525.Az

Pakistandakı səfirimiz Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb


 

Pakistandakı səfirimiz Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb<b style="color:red"></b>

Dünən Azərbaycanın Pakistandakı səfiri Daşgın Şikarov Pakistan İslam Respublikasının yeni təyin olunmuş hərbi hava qüvvələri komandanı, aviasiya marşalı Tahir Rafik Butt ilə görüşüb.

525.az-ın məlumatına görə, vəzifəyə təyin olması münasibətilə marşalı  təbrik edən səfir, ona şərəfli xidmətində müvəffəqiyyətlər arzu edib. Görüş zamanı iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmasından, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsindən söz açılıb. Diplomat bütün bu və digər məsələlərin həllində Pakistanın ölkəmizi dəstəklədiyini qeyd edib və Azərbaycan xalqının da daim Pakistanla birlikdə olduğunu bildirib. D. Şikarov Pakistan senatı tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilməsinin Azərbaycan xalqı və rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüş zamanı Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın aspektləri müzakirə edilib.

Aviasiya marşalı Tahir Rafik Butt, 2009-cu ildə Azərbaycana rəsmi səfərinin təəssüratlarından danışıb, Azərbaycanda gedən islahatlar və ordu quruculuğu sahəsində əldə edilən uğurlardan qürur duyduğunu ifadə edib.

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı ölkəsinin Azərbaycanı Dağlığ-Qarabağ məsələsində birmənalı şəkildə dəstəklədiyini, işğalçı siyasətinə görə Ermənistanla nəinki diplomatik münasibətlər qurmadığını, hətta onu  bir ölkə kimi tanımadığını vurğulayıb. Komandan bu dəstəyin Azərbaycanın zəbt  olunmuş torpaqlarının tam azad olunacağına qədər davam edəcəyini diqqətə çatdırıb.

Pakistan müdafiə sənayesi müəssisələrində istehsal olunan silah və texnikadan bəhs edən marşal, onların cari ilin 7-11 noyabr tarixlərində Pakistanın Karaçi şəhərində keçirilməsi nəzərdə tutulan “İDEAS-2012” hərbi sənaye məhsulları sərgisində nümayiş olunacağını qeyd edib.

 

 





09.10.2012    çap et  çap et