozan” nəşriyyatında işıq üzü görüb. Cənublu şairin həsrət və həqiqət poeziyasının problemlərindən və poetikasından bəhs edən bu elmi əsər ədəbi tənqid tərəfindən maraqla qarşılanmış və layiqincə dəyərləndirilmişdir. Qədirşünaslıqla vurğulanmalıdır ki, Vəfa müəllimin böyük coşğu və sevgi ilə toplayıb müasir əlifbaya transfonoliterasiya edərək geniş ön söz yazdığı və 2004-cü ildə işıq üzü görən Həbib Sahirin “Məndən salam olsun gözəl Təbrizə” şeirlər toplusu ədəbiyyatımıza dəyərli töhfə və layiqli xidmətdir.

Onun “Sənətkar və ədəbi proses” (2004) kitabı da fədakar və istedadlı alim əməyinin məhsuludur. Kitabdakı əsərlərin əsas mövzusunu XX əsr Azərbaycan ədəbiyyatı məsələləri, Cənubi Azərbaycanda ədəbi proses, çağdaş ədəbi proses və sənətkarlıq problemləri, şəxsiyyət və zaman, teatr və teatrşünaslığın aktual məsələləri təşkil edir. Elmi məqalələr toplusunda yer alan “Azadlıq nəğməkarı”, “Bəşəri duyğular şairi”, “Azərbaycan ədəbiyyatşünaslığına yeni töhfə”, “Tənqidçinin taleyi və irsi”, “Ekran dramaturgiyasının tədqiqi”, “Mədəniyyətimizin böyük təəssübkeşi” və b. əsərlərin ümumi səciyyəsini, xarakterik xüsusiyyətini aydınlıq, konkretlik, rəvanlıq, həqiqətə sədaqət prinsipləri şərtləndirir.

V.Xanoğlanın elmi əsərlərindən söz açanda onun “Ədəbi proses və ədəbi nəsil” (“Təhsil”, 2008, Prof.N.Şəmsizadə ilə şərikli) monoqrafiyasını xüsusi vurğulamağa ehtiyac duyulur. Bu kitabda müəlliflər sovet dövrü üçün mümkün olmayan fərqli biçim, seçim və mündəricatdan faydalanmış, yaradıcı Əfəndiyevlər nəslinin ədəbiyyatımıza gətirdikləri yenilikləri mərhələlər üzrə eyni məcrada incələmiş, mövzu və janr rəngarəngliyi, sənətkarlıq xüsusiyyətləri tədqiq və təhlil edilərək obyektiv dəyərləndirmişdir.

Şübhəsiz ki, Vəfa Xanoğlanın uzun illər üzərində çalışdığı, elmi baxımdan sanballı, sistemli və əhatəli əsəri “İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti” (“Elm”, 2013, 336 səh.) monoqrafiyasıdır. Xalq yazıçısı İlyas Əfəndiyev çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin elə nadir sənətkarlarındandır ki, illər ötdükcə, zaman dəyişdikcə, yeni ədəbiyyatşünaslar nəsilləri yetişdikcə onun həyat və yaradıcılığına qayıtmaq, ayrı-ayrı əsərlərini müasir tələblər baxımından nəzərdən keçirmək ehtiyacı həmişə hiss olunacaq və zərurət duyulacaqdır. Vəfa Xanoğlanın yazdığı tədqiqat işini ilk növbədə bu konteksdə dəyərləndirmək daha obyektiv və ədalətli olardı. Həqiqətən, İ.Əfəndiyevin ədəbi irsinin sovet dönəmində və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə tədqiq edilməsi oxşar cəhətləri ilə yanaşı, fərqli məqamları ilə də seçilir. Bu fərqli cəhətləri aşkarlamaq, eyni zamanda İ.Əfəndiyevin həyat və yaradıcılığı ilə bağlı bir çox məsələləri dəqiqləşdirmək monoqrafiyanın aktuallığını şərtləndirən əsas amillərdir.

Vurğulamaq lazımdır ki, V. Xanoğlan İ.Əfəndiyevin ədəbi-bədii yaradıcılığı mövzusunda apardığı araşdırmalarını, elmi qənaətlərini, nəzəri düşüncələrini respublikamızda və onun hüdudlarından kənarda nəşr olunan nüfuzlu məcmuələrdə və toplularda mütəmadi çap etdirir. Onun monoqrafiyaları çağdaş elitar isteblişment, ədəbi-elmi ictimaiyyət tərəfindən həmişə böyük maraqla qarşılanmışdır.

Monoqrafiyanın birinci fəsildə İlyas Əfəndiyevin nəsrində milli mədəniyyət problemlərindən söz açılmış, yazıçının hekayə, povest və romanlarında mənəvi-əxlaqi dəyərlərin prioritet yer alması, xeyirxahlığın, humanizmin, sosial ədalət prinsipinin aşılanması məsələləri ciddi araşdırma predmetinə çevrilmişdir. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Sarıköynəklə Valehin nağılı” romanlarında yazıçının müasirlik və sənətkarlıq axtarışları milli mənəvi dəyərlər müstəvisində elmi-nəzəri həllini tapmışdır.

Əsərin ikinci fəslində isə İ.Əfəndiyevin bütövlükdə dramaturgiyası tədqiqat obyektinə çevrilmişdir. Tədqiqat işində “İlyas Əfəndiyev teatrı” ifadəsinin dönə-dönə vurğulanması təsadüfi deyil. Ötən əsrin 40-80-ci illər Azərbaycan teatrında İ.Əfəndiyev dramaturgiyası fərdi lirik-psixoloji yaradıcılıq üslubu, təhkiyədə konkrekliyə meyillilik tərzi, zərifliyin, gözəlliyin, lətifliyin bədii-estetik təqdimat simbiozu mühüm bir mərhələ təşkil edir. “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Şeyx Məhəmməd Xiyabani”, “Tənha iydə ağacı”, “Hökmdar və qızı” və b. səhnə əsərləri teatrın inkişafında əlahiddə rol oynadı, aktyorlar və rejissorlar nəslinin formalaşmasında sənət universiteti funksiyasını yerinə yetirdi, sovet dönəmində milli şüurun təşəkkülünə güclü təkan verdi. Bu əsərlərin ən incə məqamlarına diqqət yetirilməsi, yazıçı düşüncəsinin alt qatına, rəmzlərinə aydınlıq gətirilməsi tədqiqat işinin diqqəti cəlb edən məziyyətləri kimi dəyərləndirilməlidir.

V.Xanoğlanın tədqiqat işinin  üçüncü – sonuncu fəsli İlyas Əfəndiyevin nəzəri-estetik görüşlərinə, milli-mədəni dəyərlər məsələsinə və sosial-kulturoloji problemlərə həsr edilmişdir. Araşdırıcı ilk növbədə böyük sənətkarın milli teatrla, yeni tamaşalarla, gənc dramaturqlarla bağlı məqalələrini bir araya gətirərək yüksək peşəkarlıqla incələmiş, əsasən obyektiv qiymətləndirməyə çalışmışdır. İ.Əfəndiyevin “Yüksək səhnə əsərləri uğrunda”, “Dramaturgiyamızın bəzi məsələləri haqqında”, “Həyat yeni quruluşda”, “Gözəl tamaşalar yaradın”, “İstedad və mövzu”, “Teatr qayğıları”, “Teatr və dramaturgiya məsələləri”, “Əsəri də, tamaşanı da istedad yaradır” və b. əsərləri tədqiqat işində təhlilə cəlb edilmiş, uğurlu nəticələrə nail olunmuşdur. Bütövlükdə “İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti” monoqrafiyasının elmi-nəzəri səviyyəsi yüksəkdir və zəngin qaynaqlar, elmi məxəzlər əsasında yazıldığı üçün diqqəti cəlb edir. Müəllif bu tədqiqat işinə əsasən iddiasında olduğu kulturologiya üzrə elmlər doktoru alimlik dərəcəsini almaq üçün ilkin müzakirələri, prosedura mərhələsini uğurla keçmişdir.

Vəfa Xanoğlan dəyərli alim, istedadlı tədqiqatçı olmaqla yanaşı didaktik, konstruktiv, kommunikativ və iradi-emosional qabliyyətə malik pedaqoq, səmimi mədəniyyət və mənəviyyat adamıdır. Ümummilli lider Heydər Əliyev “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” – demişdir. V.Xanoğlan müəllim adını uca tutan, şərəfləndirən, düzlük, ədalətlilik, xeyirxahlıq, humanizm, sadəlik kimi nəcib əxlaqi keyfiyyətlərə malik, geniş erudisiyalı, dərin bilikli ziyalılarımızdandır. Cəmiyyətin ən qiymətli kapitalı olan gənc insanlarla – tələbələrlə sıx, səmimi ünsiyyət quran, onlara vətənpərvərlik və millətsevərlik hissi aşılayan, gənclərin əhatəsində olmaqdan zövq duyan təmkinli və təvazökar dostmuz Vəfa Xanoğlanın 60 yaşı tamam olur. Yubliyara çətin, şərəfli və məsuliyyətli elmi-pedaqoji fəaliyyətində müvəffəqiyyət, cansağlığı və yaradıcılıq uğurları arzulayıram.

Asif RÜSTƏMLI

filologiya elmləri doktoru,
professor

[email protected]

 





16.09.2013    çap et  çap et