525.Az

Yıldızlar yaratdı şəfəqlərindən


 

Yıldızlar yaratdı şəfəqlərindən<b style="color:red"></b>

Fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktor müavini, Əməkdar mədəniyyət işçisi, Hüseyn Cavid mükafatı laureatı Azər Turanın 50 yaşı tamam olur. A. Turan Bakıda, Moskvada, İstanbulda nəşr olunmuş onlarla kitabın, yüzlərlə məqalənin müəllifidir. Azər Turanın yaradıcılığı barədə müxtəlif illərdə Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Turan Cavid, Anar, Camal Mustafayev, Xəlil Rza Ulutürk, Söhrab Tahir, Məmməd Aslan, İsa Həbibbəyli, Zəlimxan Yaqub, Vaqif Bayatlı Odər, Nizaməddin Şəmsizadə, Nizami Cəfərov, Səlahəddin Xəlilov, Bəhlul Abdulla... kimi elm və ədəbiyyat xadimlərimiz fikirlərini bildiriblər.

On il öncə qələmə alınsa da, oxuculara indi təqdim olunan bu yazı isə mərhum Mehdi Bəyazidindir. “Yıldızlar yaratdı şəfəqlərindən” Mehdi Bəyazidin son yazılarındandır. Bəlkə də son yazısıdır. M. Bəyazid bu esseni yazanda Azər hələ “Cavidnamə”, “Əli bəy Hüseynzadə”, “Xalid Səid Xocayev”, “Darülmöminin”, “Alp Ər Tonqa”... kitablarını yazıb nəşr etdirməmişdi. Hüseyn Cavid əsərlərinin ilk Türkiyə nəşri hələ meydanda yox idi...

Mehdi Bəyazid

      Tanrının cəlalına min şükür, artıq mənim də dost eşqinə ilahilər oxuyub, Günəşə göndərməyimin zamanı yetişməkdədir. Ömrün o başındakı on yeddi yaşımın qara sevdası məni varılmaza göndərəndə elə bilirdim ki, gülü dirildirkən Ayı qaçırtdım — amma qaçırtmamışam, sən demə! Budur, gəlir, gəlir, mənim ruhumun ədəli-dədəli kitabları artıq Tanrı rizasıyla bir-bir gün işığına, Ay nuruna gəlir.

   

“Əbədi Turan” 

Həm sənət aləmində, həm həyatda yetərincə bizlərə böyük qardaşlıq eləmiş Vaqif Bayatlının giriş sözündəki snayper atəşindən sonra Azər Turanın bu kitabının gerçək mahiyyəti barədə əlavə söz demək mümkün deyil. Bayatlımız deyir: “Mən bu kitabı oxucu kimi başladım, quş kimi bu kitabı uçdum, sonunu ruh kimi başa vurdum”.

Kitabdakı mətnin klassik magiyası bu əsərin etiraf olunmasına artıqlamasıyla bəraət qazandırır.

Amma mən bu iftixarı sizinlə bölüşmək, bu günkü durub-toxtamış, sanballı-saytallı Azər Turan barədə yox, ayların-illərin uzaqlığında qoyduğum o yaşılca şahzadədən bəhs etmək istərdim. Sovet ideologiyasının bic doğulmuş balası vulqar sosialogizmin heç də səngimək fikrinə düşmədiyi səksəninci illərin sonunda “Gənclik” jurnalının növbəti saylarından birində pakistanlı fizik Abdus Salam barədə verilmiş material məni öz hünərli mükəmməlliyilə doğrudan-doğruya mat qoydu. Forma və məzmunun ideal harmoniyası, mətnin doğurduğu estetik həzz, mələk şəhadəti ilə ipəyə düzülmüş sözlərin qiyamət plastikası, nəhayət, Evklid sisteminin formal məntiqinə sığışmayan metafizikası ruhumu asimana qaldırdı. Bizim mənfur gerçəkliyimizin bataqlığında bu adam necə yetişə bilmişdi? Hardandı ondakı bu qaim-qədim irfanilik duyğusu? Azər Əbilov — o yaşıl budağın, yaşılca şahzadənin imzası ürəyimin başında necə həkk olundusa mən sonralar onu heç vaxt unuda bilmədim. Çünki Azərin təfəkkürünün sərçeşməsi dünəndən, srağagündən deyil, qərinələr arxasındakı yüzilliklərdən süzülüb gəlir və onun çarpıcı özəlliyində milli idrakımızın fəzilət ərkanlığı məxsusi qeyd edilməlidir ki, bu da öz növbəsində, heç şübhəsiz fitrət deməkdir – fitrət!

... Odur ki, bütün bəsirətli göstəricilərinə görə içimizdə məhz Azər birinci olaraq Əbədi Turana gedib çıxıb genetika dedikləri o qan yaddaşının mükəmməl və mükəddər zəfərini bizimlə paylaşmalıydı: “Turanlılarız, can veribən şan alırız biz”.

Bu kitab ayrılıqda götürülmüş tək adamın deyil, yox, bu kitab özünü təmkinli ləyaqətlə qurub-yaratmış orkestr – adamın işidir. Azərin yaradıcılıq təbiətinin bənzərsizliyinin ədəbi aləmdə çaşqınlıq yaratmaması üçün onun fitri qabiliyyətini düzgün səciyyələndirmək lazımdır. Azər təkcə jurnalist, təkcə publisist, təkcə ilahiyyatçı, təkcə tarixçi və tədqiqatçı deyil. Azər qələminin ucuna quzu balası kimi öz ayağıyla gələn müxtəlif elmi sahə və janrlardan yüksək professionallıqla yararlana-yararlana heç bir janrın hüdudlarında qapanıb qalmayan, üslubunun çevik və tutumlu metaforikliyi ilə istənilən bədii və qeyri-bədii informasiyaya səmavi yüngüllüklə can verməyə qabil olan, xüsusi mövcudluq modusuna arxalanan geniş diapazonlu kulturoloqdur. Məhz kulturoloq. Sonsuz yaradıcılıq təşnəsilə həmişə fundamentallığa can atan kulturoloq.

“Əbədi Turan”, böyük hesabla götürsək, insanlardan üz döndərib getmiş fövqəlbəşər poeziyanı təzədən insanlara qaytarmaq cəhdidir. Olduqca iztirablı, olduqca ağrılı cəhddir. Hüseyn Cavid əfəndimizin həyat, məhəbbət və ölüm mehvərində konsentrik çevrələr cıza-cıza dairəni gah bəşəriyyətin dansöküləninə qədər genişləndirib, gah da sırf ailə-məişət çərçivələrinədək kiçildən bu kitab içli təlatümlərinin konsentrasiyası ilə necə dərin iftixar doğursa da, eyni zamanda, öz məğzi-mahiyyətilə məni dəhşətə gətirməyə bilməzdi, çünki biz Cavid əfəndinin və Cavid əfəndilərin şəxsində təkcə ünlü sənətkarları deyil, bir daha geri qayıtmayacaq bütöv bir sivilizasiyanı, qlobal təfəkkür, möhtəşəm bir idrak sistemini qəhr edərək, zaman-zaman tarixi soysuzluğa uğraya-uğraya vaakum adamlara, vaakum mənəviyyata, vaakum cəmiyyətə çevrilə-çevrilə az qala tamam ayrı millətin donunda ruhumuzun labüd ölüm hökmünü imzaladıq — “Yaşamışkən qeyb etdim ömrümü yaşamadan!”.

   

“İrfan çobanı” 

İdrakımızın fəzilət ərkanı Azər Turan abidə kişilərimizin timsalında gələcəyimizin qapısını döyməyə çalışan müztərib və məğrur keçmişimizdən nə istəyir?

İçimdəki bütün ömrüm boyu doydura bilmədiyim acgöz canavar Azər Turanın bu növbəti kitabını da dəli ehtirasla birnəfəsə çap-çap uddu. Azərə birər-birər gələn qəzalardan küsən könlümün nə vaxtsa məsudluq barədə düşünməyi xatirimə gəlmir. Və bu kitab, bu kitab “Ürəyimə kor düyünlər çalınmış; çözəmədim, çözülməyir, sultanım!” deyə acılar acısı, nisgillər nisgili içində bəşəriyyətin əbədi ideallarına heç bir vəchlə arxa çevirməməyilə mənə şahanə bir qürur bəxş eləmiş bu zülmkar kitab – “İrfan çobanı”!

Azərin soylu bir eşq ilə yoğrulub yapılmış firavan metaforik aləmini  səciyyələndirərkən onu orkestr-adam adlandırmağım heç də səbəbsiz deyil, çünki çevrəmiz-çağımız üçün son dərəcə unikal şəxsiyyətdir Azər.

Azər Turanın bu kitabında da, ümumiyyətlə, bütün kitablarında bir personaj var ki, heç vaxt ön planda görünmür, amma o var, qanda var, şah damarda var, Azərin yediyi çörəkdə, içdiyi suda var – o, Ata surətidir. Bilmirəm, bu ehtiyat, bu nəzakət Azərin özündənmi gəlir, yoxsa atasının aristokrat – əsilzadə təbiətindənmi gəlir, nə işdisə, o kişi öz şəxsi “məni”ilə heç vaxt bəhs edilən mətnə ağırlıq salmır.

Mən Azərin kitabında Məsud Əlioğlunun İmamverdi müəllimin evində Adnan Menderes barədə dediklərini xatırlayıram – tüklərim ürpərir. Xudu Məmmədovun söhbətini yenə də atası ilə bağlı bir passajda kitabından oxuyuram, ruhum təlatümə gəlir. Emin Sabitoğlunun qırmızı sovet dövründə qapı-pəncərəni bağlatdırıb, Azərbaycan Demokratik Cümhuriyyətinin himnini pianoda çalmağını xatırlayıram...

Rəsul Rza, Xəlil Rza Ulutürk... neçə-neçə elm-irfan adamı, milli heysiyyətimizin örnək timsalları. Mən İmamverdi Əbilovun yaradıcılığı, sənətdə tutduğu yer və mövqe ilə yaxından tanış deyiləm. Lakin qeyd-şərtsiz bir şey aydından da aydındır. Əgər bu qədər korifey insanlarımız o ocağın başına yığışıblarsa, demək, sözün gerçək mənasında pir ocaqdı o ocaq. İmamverdi müəllimin gerçək portreti bu insanların döyünən nəbzi, qəlblərinin hərarəti və baxışlarındakı məhəbbətlə nəqş edilib. Bu cür atanın qarşısında şəxsən mənim baş əyməyim ilk növbədə mənim iftixarımdır – həm də sadəcə iftixar yox. Bu millət qarşısında namus borcunu ödəməyə çağıran iftixardır. Belə bir ocaqdan Azər Turan çıxmaya bilməzdi.

Azərin sənət aləminə gəlməyilə elə bil Əli bəy Hüseynzadənin, Mehmet Akif Ərsoyun, Cavid əfəndinin, İsmayıl bəy Qaspıralının, Yusif Akçuranın, hələ neçə-neçə azman kişilərin gerçək mahiyyəti yenidən dünyaya gəldi. Azər bizim itirilmiş yaddaşımız deyil, qəhr edilən mənəviyyatımızın hər ahına səs verən Eol arfamızdır. O keçmişdə dayanıb bizi həmişə gələcəkdən səsləyir. Bir dənə Ənvər paşa, yaxud Qafqaz İslam Ordusu haqqında esse, yaxud Xudu Məmmədov haqqındakı şedevr portret kifayət edərdi ki, türkçülüyümüzlə şərəf-şanımızın nədən ibarət olduğunu birdəfəlik dərk edək.

lll

...Təxminən 25 il bundan qabaq sənətin ilahi ecazları məni riyazi fizikanın, inteqral tənliklərin birdəfəlik əlindən alıb, başlı-bütünlü öz sehrinə qərq edəndən bir qədər sonra sənətdən məhz nə istədiyimi, özümü sənətdə necə görmək istədiyimi ifadə edən bir kredo-esse yazmışdım – “Torpağı vətən qılmaq sənəti. Yaxud barokko, barokko, bu lənətə gəlmiş barokko!” Həmin essedə mən qəti surətdə ədəbiyyatçı olmaq istəmədiyimi, ilk növbədə özüm üçün aydınlaşdırıb, “ədəbiyyatdan daha artıq ədəbiyyat!” – deyə fanatikcəsinə könül verdiyim işi “Torpağı vətən qılmaq sənəti” adlandırmışdım. Əlbəttə, dünyada bu cür düşünən tək mən deyildim, elə qonşumuz Böyük Rus Ədəbiyyatındakı qanadlı “Pogt v Rossii bolğşe, çem pogt”  ifadəsi də mənim əlçatmaz, ünyetməz üfüqlərdən nə istədiyimi çox sərrast ifadə edir. Azərbaycan canıma damar-damar yeridikcə bu haqq yolunda misilsiz dədələrimin nə qədər örnək timsalını gördüm və ona görə də möhtacı olduğum qüdrəti özümdən kənarda yox, elə öz qızıl çağımda axtarmağa başladım... Çünki... xırda bir fakt: doktor Cavad Heyət deyirdi ki, “bizim Cənubi Azərbaycanda ən kasıbın da evində iki şey mütləq olardı – bir Qurani-Kərim, bir də “Hophopnamə”. Olsun ki, məhz buna görə el içində məsəldir: “Sabir olmaq çətindir, şair olmağa nə var?” Həmin “Hophopnamə” sərdari-milli Səttar xanla birgə istiqlal mücadiləsində fədailərimizlə bir səngərdə döyüşüb, bir-birinin qanına bələnmişdilər. Mən hələ Gəncəli Şeyx Nizaminin qələmin ucunda şahənşah sarayı ucaldıb, onu bütöv bir kosmosa çevirməyini demirəm. Mən hələ böyük Nəsimini çarmıxa çəkib, dərisini soyandan sonra xilafət dəftərxanasındakı katibin ona bir sicilləmə lənət yağdırıb özü də bilmədən qəfil bir ehtizazla: “Amma kafərin nə gözəl şeirləri varmış” deyə bütün əsrləri yarıb gələn etirafını demirəm. Bax, elə o vaxtlarımdan, o uzaq dərbədər gəncliyimdən bəri mən Göydə Allaha, yerdə mətnin magiyasına inanıram. Budur illər keçdi, eyni inanc və etiqadın Azərin kitabında məndən daha gözəl, daha sərrast, daha vüsətli ifadəsini görəndə içim-içimə sığmadı. Ona görə bütün varlığım, bütün idrakım, bütün şərəf-şanımla israr edə bilərəm ki, nə vaxtsa bu məmləkətdə bir sənət məbədi ucaldılsa onun ön tərəfinə məhz Azər Turanın bu nadir kəlamları həkk olunmalıdır:

“Həqiqi ədəbi mətnlər onu yazan şairin qəbirüstü epitafiyasına çevrilmək haqqına sahib deyilsə, o, ədəbiyyat deyil. O şair ki, hər hansı bir misrası (hətta bir misrası) sabah öz yaradıcısının qəbir daşına yazılası bir müqəddəsliyə və əbədiliyə layiq deyilsə və bu gün onu millətin ictimai təfəkkürünün divarlarına həkk edirsə, deməli onun məşğul olduğu işin adı ədəbiyyat deyil”.

Onu da qeyd edim ki, bu sətirlər hansısa ədəbi prosesə münasibət, yaxud kiminləsə polemika zamanı deyilməyib. Bu artıq manqurtlaşmış təfəkkür üçün son dərəcə yabançı olan bir məcradan baş alıb gəlir – Ənvər Paşadan, “Turan hərbinin romantiki Ənvər Paşa”dan! Bu qiyamət və çarpıcı esse, elə birinci cümləsindən belə başlayır: “Nə üçün məhz Ənvər Paşa?” Sonra dərhal qarşı tərəfin sualını özü özünə verir: “Ədəbi simaların yerinə, ən azından Nazim Hikmət varkən, nə üçün biz ədəbiyyat adına sabahımızı Ənvər Paşadan başladıq?” Çünki – müəllif israrla bildirir: “Ənvər Paşanın ədəbiyyata çox-çox şöhrətli qələm sahiblərindən daha çox dəxli var”.

Ənvər Paşanın həm də ədəbiyyata nə dərəcədə dəxli olduğunu dərk etmək, elə Azərin bu essesində korun-korun alışıb yanan qəlbini dərindən-dərinə duymaq üçün demoqrafik bir vahid, yəni sadəcə cismən azəri türkü olmaq çox azdır, bu millətin misli görünməmiş məkrlə zaman-zaman talanıb qəhr edilmiş ruh məsələsidir, mənim dediyim “Ədəbiyyatdan daha artıq ədəbiyyat”, “Torpağı vətən qılmaq sənəti” də elə budur ki, Azərin yanğısında yenə ayların-illərin o  tayına dəyib qayıdır, budur o yanğı: “Amma təəssüf ki, Ənvər Paşanın ruhundan millət və ümmət təəssübkeşliyindən miras qalmış Azərbaycan Bakısında (Bu gün Vedibasarsız... və Qarabağsız bir Azərbaycanın tən ortasında) ədəbiyyat maskarası açıb və bu urvatsız maskaranın içərisində düşmənə gözünün üstündə qaşın var deməyə iqtidarı və təpəri belə çatmayan söz güllələrini kağıza və bir-birimizə vıyıldatmağın hətta sürrealist, hətta postmodernist... olsa belə nə qədər təslimçi, nə qədər əhəmiyyətsiz və nə qədər komprador olduğunu birlikdə düşünmürük. Və Ənvər Paşanın yaşıdları olaraq bu vecsiz ədəbi partaparta tövbə etmirik”.

Bəli, biz qələmin ucunda şahənşah sarayı ucaldıb, onu bütöv bir kosmosa çevirmək, Azərbaycan Barokkosunun yaylım atəşini dünyaya yaymaq, gəncəli şeyxlər şeyxini necə yaddaşımızda oyandırmaq üçün tarixi kimliyimizin, etnopsixologiyamızın mahiyyətindən gəlməliyik ki, bu da yenə Azər Turanın ümumiləşdirib, inad və israrla göstərdiyi həmin magistral yoldur:

“Ədəbiyyatımızın, poeziyamızın Şəbi-Hicran (Füzuli) və İrfan Çobanı (Cavid) dövrü şüuraltı yaddaşımızın dərinliyində, alt qatında uyğuya daldı. O nə zaman oyanacaq? Nə zaman oyanacaqsa, həqiqi və yalansız poeziyamız həmin zamandan etibarən yaranmağa başlayacaq”.

lll

... Azər Turan bizim məfkurə babalarımızın, millət atalarımızın, ülviyyət aydınlarımızın haqqında yox, daha çox onların haqqını yazır. Bunlar əslində millətin təməl ünsürləri, əsrləri öz məhvərində dolandıran əbədi ideallardır, böyük Yunus İmrənin dediyi idrakın məşəqqət yoludur: “Yol ər ilən yoldadı; Yolsuza yoldaş deyil!” Elə isə özü-özlüyündə tamamilə aydın olan vətəndaş comərdliyi, yəni Azər Turanın məsləki çalışmaları nə üçün bəzən qıcqırmış əsəblərlə qarşılanır? Burda məsələ təkcə Azərin gözləri tökən gur, firavan, yaxıcı istedadında deyil. (Hərçənd bu fakt, Sabirin: “Fitnə göyərir torpağımızdan, daşımızdan!” dediyi milli diaqnoz da sarsıdıcı faktdır). Elə bilirəm bu məsələnin özəyində Azər Turanın öz çalışmalarını ünvanladığı auditoriyanın milli kimliyinin nə dərəcə özgələşməsi, başqalaşması faktı durur. Misilsiz Ömər Faiqin amansız bir-bir paradoksunu xatırlayıram: “Ən böyük zalım elə məzlumun özüdür”. Bəli bu doğrudan həyatın həmin faciəli və amansız paradoksudur ki, sən məzlumu həm ictimai, həm ruhi azadlığa çıxarıb, “nəsənsə, özün ol!” deyə yüksək milli dəyərlərə sadiq qalmağa çağıranda o səni ya daşa basır, ya da...

Onun ballı-pətəkli üslubuna, Şərqlə Qərbi, şimalla cənubu bir cümlədə qəfil improvizasiya edən cümlələrinə dodaq büzənlər, sanki əsrlərin dərinliyindən gələn uzun zindan siqlətli milli kədərinin mahiyyətinə vara bilmədən üzdən şütüyüb keçərək öz manqurt təfəkkürlərini dözülməz gülünclüklə faş edirlər və vaxtaşırı mənə də tənə oxu atırlar: “Muzey qoxusu gəlir sizin bu Azər Turandan, orta əsrlərdə qalıb. Anoxronizmdir!” – “Bəli, anoxronizmdir, – deyirəm, – amma sizin düşündüyünüz kimi yox, ən azı, təyyarədə gəzən Roma papası kimi anoxronizmdir”.

Əslində isə Azər Turan bu rəzalət maskaradının səbəbini hamıdan gözəl bilir və onun sərçeşməsinin hardan baş alıb gəldiyini cərrah tişəsində yarıb göstərir: “Vahid Turan məfkurəsi olmayınca mədəniyyətin coğrafiyaya təsiri baş verməyəcək”. Və Azərbaycan xəritəsinin üzərinə həkk ediləsi, hər br azərbaycanlının şah damarına yeridiləsi, ürək parçalayan sətirləri ilə amansız faciəmizə belə təsnifat verir: “Biz Qarabağı da bu gün məhz məfkurəçilikdən kənar, əcnəbi müdaxilənin bir göz qırpımında aşındıra biləcəyi sovxa mikromədəniyyətlərin yaddaşa və dilə vurduğu amansız zərbələrin hesabına itirmişik. Biz dil birliyimizi itirmişik. Biz etnik şəcərəmizi unutmuşuq. Biz XXI yüzildə (bəli, hətta III minillikdə) etnik bütövlüyümüzün sinəsinə yeni dağlar çəkməkdən usanmırıq. Turan məfkurəçiliyinin yerinə növbəti elmi-nəzəri xanlıqlar, bəylərbəyliklər qururuq...”

Bax, budur Azər Turan. Taxsırıncaya qədər qah-qah çəkərək “ən böyük zalım elə məzlumun özüdür” paradoksunu ona tənə edənlərin şəxsində təkrar-təkrar təsdiqləmək üçün kifayət qədər gözəl və əlverişli Azər Turan.

Azərin fəzilət ərkanının ən başlıca hədəfi də elə bu milli mücadilədir.

lll

Bayaq ərz etdim ki, Azər Turan öz sarsıntılı esselərində, sadəcə olaraq bizim azman kişilərimizin portretini cızmır, onlar haqqında yazmır, onların əbədiyyət haqqını yazır. Dünya tarixində çox güman ki, Ənvər Paşa kimi fövqəladə rəşadət sahibini tapmaq mümkündür, lakin bu rəşadətin hansı zəmində püskürüb qalxması, cismani qüdsiyyətlə, ruhi ülviyyətin bu cür üzvü vəhdəti – bax budur mahiyyət, Azəri Azər edən, onu Tanrı nəzərində saxlayıb bizlərə ərməğan edən də məhz bu mahiyyətdir. Bəşəriyyətin dansökülənindən üzü bəri əsən ruzgarla gələn müqəddəs ruhları hansı möcüzəylə beynində sanki antenna kimi tutub Səlyandan Bakıya, Bakıdan da İstanbula aparan Əli bəy Hüseynzadənin köksündə çarpan o ecaz da, sadəcə ürək deyil, mahiyyətdir, – Azəri Azər edən bax, bu bəsirət gözüdür. Və bu mahiyyətin əsl adı mədəniyyətdir...

2003

 





16.09.2013    çap et  çap et