525.Az

"Şairlər: divarsız dünya" şeir şöləni keçirilib


 

"Şairlər: divarsız dünya" şeir şöləni keçirilib<b style="color:red"></b>

Fevral ayı boyunca Ümumdünya Poeziya Hərəkatının təşəbbüsü ilə dünyada 145 ölkə və 384 şəhərdə "Divarsız Dünya" şüarı ilə şeir oxumaları keçirilib.
 
Bu tədbirlər çərçivəsində növbəti şeir şöləni ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Ümumdünya Poeziya Hərəkatının Asiya üzrə koordinatoru Ramiz Rövşənin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə AYB rəhbərliyi, tanınmış qələm adamları, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid bildirib ki, şair Ramiz Rövşən artıq bir neçə ildir, Ümumdünya Poeziya Hərəkatının Asiya üzrə koordinatorlarından biridir. Həmin təşkilat hər il poeziya günləri, şeir festivalları keçirir. Bu il də Ramiz Rövşənin təşəbbüsü ilə həmin şeir şölənlərindən biri Azərbaycanda gerçəkləşir. Bu şeir şöləninin "Divarsız dünya" şüarı ilə baş tutduğunu deyən R.Məcid həqiqətən də, şair hissi, düşüncəsi və təxəyyülü üçün heç bir hasarın, sərhəddin, divarın mövcud olmadığını vurğulayıb.

Sonra R.Məcid sözü və tədbirin idarəçiliyini Ramiz Rövşənə verib. Əvvəllər oxucuların şairlərlə tez-tez görüşdüyünü, bu cür poeziya günlərinin tez-tez keçirildiyini deyən R.Rövşən bu ənənənin yenidən qurulması tərəfdarı olduğunu bildirib: "Tariximiz o qədər keşməkeşlidir ki, təqvimimizdə bayramlardan daha çox kədərli günlərimiz var. Çox heyf ki, bu, belədir. Son zamanlar insanların ədəbiyyatdan, şeirdən uzaq düşdüyünü hiss edirəm. Bizim cavanlıq dövrümüzdə, tələbəlik illərimizdə universitetlərdə, məktəblərdə tez-tez şair və yazıçılarla görüşlər keçirilər, oxucularla canlı ünsiyyət yaradılardı. Çox təəssüflər olsun ki, o ünsiyyət xeyli azalıb. İndi canlı ünsiyyət sosial ünsiyyətlə əvəz olunub. İnternet, sosial şəbəkələr də lazımdır. Ancaq ədəbiyyat oxucularla qarşılıqlı münasibətdə olmalıdır".

R.Rövşən çıxışında bu yaxınlarda uşaqlar üçün iki kitabı çap olunduğunu və bu günlərdə "Sevgi açarı" adlı şeirlər kitabının işıq üzü görəcəyini də deyib: "Bu tədbir mənim yaradıcılıq gecəm, kitab təqdimatım deyil. Mənim təklifim, Yazıçılar Birliyinin də dəstəyi ilə şeir gecəsidir. İstərdim ki, burada daha çox sevgi şeirləri, müsbət auralı, pozitiv ruhlu, işıqlı poeziya nümunələri səslənsin".

Tədbirdə səslənəcək şeirlərin birincisini də elə R.Rövşən özü səsləndirib. O, yeni kitabı "Sevgi açarı"na daxil etdiyi şeirlərindən bir neçəsini oxuyub.

Daha sonra söz mərasimdə iştirak edən digər şairlərə verilib.

Şeirin, sözün hər zaman insanları öz işığına topladığını deyən yazıçı Seyran Səxavət, bu gün də belə bir görüşdən böyük məmnunluq duyduğunu ifadə edib. O, əvvəlcə Ramiz Rövşənin bir şeirini, sonra isə özünün "İlk məhəbbət, son məhəbbət" şeirini səsləndirib. Rəşad Məcid isə Vaqif Bayatlı Odərin şeirini söyləyib.

Vahid Əziz "Mənə yüz il ömür arzulamayın",  Fərqanə Mehdiyeva "Şəhərə gedir anam" və "Şəkil", Xəyal Rza "Sənin susmağın", Nuranə Nur "Oğluma", Qəşəm Nəcəfzadə "Sənin dərsin", Əjdər Ol "Elə xoşum gəlir...", Həyat Şəmi "Mənim bir sualım var", "Adını sən qoy" şeirlərini oxuyublar.

Tədbirdə iştirak edən xanım müəlliflərə işarə ilə son dövrlər qadın şairlərin sayının artmağını xüsusi vurğulayan Ramiz Rövşən bunun həm ədəbiyyatımız, həm də cəmiyyətimiz üçün sevindirici hal olduğunu söyləyib: "Son 20-25 ildə Azərbaycan ədəbiyyatında məni ən çox sevindirən nüans xanımlarımızdır. İstər şeirdə, istər nəsrdə, istərsə də ədəbi tənqid sahəsində kifayət qədər maraqlı imzalar var. Bu o demək deyil ki, xanımlarımız əvvəl istedadsız idilər, indi istedadlıdırlar. Xeyr! Bizim xanımlarımız hər zaman istedadlı olublar, şair olublar. Sadəcə əvvəllər ürəyini səmimi şəkildə açmaq, hisslərini ifadə etmək xanımlar üçün daha çətin idi. Cəmiyyət bunu heç də normal qarşılamırdı. İndi isə artıq bu cür hasar yoxdur və bunun nəticəsində çox istedadlı, dərin duyuma malik xanım şairlərimiz yetişir".

Tədbir boyunca şairlərdən Şahin Musaoğlu, Narıngül, Əsəd Cahangir, Mahir Qarayev, Dayandur Sevgin, Yusif Nəğməkar, Qılman İman, Ruslan Dost Əli, Anar Amin, Esmira Məhiqızı və başqaları şeirlərini oxuyub, bu cür səmimi şeir şöləninə görə Ramiz Rövşənə və AYB rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Sonda Ramiz Rövşən yenidən bir neçə şeirini səsləndirib.

Şahanə MÜŞFİQ

 





01.03.2019    çap et  çap et